Vüqar Səfərlinin işi: Cəmi bir blok üçün beton, armatur verilmişdi

Vüqar Səfərlinin işi: Cəmi bir blok üçün beton, armatur verilmişdi
Jurnalistlərin binasında niyə parketin laminatla əvəzlənməsinə aydınlıq gətirilib
Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binalarda layihədə parket nəzərdə tutulsa da, onun əvəzinə laminat, pəncərə altlıqlarında mərmər əvəzinə plastik vurulmasının səbəbinə aydınlıq gətirilib. Binaları inşa edən "Portos” MMC-nin sahə rəisi Namiq Hacıyev noyabrın 11-də məhkəmədə bu barədə danışıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə iclasında dindirilən Namiq Hacıyev bildirib ki, 2011-ci ildən "Portos” MMC-də işləyir. O, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfər haqqında 20 milyondan artıq mənimsəmə və israfetmə ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən biridir. Lakin Namiq Hacıyev özünü qətiyyən təqsirli bilmədiyini deyib: "Mən verilən layihə, smeta əsasında işimi icra eləmişəm. Mənim vəzifəm işçilərin texniki təhlükəsizliyinin təmin olunması, iş şəraitinin yaxşılaşdırılması, keyfiyyətli tikinti aparılmasına nəzarət və s. idi”.
İstintaqdakı ifadəsini təsdiqləmədiyini deyən Namiq Hacıyevin sözlərinə görə, o ifadədəki bir sıra fikirlər ona aid deyil. Məsələn, istintaqa ifadəsində yazılıb ki, "Portos” MMC-nin əvvəlki direktoru Nadir Məmmədov, ondan sonrakı direktor Ədalət Vəliyevin (onlar da təqsirləndirilən şəxslər arasındadır) göstərişilə təmir zamanı mənzillərə parket əvəzinə laminat döşənib, daha ucuz materiallardan istifadə olunub.
Namiq Hacıyev bildirib ki, istintaqda dindirmədə bu adları çəkməyib. Daha ucuz materiallardan istifadənin səbəbini isə belə izah edib:
"Cəmi bir blok üçün bizə beton, armatur verilmişdi. O biri blok üçün verilməmişdi. Sifarişçiyə bununla əlaqədar məktub göndərildi. Dedilər ki, parketi laminatla əvəz edin, qiymət fərqinə də beton, armatur məsələsini həll eləyin. Pəncərə altlıqlarındakı mərmər məsələsini isə ustalar dedilər ki, mərmər altlıqları yerləşdirəndə çox vaxt sınır, ona görə plastik uyğun oldu. Əvəzində 17 mərtəbənin hamısında liftin kənarlarına mərmər vuruldu. Parça divar kağızlarının əvəzinə kağız oboy vurulması doğru deyil. Elə layihədə də kağız yazılmışdı. Binanın fasadına layihədə nəzərdə tutulandan xeyli çox xərc getdi. Çünki fasadın ölçüsü layihədə 5000 kvadrat az göstərilmişdi. O qədər hissənin təmirinə nə qədər vəsait lazımdır. Tikintidə belə şeylər olur. Audit yoxlamasında mütəxəssislər rəy verərkən bunları nəzərə almayıb. Biz nə qədər dedik, öz bildiklərini yazdılar”. Vüqar Səfərli və digərləri ilə əlbir olub, binaların tikintisi zamanı milyonlarla vəsaitin yeyintisində iştirakı barədə ittihamları qəbul etməyən Namiq Hacıyev bildirib ki, Səfərlini binanın açılışında görüb, onunla ünsiyyəti olmayıb.
Məhkəmədə "Portos” MMC-nin direktoru olmuş Ədalət Vəliyev də dindirilib. O bildirib ki, sadəcə, adı direktor olub, özünün jurnalistlər üçün tikilən binalardan ümumiyyətlə, xəbəri yoxdur.
Onun sözlərinə görə, heç latın qrafikası ilə oxuyub-yaza da bilmir, ona sənədlər verib, harada imza atmasını istəyiblərsə, o da yerinə yetirib: "Mən Vüqar Səfərlini ancaq televizorda görmüşəm. Heç nədən xəbərim yoxdur. Nə tenderdə iştirak eləmişəm, nə pul görmüşəm, nə də necə tikildiyini bilirəm. Nə kabinetim olub, nə də maaş almışam. Bir il neçə aysa işləmişəm, cəmi iki ay 501 manatdan maaş almışam. O 1002 manatdan başqa heç nə görməmişəm. Kəmaləddin müəllim vardı, mühasib, gəlirdim, o nə sənədlər verirdisə, qol çəkib gedirdim. Heç bilmirdim nə sənədlərdir”.
Təqsirləndirilən 11 nəfərdən ikisi həbsdədir. Bunlar 2009-2020-ci illərdə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru olmuş Vüqar Səfərli və "Portos” MMC-nin keçmiş direktoru Nadir Məmmədovdur. Ədalət Vəliyev 2017-ci ildə Nadir Məmmədovdan sonra şirkətin direktoru təyin edilib.
Təqsirləndirilən Nadir Məmmədov Ədalət Vəliyevin yalan danışdığını bildirib: "Vicdanın olsun, bu qədər yalan danışma. Sən axı direktor təyin olunmaq üçün azı iki dəfə "ASAN Xidmət”ə, Vergilər Nazirliyinə getməliydin. Kim aparıb səni? Mən 40 il işləmişəm, Qarabağ müharibəsi veteranıyam, bir maşınım yoxdur. Sən özünün də dediyin kimi, sürücü adamsan, cəmi də iki ay maaş almısansa, bəs 32 milyonu istintaq dövründə niyə və hardan ödəmisən? 63 yaşım var, ölürəm burada, Allahın olsun, vicdanla danış…”
Söhbət yeyinti nəticəsində vurulan ziyanın əvəzi olaraq, ödənilən məbləğdən gedir. Ədalət Vəliyev bildirib ki, 1 milyon vəsait ödənilib, qalan məbləğin əvəzinə daşınmaz əmlak – bina verilib. Lakin o, həmin binanın harada yerləşdiyini, formasını deyə bilməyib. Bu barədə vəkillərin suallarına "bilmirəm” cavabını verib. Məhkəmə prosesi noyabrın 12-də davam edəcək. Bu iş üzrə təqsirləndirilən şəxslər arasında jurnalist binalarının keçmiş komendantı Bünyamin İsmayılov, KİVDF-nin mühasibi olmuş Təhminə Yaqubova, "Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, "Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var. Lakin təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir.
Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. 11 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamda yazılanlarla razılaşmırlar.

Xəbər lenti