170 min dollarlıq rüşvət qalmaqalı istintaqda — Komitə sədri susur...

170 min dollarlıq rüşvət qalmaqalı istintaqda — Komitə sədri susur...
Загрузка...

Səfər İmanov: “Eynur Kərimovdan Hicran Hüseynovanın vasitəsilə işə düzəltmək məqsədi ilə 170 min ABŞ dolları aldım” 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq aparat rəhbəri Səfər İmanovun Eynur Kərimovdan 170 min dollar alması məsələsində yeni gəlişmələr var. Məsələ böyüyüb və rüşvət qalmaqalı artıq söz davasından faktların ortaya qoyulması mərhələsinə qədəm qoyub. Eynur Kərimov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

E.Kərimovun vəkili Adəm Məmmədov “Yeni Müsavat”a deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs idarədə izahat verib: “Fevralın 17-də müvəkkilim Eynur Kərimov mənim iştirakımla 5 saat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində oldu. O, idarədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və komitənin sabiq aparat rəhbəri Səfər İmanovla bağlı 13 vərəq izahat verdi”.
Vəkil AQUPDK-nın yaydığı məlumatda ona yönəlik ittihamlara da münasibət bildirib. Deyib ki, məlumatda iddia olunduğu kimi, o və müvəkkili heç kəsi cinayətkar adlandırmayıb: “Mən açıqlamalarımda Hicran Hüseynovanı, Səfər İmanovu cinayətkar adlandırmamışam. Hüquqlarını müdafiə etdiyim şəxs onu ittiham edib. Dövlət Komitəsi adından yayılan açıqlamanı hazırlayanlara tövsiyə edirəm ki, qanunları düzgün qavrasın və mətbuatda yazılan xəbərləri düzgün oxusun”.

S.İmanov tərəfindən 170 min dollarının mənimsənildiyini iddia edən E.Kərimovun özü isə rüşvətin ötürülməsi, Hicran Hüseynova ilə tanışlığının təfərrüatlarını açıqlayıb.

“Report”a açıqlamasında deyib ki, H.Hüseynova onu atasının yubileyinə dəvət edib: “4 il bundan əvvəl Hicran Hüseynova məni atasının yubileyinə dəvətnamə ilə dəvət edib. Həmin tədbirdə Hicran xanım qarşıma gələrək, mənimlə şəxsən görüşüb. O, hətta məndən məclisdə harada oturduğumu da soruşdu. Həmin tədbirdən videogörüntülər də var. Bu il yanvarın 16-da Səfər İmanovla görüşdük. O, mənə qəbz verdi. Qəbzdə göstərilmişdi ki, ”mən Səfərov İman Bəbir oğlu 2012-ci ildə Eynur Kərimovdan Hicran Hüseynovanın vasitəsilə işə düzəltmək məqsədilə 170 min ABŞ dolları aldım. Bu pulun qaytarılmasını öz öhdəliyimə götürürəm. İmzamla təsdiqləyirəm".

E.Kərimov həmin qəbzi də fevralın 17-də prokurorluğa təqdim etdiyini deyib: “Ötən il oktyabr ayının 22-də Hicran xanımın qəbulunda olmuşam. Bu gün mətbuatda mənim dələduz olmağım haqda məlumat yayılıb. Həmin şəxslərə bildirmək istəyirəm ki, mənim iki ali təhsilim var. Heç bir məhbusluq həyatı yaşamamışam. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də saxlanılmamışam”.

Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nın Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir. Xatırladaq ki, komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə, sabiq aparat rəhbəri Səfər İmanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib: “Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər İmanovla yaxın əlaqədə olub.

Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb.

Qeyd etmək istərdik ki, dövlət komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır”.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti