Vəkillər Prezidentə müraciət etdi: “Eldar Həsənovun fiziki məhvinin qarşısını alın…”

Vəkillər Prezidentə müraciət etdi: “Eldar Həsənovun fiziki məhvinin qarşısını alın…”
Keçmiş Baş prokuror və səfirin yarımiflic vəziyyətdə olduğu bildirilir
Keçmiş Baş prokuror və səfir Eldar Həsənovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Dekabrın 29-da prokuror çıxış edib ona cəza istəməliydi. Lakin məhkəmə prosesi yanvarın 7-nə qədər təxirə salınıb. Onun vəkilləri dekabrın 30-da Prezident İlham Əliyevə müraciət edərək, ondan prosesə müdaxilə etməsini, Eldar Həsənovun fiziki məhvinə imkan verməməsini xahiş ediblər. Vəkillər bildirir ki, Eldar Həsənova qarşı irəli sürülmüş mənimsəmə və başqa ittihamlar 4 ay davam edən məhkəmə prosesində dağıldı: "Eldar Həsənovun əleyhinə heç bir şahid ifadə verməyib. Yaxud da istintaq vaxtı verdikləri ifadələri müstəntiqin diktəsilə yazdıqlarını bildirərək, həmin ifadələrdən imtina ediblər. Baş Prokurorluğun tapşırığı əsasında 6 aya yaxın gedən araşdırmalarda Eldar Həsənovun əleyhinə bircə sübut-dəlil aşkarlanmayıb”.
Məhkəmə prosesinin ədalətsiz, qeyri-obyektiv keçirildiyini vurğulayan vəkillərin sözlərinə görə, 4 aylıq məhkəmə dövründə müdafiə tərəfinin verdiyi 74 yazılı və şifahi vəsatətin hamısı rədd edilib:
"Dekabrın 27-də keçirilən məhkəmə iclasında məhkəmə tarixində görünməyən hadisə baş verdi. Verdiyimiz 20-dən artıq vəsatət kütləvi şəkildə, bir kəlməlik əsaslandırma olmadan rədd edildi. Ən dəhşətlisi odur ki, Eldar Həsənovun yanına həkimlərin müayinə və tövsiyə üçün buraxılması, hətta onun laboratoriya analizlərinin keçirilməsinə icazə verilməsilə bağlı vəsatətlər də rədd olunub. İki aydan artıqdır ki, Eldar Həsənovun yanına israrla heç bir həkim buraxılmır”.
Müdafiəçilər deyir ki, Eldar Həsənovun sağlıq durumu ağırdır və məhkəmə də israrla heç bir tədbir görmək istəmir. Əksinə, bu məsələdə məhkəmə məsuliyyəti Eldar Həsənovun saxlandığı yerin – DTX-nın istintaq təcridxanasının müdiriyyətinin üzərinə yıxmağa çalışır. Halbuki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 22.6-cı maddəsində məhz məhkəmənin buna icazəsi tələb olunur:
"Eldar Həsənovda paroksizmal pozision başgicəllənmə (vertiqo), xroniki gərginlik baş ağrısı, şəkərli diabet II tip, arterial hipertoniya, sağ tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbarikkulopatiya, servikal osteoxondroz, boyun və bel fəqərələrinin müxtəlif yırtıqları var. O, yarımiflic vəziyyətindədir. Bu xəstəliklərlə bağlı onun üçün nəinki ambulator, ümumiyyətlə heç bir müalicə aparılmır. Halbuki, Avropa Məhkəməsi 19 noyabr 2021-ci ildə Məhkəmə qaydalarının 39-cu maddəsinə əsaslanaraq, müvəqqəti tədbir kimi çıxardığı üçüncü qərarında Eldar Həsənovun ixtisaslı həkimlərin müvafiq hesab etdiyi ambulator və ya stasionar şəraitdə hər bir zəruri və adekvat tibbi müalicə ilə təmin olunmasını vacib sayıb”.
Vəkillər bildirir ki, elementar müalicə məsələsinin Avropa Məhkəməsi vasitəsi ilə tələb edilməsi məcburiyyətdən irəli gəlib: "Bu, bəzi məmurların Eldar Həsənova qarşı qərəzli, qisasçılıq münasibətinin nəticəsidir”.
Müdafiəçiləri xatırladır ki, Eldar Həsənov dəfələrlə məhkəmədə huşunu itirdiyinə görə yıxılıb, məhkəmə zalından xərəkdə çıxarılıb. Buna baxmayaraq, hakimlər israrla iclasları həftədə iki dəfə, üstəlik, səhər saat 10.00-dan axşam saat 18.00-a qədər aparıb. Bütün bunlar Eldar Həsənovun səhhətinin daha da ağırlaşmasına rəvac verib.
"Çox təəssüflər olsun ki, prokurorluğun tam nəzarətində keçirilən məhkəmənin bu gedişindən biz müdafiə tərəfi olaraq, hər hansı ədalətli qərar gözləmirik. Lakin Eldar Həsənovun 27 illik xidmətlərini nəzərə alaraq onun fiziki cəhətdən məhvinə yönəlmiş bu antihumanist davranışın qarşısını almaq üçün Sizdən məsələyə şəxsən müdaxilə etmənizi xahiş edirik”, – vəkillər müraciəti belə tamamlayıb.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib.
12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb. Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: "Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”. 

Xəbər lenti