Vidadi Muradova və ailə üzvlərinə məxsus 30 milyonluq əmlaka həbs qoyulub

Vidadi Muradova və ailə üzvlərinə məxsus 30 milyonluq əmlaka həbs qoyulub
 "Azərxalça”nın keçmiş sədrinin işi məhkəməyə göndərilib
"Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri Vidadi Muradovun özü və ailə üzvlərinin adına olan 30 milyonluq əmlakın üzərinə məhkəmə qərarıyla həbs qoyulub. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı press-relizdə deyilir ki, Vidadi Muradov haqqında aylardır Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu ilin yanvarından həbsdə olan Vidadi Muradova qarşı 21 milyon 673 min manatlıq mənimsəmə və ya israfetmə, 640 min manat vergidən yayınma kimi ittihamlar irəli sürülüb. Prokurorluğun məlumatına görə, o, təsisçisi olduğu şirkətin - "Azər-İlmə” MMC-nin Bakıda yerləşən inzibati binasını "Azərxalça” ASC-yə bazar qiymətlərindən daha baha qiymətə icarəyə verib. "Azərxalça” ASC-nin xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsait yalnız formal mövcud olan, əslində isə ip satışıyla məşğul olmayan şirkətlərin hesabına köçürülüb. Sözügedən şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb yenidən "Azərxalça” rəhbərliyinə geri qaytarıblar.
"Azərxalça”nın müxtəlif bölgələrdə 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda vəsaitin mənimsənildiyi iddia olunur.
Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihamlar verilib. Onun bu ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.
"İstintaq dövründə Vidadi Muradov və ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manatlıq evlər, qeyri-yaşayış sahələri, həmçinin "Azər-İlmə” MMC-nin səhm payları və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub”, - prokurorluqdan bildirilib.
"Azərxalça”dakı yeyintilərlə bağlı cinayət işindən Vidadi Muradov haqqında iş ayrılaraq məhkəməyə göndərilsə də, digər təqsiri olanların müəyyənləşdirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq davam edir.
65 yaşlı Vidadi Muradov 2016-cı ilin martında prezidentin sərəncamıyla "Şöhrət” ordeni, 2019-cu ildə isə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Vidadi Muradovun oğlu Cavid Muradov Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

Xəbər lenti