10 yaşlı Nərminin qətli: həbs olunan İlkin Süleymanovun ailəsi şantaj olunduğunu deyir

10 yaşlı Nərminin qətli: həbs olunan İlkin Süleymanovun ailəsi şantaj olunduğunu deyir
Загрузка...
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə şübhəli bilinən İlkin Süleymanovun əmisi onlara təzyiqlərin olduğunu və şantaj edildiklərini deyir. Bu barədə BBC News Azərbaycancaya danışan Süleyman Süleymanov iddia edib ki, onun Tovuz rayonunda polis əməkdaşı olan oğlu Murad Süleymanov işdən azad edilməsi haqda özü ərizə ilə Daxili İşlər Nazirliyinə müraciət edib, buna səbəb isə ona edilən təzyiq və şantaj olub. Daxili İşlər Nazirliyi iddiaları təkzib edib və "uydurma" adlandırıb.
Nərmin Quliyeva ötən il noyabrın 21-dən itkin düşmüşdü. 45 gün sonra - yanvarın 6-da isə onun yandırılmış meyiti qonşu İlkin Süleymanov tərəfindən evlərinin yaxınlığında tapılmışdı. İlkin Süleymanov cinayətdə şübhəli bilinərək barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq bəyan edib ki, İlkin Süleymanov "törətdiyi əməli tam etiraf edib".
"Səsini batır, İlkinə yazdırarıq ki, cinayəti Murad da bilirdi"
Süleyman Süleymanov deyir ki, oğlu daxili işlər nazirinə müraciət edib ki, "xahiş edirəm məni polis sıralarından xaric edəsiniz". "Oğlum ərizəsində yazıb ki, mənə, ailəmə və qohumlarıma göstərilən təzyiq və şantaja görə xahiş edirəm mənim polis sıralarından çıxmağım haqda sərəncam verəsiniz. Bunu Daxili İşlər Nazirliyinə, bir surətini də Tovuz Rayon Polis şöbəsinin rəisinə göndərib".
Süleyman Süleymanov deyir ki, axtarışlar zamanı İlkin Süleymanovun evinə üç dəfə daxil olub evi, hasarı, zirzəmini, məhəlləni, orada olan hər şeyi yoxlayıblar. O, yanvarın 9-dan 10-a keçən gecə İlkin Süleymanova Tovuz Rayon Polis şöbəsində "dəhşətli işgəncələr edildiyini və cinayəti boynuna götürməyə məcbur edildiyini" söyləyir.
Baş Prokrorluğun mətbuat xidmətindən BBC News Azərbycancaya bildirilib ki, cinayətdə ittiham olunan İlkin Süleymanova qarşı işgəncə hallarından "söhbət belə gedə bilməz".
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, hazırda istintaq davam etdiyi üçün bu barədə ətraflı məlumat verə bilmir, lakin qeyd edib ki, istintaq başa çatdıqdan sonra "hər şey müəyyənləşəcək".
DİN rədd edir
Süleyman Süleymanov iddia edir ki, oğluna məsələyə qarışmaması, əks halda onun da cinayətə cəlb ediləcəyi deyilib. "Murad elə bilib ki, polislərin evə girməyindən İlkingilin xəbərləri var. Sonradan əmisinə deyib ki, gecə gəldilər, sizin evə girdilər. Polis rəisi Murada deyib ki, sən səsini batır, heç nəyə qarışma, qarışsan, İlkin verdiyi ifadədə yazacaq ki, cinayəti Murad da bilirdi, bu yolla sizi şərləyib dama soxa bilərəm". Atası deyir ki, oğlunu aparıb təzyiq göstəriblər, polis vəsiqəsi ondan alınıb, paltarları laboratoriyaya yoxlamaya götürülüb. "Belə şeylərə dözə bilmədi deyə, işindən istefa verdi. Əsəbləri dözmədi", - o söyləyib.
Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, təzyiq və şantaj iddiaları "yalan və uydurmadır". "Murad Süleymanov polis sıralarından çıxmaqla bağlı ərizə yazmaq haqda düzgün qərar verib. Yəqin, onun yaxın qohumunun bu cür ağır cinayətdə şübhəli bilinməsindən sonra özünün polis orqanlarında işləməsinə mənəvi haqq görmür", - o deyib.
"Ağ yalan"
Yerli mediada Murad Süleymanovun axtarışlar zamanı İlkin Süleymanovun evinin axtarılmasına mane olduğu yazılır. Süleyman Süleymanov iddiaları qəbul etmir, deyir ki, oğlu həmin zaman hərbi hissəyə adam apardığı üçün başqa yerdə olub. "Murad sıravi polis işçisidir, zabitə göstəriş verə bilərmi ki, bizim evimizi yoxlama? Bu, ağ yalandır. Süleyman Süleymanov deyir ki, "vaxtında cinayətin üstünü açmaq üçün heç kim maraqlanmayıb, məsələ ictimailəşəndən sonra istəyirlər işin üstünü açsınlar". "İndiyədək cinayətin üstü açılmalı idi, 3 aya yaxındır ki, uşaq itib, bizim polis orqanları hələ tapa bilməyib. İlkinin üstünə atılan 100 faiz şərdir", o deyib.

Xəbər lenti