“Qadın yanındakı “kişi”ni itirməmək üçün cinayəti gizlədir”

“Qadın yanındakı “kişi”ni itirməmək üçün cinayəti gizlədir”
Загрузка...
"Mətbuatda azyaşlılara təcavüzlə bağlı qoyulan xəbərlər daha çox bir neçə il öncə baş vermiş hadisələrin məhkəmə proseslərinin, apellyasiyaların əsasında olan məlumatlardan götürülür. Və nədənsə bunu cəmiyyətə yeni fakt kimi sırımağa çalışırıq. Nəticə olaraq statistikanı media olaraq çox pis şişirtmiş oluruq. İki il bundan əvvəl olan hadisəni bu ilin faktı kimi vermək əslində, cəmiyyətdə qıcıq yaradır”. Bunu "Yeni Sabah”a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ölkədə azyaşlılara qarşı mövcud təcavüz hallarından danışarkən bildirib.
O düşünür ki, Azərbaycanda azyaşlılara qarşı təcavüz hallarının sayı çoxalmayıb: "İl ərzində belə faktlar 3-4 dənə olubsa, bu, bizim üçün millət olaraq faciədir. Uşaqların hüquqlarının pozulması, onlara qarşı cinayətin olması ilə bağlı böyük göstəricidir. Biz bu gün həmin faktları yaxşı olar ki, düzgün çatdıraq və onun üzərində iş aparaq. Birinci növbədə hər bir uşağa cavabdeh valideyndir. Konstitusiyada da göstərilir ki, uşağın qəyyumları uşağa məsuliyyət daşıyan, vəzifə və öhdəlikləri olan valideynləri və dövlətdir. Əgər valideyn bu gün uşağına kifayət qədər diqqət göstərə bilmirsə, onun problemləri ilə məşğul ola bilmirsə, artıq digər tərəflə – dövlətlə uşağın problemlərinin həlli istiqamətində iş aparmaq lazımdır. Amma bu gün hər valideynin o məlumatlara , xidmətlərə, alternativ yardımlara əli çatırmı? Yox. Çünki valideynlərin bir çoxu təəssüf edirəm ki, ümumiyyətlə təhsilsiz, məlumatsız, cahil, sosial şəbəkələrin hay-küyünə gedənlərdən başqa bir şey deyil. Bir cəmiyyətin üzvü olan valideyn bu gün psixoloqla psixiatrı ayıra bilmirsə, bu o deməkdir ki, o, uşağını müdafiə edəndə müəyyən çətinliklərlə qarşılaşacaq”.
K.Ağazadə valideynlərin uşaqlarını qorumağa maraqlı olub olmamasından da söz açıb: "Mən bir neçə fakt deyə bilərəm. Qadınlar var ki, uşağına qarşı birgə yaşağıdı kişinin cinsi təcavüzdən məlumatı olub, hətta şübhələnib, amma buna göz yumub, büruzə verməyib. Bu nə deməkdir? Qadın yanındakı dırnaqarası kişini əlindən verməmək üçün uşağına qarşı olan cinayəti belə ört-basdır etməyə hazırdır. Bu səbəbdən belə faktlar ortaya çıxır, onlarla iş aparılması aşağı səviyyədədir. Mən səmimiyyətimlə və heç kimdən çəkinmədən deyirəm, Azərbaycanda bu gün yeganə təşkilatıq ki, zorakılığa məruz qalmış uşaqların realibitasiyasını həyata keçiririk. Kim var, çıxsın önə, göstərsin işini. Biz konkret olaraq zorakılığın bütün formalarına məruz qalan uşaqlarla realibitasiya işini aparırıq. Bu, istər uşaq sığınacağında qalaraq, istərsə də gün ərzində gəlib getməklə, psixoloji, sosial, hüquqi dəstəyimizi göstərməklə reallaşır.
Qaldı ki, uşaqlara qarşı təcavüzlə bağlı yazılara. Bunun cəmiyyətdə böyük qıcıq yaratmamasının bircə yolu odur ki, məlumatlar araşdırıldıqdan sonra dəqiq çatdırılsın. Hansısa bir sayt digər sayta istinad etməsin. Çünki onu yazan sayt heç də düzgün məlumatlara yiyələnmir və aləm dəyir bir-birinə. Mətbuat xüsusilə uşaq mövzularında olduqca həssas olmalıdır. Bu sahədə ixtisaslaşmış jurnalistlərin sayı nə qədər çox olarsa, yaxşıdır. Təəssüf ki, bu gün manşetlərə işləyən jurnalistlər daha çoxdur”.
Загрузка...
Загрузка...

Xəbər lenti