“Prezident məsələlərə professional yanaşdı, Paşinyan isə çox çətin durumdadır”

“Prezident məsələlərə professional yanaşdı, Paşinyan isə çox çətin durumdadır”
"Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın həm diplomatik jestləri, həm diplomatik etiket normalarına riayət etməsi tam fərqli idi. İlham Əliyev məsələlərə kifayət qədər professional yanaşdı, baş verən hadisələrin hüquqi tərəflərini doğru və səlis tamaşaçı auditoriyasına çatdıra bildi. Paşinyanın danışıqlarında inamsızlıq, rabitəsizlik və ən başlıcası, hadisələrə hakim olmamaq, haqsız olduğu halda belə hüquqa hansı yerdən girmək imkanları olduqca aşağı idi. Hesab edirəm ki, bunu tamaşaçı da kifayət qədər ciddi şəkildə anladı”. Bu sözləri "Qafqazinfo”ya Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün "RİA Novosti” agentliyinə müsahibələrini şərh edərkən bildirib.
O söyləyib ki, Prezident İlham Əliyev son dövrlərdə hərbi sahədə uğurları ilə yanaşı, diplomatik sahədə də böyük uğurlar əldə edib: "Xüsusilə son 4-5 müsahibəsi - istər Fransa mediasına, istər Rusiya, istərsə də Türkiyə telekanallarına verdiyi müsahibələri diplomatik baxımdan, Azərbaycan mövqeyini və hadisələri düzgün analiz etmək baxımından olduqca səviyyəli və peşəkardır. Ən başlıcası, qalib olanda insanlara danışmaq da asan olur. Bu gün Azərbaycan tərəfi qalibdir, bu ədalətin qalibiyyətidir və hesab edirəm ki, buna görə Prezident daha sərbəst danışa bilir”.
İ. Ağazadə həmçinin ölkə rəhbərlərinə orduda muzdluların olması ilə bağlı ünvanlanan sualları da şərh edib: "İlk dəfə bu sualı E.Makron səsləndirmişdi, Azərbaycan Prezidenti də Makrona çox yaxşı cavab vermişdi ki, əgər əlinizdə faktlar varsa, təqdim edin. Doğrudan da, ikinci dəfə Makronla danışana qədər o, faktları bizə təqdim etmədi. Bu, Ermənistanın sadəcə çığır-bağır siyasətidir. Bu informasiya müharibəsində dünyanı bu prosesə cəlb etməyin analoji yollarından biridir. Amma Paşinyan isterik vəziyyətdə olduğuna görə şayiələrlə, sosial şəbəkədə yayılanlarla diplomatiya aparmağın uğursuz olduğunun fərqində deyil. Bunun üçün kifayət qədər faktaraşdırıcı missiyalar var. Ermənistanın əlində belə səhih məlumat olmuş olsaydı, mən əminəm ki, ATƏT-in, BMT-nin faktaraşdırıcı missiyalarına təqdim edərdilər. Dərhal o faktların tədqiq olunmasını istəyərdilər”.
İ. Ağazadə əlavə edib ki, Ermənistan rəhbərliyinin səsləndirdiyi həmin məlumatlar pulla dünyanın müxtəlif KİV-də lobbiçilik xətti ilə yazılan materiallardır ki, onların da heç bir hüquqi əsası yoxdur. Hər iki dövlət başçısına ünvanlanan kompromislə bağlı suallara gəlincə isə, İ. Ağazadə bildirib ki, Paşinyanın Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından əvvəl böyük bir siyasi səhvi olmuşdu, o, "Qarabağ Ermənistandır” demişdi. İndi "bu məsələlərdə kompromis nə ola bilər?” dediyində o, ya nüansları təkrar etməlidir, ya da sualdan yayınmalıdır. İkinci bir tərəfdən, Paşinyan çox çətin durumdadır. Bugünkü vəziyyətdə müharibəni dayandırsa, Azərbaycan prezidentinin də açıq şəkildə bildirdiyi kimi, işğaldan azad olunmuş ərazilərin geri qaytarılması müzakirə mövzusu ola bilməz. Hara işğaldan azad olunub, orada da dayanacağıq. Əgər hətta atəşkəs olsa belə, Paşinyan üçün bu itirilən torpaqlar – Ermənistanın indiyə qədər işğal altında saxladığı torpaqların və Erənistan ordusunun itkiləri deməkdir. Bütün bunların hamısı çox böyük hakimiyyət böhranı yaradacaq”.
İ. Ağazadənin sözlərinə görə, müharibə aparan ölkələrdə əvvəlcə psixoloji, sonra hərbi, siyasi və hakimiyyət böhranı yaranır. Əgər Paşinyan tərəfindən atəşkəs elan olunsa və masa arxasına güzəştlər üçün otursa, Ermənistanda hakimiyyət böhranı başlayacaq.Yəni, böhran özünün son fazasına keçəcək:
"Ona görə də Paşinyan atəşkəsin elan olunmasında maraqlı deyil. Daha çox xarici qüvvələri cəlb etməyə çalışır ki, bu proses bitsin. Paşinyan daha çox indiyə qədərki dövrdəki hərbi hazırlıqları, hərbi qüvvələrin işləməməsini, başqa dövlətlərə işləyən, hətta tabe olmayan hərbçilərin olması barədə kifayət qədər fikirlər söyləyir ki, məğlubiyyəti hərbçilərin üzərinə yazıb siyasi hakimiyyəti bu prosesdən çəkindirə bilsin. Nəzərə alaq ki, Rusiyanın Cənubi Qafqazdan çıxma məsələsində Qərbin də maraqları var. Onlar da Rusiyanın Cənubi Qafqazdan çıxmasında, post-sovet ölkələrinə nəzarəti itirməsində maraqlıdırlar. Belə olan təqdirdə, Paşinyan Rusiya meyilli olmadığına görə, onu ayaqda saxlayan qərb dairələri olduğuna görə, onların da Paşinyan üzərində başqa təpkiləri ola bilər ki, bu barədə danışmaq hələ tezdir. Qələbədən sonra bu barədə danışmaq rahat olacaq”.
İ. Ağazadə Prezidentin itkilərlə bağlı sualı cavablandırarkən mövqeyini təqdir etdiyini deyib. O qeyd edib ki, biz torpağımızı işğaldan azad edirik, biz işğalçını ölkəmizdən qovuruq. Bizim hətta ən yüksək səviyyədə itkilərimiz də ola bilər, bir şərtlə ki, torpaqlarımızı işğaldan azad edə bilək:
"Kim öz xoşu ilə torpaqlarımızdan çıxacaq? 26 il danışıqlar aparıldı və çıxmadılar, nəticə gəlib müharibəyə dirəndi. Müharibə isə ölüm deməkdir, itki deməkdir. Ağlamaqla məşğul olmamalıyıq. Allah şəhidlərimizə rəhmət eləsin. Mən də şəhid ola bilərəm, övladım da, başqaları da şəhid ola bilər. Müharibə bitəndən sonra o şəhidlərin ruhu şad olsun deyə, birlikdə qələbəni qeyd edəcəyik və müharibədən sonra itkilər rəsmi qaydada bildiriləcək. Müharibə getdiyi bir vaxtda itkiləri sayıb bu qədər yüksək olan əhval-ruhiyyəni aşağı salmaq olmaz. Qələbəmiz itkilərimizdən qat-qat üstündür. Atatürkün dediyi kimi, bu cavanları doğan analar var, amma Çanaqqalanı doğan ana yoxdur. İndi Kəlbəcəri, Şuşanı da doğacaq ana yoxdur. Hər birimizi doğacaq analar var...”
Ermənistan Baş nazirinin orduda itkilərlə bağlı suala mahiyyəti üzrə cavab verə bilməməsinə gəlincə isə, İ. Ağazadə bildirib ki, Paşinyan bu gün böhran keçirir. Məğlub olanda isə belə suala cavab vermək çətindir: "Ermənistanda böhran siyasi fazaya keçir. Bu tipli məsələlərə toxunmamağı bir az da onun haqqı idi”.

Xəbər lenti