“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”

“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”
 Siyasi fəalın işgəncə şikayətinə məhkəmədə baxılır
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işgəncəyə məruz qalması barədə şikayətinə fevralın 22-də Səbail Rayon Məhkəməsində baxılıb. Siyasi fəal məhkəməyə müraciətində Səbail Rayon Prokurorluğunun onunla bağlı 30 dekabr 2021-ci il tarixli qərarının ləğvini tələb edir. Söhbət prokurorluğun böyük müstəntiqi Araz Əkbərovun qəbul etdiyi "cinayət işi başlanmasının rədd olunması haqqında” qərarın ləğvindən gedir.
Prokurorluğun qərarında iddia olunur ki, Tofiq Yaqublu dekabrın 1-də Saleh Rüstəmliyə azadlıq tələbilə keçirilən aksiyada saxlanılıb, 39-cu polis bölməsinə aparılanda başını polis maşınına, bölmədə divara vurub.
Fevralın 22-də hakim Azər Tağıyevin sədrliyilə keçirilən məhkəmə iclasında Tofiq Yaqublunun vəkili Nemət Kərimli kamera görüntülərilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, prokurorluqda da eyni vəsatəti qaldırıb, Tofiq Yaqublunun Fəvvarələr meydanından polis bölməsinə necə aparılmasını, onun bölmədən nə vaxt və hansı vəziyyətdə çıxmasını əks etdirən görüntülərin əldə olunmasını istəmişdilər.
Prokurorluq da vəsatəti təmin edərək, Daxili İşlər Nazirliyinə sorğu göndərmişdi. Lakin sorğuya cavab gəlmişdi ki, istər bölmənin giriş-çıxışındakı müşahidə kameralarının, istərsə də şəhərin o hissəsindəki Təhlükəsiz şəhər kameralarının görüntülərinin verilməsi texniki baxımdan mümkün deyil. Prokurorluq da bu cavabla kifayətlənib.
Vəkil vəsatət qaldırıb ki, nazirliyin məsul nümayəndəsi gəlib, bu cavabla bağlı izahat versin. Görüntülərin hansı səbəbdən verilmədiyi aydınlaşsın. Müdafiəçi daha bir vəsatət qaldıraraq, Tofiq Yaqublunun üzərindəki xəsarətlərlə bağlı rəy vermiş ekspertin dindirilməsini istəyib. Vəkil bildirib ki, ekspert öz rəyində Tofiq Yaqublunun özünün özünə xəsarət yetirdiyini istisna etməyib. Lakin nəyə əsaslanıb bu nəticəyə gəldiyi məlum deyil: "Yazıb ki, özünə xəsarət yetirdiyi inkar olunmur. Nəyə əsaslanıb bunu yazır, Tofiq Yaqublu başını hara vura bilərdi?”
Hakim Azər Tağıyev ekspertin dindirilməsilə bağlı vəsatəti təmin edib. O, martın 10-da keçiriləcək növbəti məhkəmə iclasında dindiriləcək. Tofiq Yaqublu özü də çıxış edib, prokurorluğun cinayət işi başlanmasının rədd olunması haqda qərarının əsassız, qanunsuz olduğunu vurğulayıb.
"Necə ola bilər ki, həmin gün kameraların heç biri işləməsin? Yazıblar ki, guya məni 17.45-də bölmədən buraxıblar. O cür pik saatda mən cəmi 35 dəqiqəyə gedib Ələtə necə çata bilərdim? Texniki baxımdan mümkün deyil ki, saat 18.20-də mən Ələtdə olum. Deməli, mən 18.20-də Ələtdə olmuşamsa, bölmədən o vaxt buraxılmamışam. Prokurorluq polisləri dindirir, amma aksiya zamanı saxlanılıb bölməyə aparılmış, mənimlə eyni vaxtda bölmədə olmuş adamları dindirmir. Niyə? Əgər mən özüm özümə xəsarət yetirmiş olsaydım, dekabrın 4-də daxili işlər naziri Vilayət Eyvazov hüquq müdafiəçilərilə görüşdə mənimlə bağlı müzakirə zamanı deyərdi. Nazirə bu haqda məlumat verilərdi, o da hüquq müdafiəçilərinə bildirərdi. Hər kəs bilir ki, bu absurddur”, – Tofiq Yaqublu bildirib.
Siyasi fəal əlavə edib ki, bu məhkəmədən ədalətli nəticə gözləntisi yoxdur. Hesab edir ki, məhkəmə də sifarişlə qərar verəcək: "O qədər absurd işdir ki… Sanki mən özümün Tofiq Yaqublu olduğumu sübut eləməliyəm. Hakim "məhkəmə gedir” görüntüsü yaratmaq üçün bəzi vəsatətləri təmin edir. Əminəm ki, axırda sifariş verilən qərarı elan edəcək. Biz bu işi Avropa Məhkəməsinə aparacağıq. Başqa perspektiv görmürəm. İlham Əliyev ölkədə elə bir məhkəmə-hüquq sistemi yaradıb ki, bu sistemdə hüququn heç bir şansı yoxdur”.
Prokurorluq Tofiq Yaqublunun sosial mediada yayılan görüntülərində işgəncə əlamətlərinin olmadığı nəticəsinə gəlib. Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 (cinayət təqibini istisna edən hallar – cinayət hadisəsi olmadıqda) maddəsinə istinad edərək, siyasi fəalın şikayəti üzrə cinayət işi başlanmasının rədd edilməsi haqda qərar qəbul edib. Tofiq Yaqublu hesab edir ki, bu qərar ona qarşı işgəncənin birbaşa ölkənin birinci şəxsinin razılığı və tapşırığıyla həyata keçirildiyini sübut edir: "Bu qədər açıq şəkildə törədilmiş cinayətin ört-basdır edilməsinin bircə anlamı var: göstəriş almış adamlar Tofiq Yaqublunu rahatca öldürə də bilərlər, cəzasız qalacaqlarına əmin olsunlar”.
Daxili İşlər Nazirliyi Tofiq Yaqublunun polislər tərəfindən işgəncəyə məruz qalması haqda iddiaları təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisədən sonra verdiyi açıqlamada bildirib ki, siyasi fəalın polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.

Xəbər lenti