''102-yə şikayət etdim, bölməyə çağırıb qandalladılar, döydülər, ruhi xəstəxanaya göndərdilər'' ''102-yə şikayət etdim, bölməyə çağırıb qandalladılar, döydülər, ruhi xəstəxanaya göndərdilər''

''102-yə şikayət etdim, bölməyə çağırıb qandalladılar, döydülər, ruhi xəstəxanaya göndərdilər''
Загрузка...
Fəxriyyə Şahverdiyeva deyir, 6-cı bölməyə onu izahat yazmaq üçün dəvət ediblər, ancaq döyərək ruhi xəstəxanaya göndəriblər.
"6-cı polis bölməsində qollarımı qandalladılar, tökülüşüb məni döydülər. Sonra da təcili yardım çağırdılar, "dəlidir, basın bunu dəlixanaya” dedilər. Məni zorla təcili yardım maşınına mindirdilər, Maştağadakı 1 saylı Ruhi-Əsəb Xəstəxanasına apardılar. Yolboyu həkimlər polislərin dalınca deyinirdilər, deyirdilər, belə şey olar, gündə birini dəlixanaya basırlar, indi bunu da qəbul eləməyəcəklər, yenə də biz qalacağıq ortada…” Şabran sakini olan və Bakıda, Biləcəri qəsəbəsində kirayədə yaşayan Fəxriyyə Şahverdiyeva Meydan TV-yə başına gələnlərdən danışır.
33 yaşlı qadın deyir, onu narahat edən telefon zəngləriylə bağlı iyulun 24-də axşam saatlarında DİN 102 xidmətinə şikayət edib. Şikayət kirayədə yaşadığı ərazi üzrə 6-cı polis bölməsinə yönləndirilib. Həmin bölmədən zəng vuraraq onu izahat yazmaq üçün oraya dəvət ediblər. Deməsinə görə, bölmədə ona fiziki zor tətbiq olunub, şəxsiyyəti aşağılanıb.
"Qollarımı qandallayıb məni döydülər”
"Sonuncu zəng axşam saat 12 radələrində olmuşdu deyə, mən də 102-yə həmin vaxt şikayət etmişdim. Bildirmişdim ki, 6-cı bölməyə ərizə versəm də, ərizəmə baxılmır, məni eyni adam narahat edir. Az sonra həyətə post-patrul maşını gəldi, polislər soruşdular ki, səni kim narahat eləyir? Dedim, ərizəm bölmədədir, araşdırsanız, narahat eləyəni bir saatin içində taparsız. Təxminən 20 dəqiqədən sonra mənə 6-cə polisdən zəng gəldi, zəng vuran adam adını təqdim etmədi, dedi, gəlib 5 dəqiqəyə izahat yazıb gedəcəksiz. Mən də düşündüm ki, evin yaxınlığıdır, uşaq da yatıb, tez gedib qayıdacam. Uşağı evdə tək qoydum, qapını açarla bağlayıb polis bölməsinə getdim. Bölmənin həyətinə girəndə mülki geyimdə olan polislər mənə gecənin bu vaxtı 102-yə ərizəyə baxılmamasıyla bağlı şikayət etməyimi irad tutdular. Onlardan yalnız birinin adını təsadüfən özlərindən eşitdim, Tural dedilər. Deyəsən təhqiqatçı idi. Üstümə qışqırdı ki, niyə gecəylə 102-yə şikayət eləmişəm. Guya gecənin bu vaxtı polisi narahat eləmişəm və sair, belə sözlər dedi. Mən də ona kobud davranışını irad tutdum. Bildirdim ki, 10 gün əvvəl ərizəylə bu bölməyə müraciət etsəm də, tədbir görülməyib deyə, həmin qadın məni təhqir dolu zəngləriylə hələ də narahat edir. Məni ən ağır söyüşlərlə təhqir etdi, dedi, sən kimsən ki, bizə işimizi öyrədirsən. Mən onlardan nəzakətli olmasını tələb etdikcə, o, daha da qızışırdı. Beş nəfər idilər. Digər polislər də onun tərəfini saxladı, beləcə, mübahisə qızışdı. Mən bölmənin həyətindən çıxdım ki, geri qayıdım. Biri küçəylə arxamca qaçdı, saçımdan tutub geriyə - bölmənin həyətinə sürüklədi. Biri qışqırdı ki, qandal gətir, bunu qandallayaq. Qollarıma qandal vurulandan sonra təhqiqatçı Tural mənə möhkəm təpiklər ilişdirdi, o birilər də sillə - qapaz, yumruq… Ayaqlarımda, qollarımda, bədənimdə hələ də döyülmə izləri var,”- qadın danışır.

işgəncə izləri
"Polislərdən biri dedi, bunu göndərək, getsin dəlixanada ağıllansın”
Fəxriyyə Şahverdiyeva deyir, bununla da polislərin ürəyi soyumayıb, onlardan biri təklif edib ki, "gəlin bunu dəlixanaya göndərək, gedib orda ağıllansın”. Fəxriyyə Şahverdiyeva sözünə davam edir: "Əvvəlcə məni maşına mindirdilər, maşına mindirəndə qollarımdakı qandalı açdılar. Harasa aparmaq istəyirdilər. Sonra qəfil fikirlərindən daşındılar, maşından düşürtdülər. Biri təklif elədi ki, gəlin bunu dəlixanaya basdıraq. Mən elə bildim ki, sadəcə, məni qorxutmaq üçün belə deyir. Gecəylə təcili yardım çağırdılar. Dedim, siz nə edirsiz, mən evdə 10 yaşında uşaq qoyub gəlmişəm. Bu, nə özbaşınalıqdır, telefonumu tələb etdim ki, yaxınlarıma zəng vurum. Bölməyə girəndə telefonumu da, evimin açarını da növbətçi hissəyə vermişdim. Təcili yardım gəldi, məni zorla təcili yardım maşınına mindirdilər, həkimlərə də dedilər, aparın bu dəlini təhvil verin dəlixanaya…
Həkimlərdən yolda tələb etdim ki, maşını saxlasınlar, məni buraxsınlar. Dedilər, bunu edə bilmərik, sizi bizə təhvil veriblərsə, biz də aparıb deyilən yerə təhvil verməliyik. Maştağadakı Ruhi-Əsəb Xəstəxanasına gətirdilər. Orda bizi qarşılayan növbətçi həkim əsəbiləşdi. Məni aparan həkimlər də deyinirdi. Xəstəxananın həkimi qəbul eləmək istəmirdi, aparan həkimlərsə deyirdi, gətirmişiksə, qəbul eləməlisiz, polisdən göndəriblər. Xəstəxananın həkimi mənə zorla iynə vurdu, nəyə görə idi, nə iynə idi, demədi. Sonra da məni ruhi xəstəylə dolu palataya saldı, dedi, başqa palatada yerimiz yoxdur, birtəhər burda səhərəcən başını saxla. Səhərə kimi evdə tək qalan qızımın fikrindən gerçəkdən dəli olmağa başlayırdım”.
"Komissiya üzvü təhqiqatçıya zəng vurdu”
Fəxriyyə Şahverdiyevanın sözlərinə görə, növbəti gün komissiyadan keçib, komissiya üzvləri onun psixi durumunu normal dəyərləndirib. Hətta bir komissiya üzvü 6-cı polis bölməsiylə də əlaqə saxlayıb:

işgəncə izləri
"Bölmədən kiminlə danışdığını bilmirəm, onu bilirəm ki, çox əsəbi idi, deyirdi, bəsdirin ağıllı adamları yığıb bura göndərdiniz. Polisdənsə həmin komissiya üzvünə demişdilər ki, o ağıllı deyil, nəşə çəkir, içki düşkünüdür. Bu dəfə qərara gəldilər ki, qanımı analiz eləsinlər. Qanım də tərtəmiz çıxdı. Buna görə də psixi durumu sağlam, qanında heç nə tapılmadı, belə bir rəy yazıb həmin saat 4-də məni xəstəxanadan buraxdılar. Mən mobil telefonumu tələb etdim, dedilər, həkimlər telefonumu xəstəxananın nəzarət yerinə veriblər. Telefonumu mənə verəndə baxdım ki, şüşəsi sınıq-sınıqdır. Xəstəxanadan çıxdım, üstümdə qara qəpiyim də yoxdur, xəstəxana yaxınlığındakı taksilərdən birinə mindim, evə gəldim, bizim evin qapısının kilidi elədir ki, çöldən bağlananda içəridən açmaq mümkündür. Uşaq qapını açdı, o qədər ağlamışdı ki, halı özündə deyildi. Mən polis bölməsinə qayıtdım, növbətçi hissədən açarları aldım”. 

Nazirə və Baş prokurora müraciət edib Fəxriyyə Şahverdiyeva başına gələnlərlə bağlı hara və necə müraciət etməli, ərizəni necə yazmalı olduğunu bilməyib. Hadisədən bir neçə gün sonra başına gələnləri bir tanışıyla bölüşəndə məsələni ictimailəşdirmək məsləhət görülüb. Paralel olaraq daxili işlər nazirinə və Baş prokurora da müraciət edib. Meydan TV Maştağadakı Ruhi-Əsəb Xəstəxanası ilə əlaqə saxlayıb. Bildiriblər ki, Səhiyyə Nazirliyinin icazəsi olmadan danışa bilməzlər. Səhiyyə Nazirliyindən sorğuya cavab verilməyib.
6-ci polis bölməsindən isə bildirilib ki, iyulun 24-dən 25-nə keçən gecə Fəxriyyə Şahverdiyeva DİN 102 xidmətinə etdiyi şikayətlə bağlı izahat alınması üçün bölməyə dəvət edilib. Ancaq bölmənin həyətində polislərə hücum çəkib, onları nalayiq sözlərlə təhqir edib, bölmənin işini pozub: "Adekvat hərəkətlər etməməsindən onun psixi durumunun yerində olmadığını ehtimal edən polis işçiləri təcili yardım dəvət ediblər. Vətəndaşın vəziyyətini aktlasdıraraq, onun psixi durumunun yoxlanması üçün ruhi xəstəxanaya göndəriblər. Fəxriyyə Şahverdiyevanın hərəkətləri protokollasdırılıb və ondan izahat alınması üçün polis bölməsinə dəvət olunub”.
Загрузка...
Загрузка...

Xəbər lenti