Azərbaycanda həlak olmuş hərbçilərin və mülki şəxslərin bank borcları tam silinəcək

Azərbaycanda həlak olmuş hərbçilərin və mülki şəxslərin bank borcları tam silinəcək
Azərbaycanda müharibə zamanı həlak olmuş hərbçilərin və həlak olmuş mülki şəxslərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək. Bu barədə Azərbaycan Banklar Assosiasiyası elan edib.
Qurum bildirib ki, bu, bankların yekdil olaraq qərarıdır. Bundan başqa, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılacaq.
Eyni zamanda, şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait, yaralanmış bank işçilərinə isə üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödəniləcək.
ABA bildirib ki, Assosiasiyaya üzv banklar qəbul edilmiş qərarı "tam şəkildə" icra etməkdədir.
"Cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara banklar malik olmurlar. Buna görə də, bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər", ABA aydınlıq gətirib.

Xəbər lenti