Polkovnik “Memati” ilə qara maskalıların evə basqını: müstəntiqin mənzilində ceyran və keçi fiqurları, şir başı...

Polkovnik “Memati” ilə qara maskalıların evə basqını: müstəntiqin mənzilində ceyran və keçi fiqurları, şir başı...
"ELDAR MAHMUDOV VƏ 40 QULDUR” SERİYASINDAN, YENİ TƏFƏRRÜATLAR
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, həmin idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun işi üzrə Bakı Hərbi Məhkəməsində proses davam edir. Bu məhkəmə prosesi qapalı keçirilir. virtualaz.org-un xəbərinə görə, keçmiş MTN-çilərin cinayət işi üzrə 32 nəfər zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmişlərdən biri - Zaur Əliyev (uzun müddət prokurorluq orqanlarında çalışıb, hazırda təqaüddədir - criminal.az) istintaqa verdiyi ifadəsində deyib ki, 2010-cu ilin martında insult keçirdiyinə görə xəstəxanaya yerləşdirilmişdi. 15 gün Neftçilər Xəstəxanasında stasionar müalicə alıb. Xəstəxanadan evə buraxıldıqdan sonra tanışı Arif Salahov ona zəng vurub, Sverdlovskdə yaşayan Elman adlı şəxsin əntiq əşyalar almaq istədiyini deyib.
"Sante Max” MMC-nin sahibi Əhməd Mirzəyevdə belə əşyalar olduğunu, həmin əşyalara baxmaq istədiklərini bildirib. 

Mövlam Şıxəliyev
Mərmərdən yonulmuş balta, MTN-nin agenti Salahov və qara maskalılar
"Mən də onları evimə dəvət etdim. Əhməd Mirzəyevə də zəng vurub dedim ki, əntiq əşyalarla maraqlananlar var. Dedi ki, işim var, əşyaları sürücü ilə göndərərəm. Bir qədər sonra sürücü özü ilə mərmərdən yonulmuş balta gətirdi”, - zərərçəkənin ifadəsində deyilir.
Həmin gün axşam saat 18:00 radələrində A.Salahov əşyalara baxmaq üçün Rövşən adlı şəxslə birgə Z.Əliyevin evinə gəlib. Təxminən bir saat sonra özlərini MTN-nin Antiterror Mərkəzinin əməkdaşları kimi təqdim edən səkkiz nəfər qara maskalı onun yaşadığı evə basqın edib, evdə axtarış aparıblar. "Arif Salahovun əslində MTN-nin adamı olduğunu, yanındakı şəxslə birgə şərti alıcı qismində gəldiyini sonradan bildim”, - Z.Əliyev deyir. 

Z.Əliyev ifadəsində göstərib ki, Antiterror Mərkəzinin əməkdaşları bir ay əvvəl Ə.Mirzəyevin sürücüsündən 1500 dollara aldıqları ceyran fiqurunu, həmçinin nazirliyin əməkdaşlarının özləri ilə gətirdikləri qızıldan hazırlanmış keçi fiqurunun və şir başı formasındakı qədəhin onun mənzilindən aşkarlanması ilə bağlı protokol tərtib edərək götürüblər.
Polkovnik "Memati”-həmin İlqar Əliyev?
Zərərçəkən bildirib ki, həmin qara maskalılara MTN-nin Antiterror Mərkəzinin rəis müavini rəhbərlik edirdi. "Adını bildirməsə də, özünü mərkəzin rəis müavini kimi təqdim edərək polkovnik "Memati” olduğunu söylədi. Axtarış aparıldıqdan sonra "Memati” ilə evdə çay da içdik. Qayınatam Mirbala Əliyev də bizə gəldi. Bir qədər söhbət etdikdən sonra nazirliyin əməkdaşları getdilər”, - Z.Əliyev bildirir. 

Qeyd: MTN-nin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev olub və o, Eldar Mahmudovun kriminal bandasının dağıdılmasının ardınca həbs edilib, bir müddət sonra təcridxanada intihar edib.
Zərərçəkmişin ifadəsinə görə, şənbə və bayram günü olmasına baxmayaraq, martın 27-də Rövşən adlı şəxs zəng vurub onu MTN-ə çağırıb. Səhər saatlarında MTN-ə yollanan Z.Əliyev giriş qapısının yanında Ə.Mirzəyevin sürücüsü ilə rastlaşıb. Sürücü ona həm özünün, həm də Ə.Mirzəyevin MTN-ə çağırıldığını deyib.
Şöbə rəisi Təhsin Ağayev məbləği deyir: 200 min manat!
Təxminən bir saatdan sonra Z.Əliyevlə sürücünü nazirliyin binasının üçüncü mərtəbəsinə qaldırıblar: "Məni Təhsin Ağayev adlı şöbə rəisi qəbul etdi. Dedi ki, Əhmədlə əlbir olub qaçaqmalçılıq etmişiniz. Barəmdə cinayət işinin başlanmaması üçün 200 min manat verməli olduğumu dedi. Razırlaşmadım və elə yanımdaca Antiterror Mərkəzinin rəis müavininə zəng vurub cinayət barədə materialları istintaqa göndərməyi tapşırdı”.
Z.Əliyev MTN polkovnikinə Ə.Mirzəyevlə görüşüb istənilən pulla bağlı "razılaşmağı” xahiş edib. T.Ağayev isə cavabında "onun yükü səninkindən xeyli ağırdır” deyib. Xeyli çək-çevirdən sonra Z.Əliyev ondan tələb olunan pulu verməyəcəyini bildirib. Bundan sonra onu müstəntiq Elşən Murtuzovun otağına aparıblar. Bir qədər sonra T.Ağayev otağa gəlib, toplanmış materialları E.Murtuzova verib və cinayət işi başlanması haqda qərar yazmağı tapşırıb.
Bundan sonra Z.Əliyevin ifadəsi alınıb, Ə.Mirzəyevlə üzləşdirilib. 

"Üzləşmədə Təhsin Ağayev də iştirak edirdi. Elşən Murtuzov hətta ifadəmi aldıqları və istintaq qrupunun yaradılması barədə qərarı Təhsin Ağayevin adından yazdı. Elşən Murtuzov məndən pul istəmədi. Həmin gün şübhəli şəxs kimi tutuldum”, - o deyir.
"Qanun naminə” filmindəki Murtuzovu xatırladan müstəntiq Murtuzov: "Rəis sanatoriyaya gedir, pulu tez çatdırmaq lazımdır...”
Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Səbail rayon məhkəməsinə gətirilən Z.Əliyev huşunu itirib, vəziyyəti pisləşib, Müalicə Müəssisəsinə köçürülüb, iki aya kimi orada müalicə olunub. İyun ayının 5-də isə MTN-in istintaq təcridxanasına etap edilib:
"Müstəntiq Elşən Murtuzovun otağında Təhsin Ağayev məni qəbul etdi. Dedi, sənə hörmət edirik, nazir Eldar Mahmudovun göstərişidir, 100 min manatdan aşağı pul qəbul etmirik, 100 min manat gətir, barəndə seçilmiş həbs-qətimkan tədbirini dəyişək”. 

Uzun çək-çevirdən sonra Z.Əliyev 100 min manat deyil, 100 min dollar verməyə razılaşıb. ( O zamankı məzənnə ilə 100 min dollar 78 min manat idi,-red.) Çıxılmaz vəziyyətdə qaldığından təcridxanadan həyat yoldaşı Samirə Əliyevaya məktub yazaraq 100 min dollar tapıb T.Ağayevə verməyi tapşırıb.
Z.Əliyev deyib ki, T.Ağayev ona iyunun 19-a kimi vaxtı olduğu, Mövlam Şıxəliyevin sanatoriyaya gedəcəyi, o vaxta kimi pulu çatdırmağın lazım olduğunu, yoxsa bütün yayı təcridxanada qalacağı haqda xəbərdarlıq edib.
Təhsin Ağayev pulu götürmək əməliyyatını hazırlayır
Zərərçəkən ailə üzvlərinə yazdığı məktubu vəkili vasitəsilə evinə göndərib. Z.Əliyev ifadəsində bildirir:
"Vəkilin həmin məktubun məzmunundan xəbəri olmayıb. Məktubu həyat yoldaşıma çatdırıb. Qayınatam Mirbala Əliyev öz qohumundan 30 min manat borc alıb, 30 min də özü əlavə edib, evdə olan 20 min manat da həyat yoldaşım verib, ümumilikdə 80 min manat toplanıb. İyun ayının 17-də Təhsin Ağayev məni xidməti otağına gətizdirdi. Həmin gün görüşə hər hansı qohumumun gəlib-gəlməyəcəyini soruşdu. Çünki həftənin cümə axşamı mənə təyin edilmiş görüş günü idi. Görüş deyəndə yanıma gələn qohumla üzbəüz görüşmək deyil, yalnız idarənin əməkdaşları vasitəsilə nəsə paltar, ərzaq almaq, məktub çatdırmaq imkanı nəzərdə tutulurdu. Təhsin Ağayevə qaynım Mirəli Əliyevin gələcəyini dedim. Ev ünvanımızı, yaxınlıqda kənar şəxslərin az hərəkət etdiyi yerin olub-olmadığını soruşdu. Evimizdən təxminən 50 metr aralıda yol kənarında zibil qutularının olduğu yeri dedim”. 

Z.Əliyevin ifadəsinə görə, MTN polkovniki ona həyat yoldaşı S.Əliyevanın həmin yerdə tələb olunan pulla birlikdə gözləməyi, pulu götürmək üçün oraya adam göndərəcəyi barədə qaynına xəbər verməyi tapşırıb.
”Qaytarılan pal-paltarın içərisində arvadıma məktub yazıb qoydum, qaynıma verdim. Həmin gün gecə saat 12-də zibil qutularının yanında Təhsin Ağayevin göndərdiyi adamı gözləməli və pulu ona təhvil verməli olduğunu yazdım. Həyat yoldaşım 100 min dolları (80 min manat) gecə saat 1-də qardaşı Mirəli ilə birgə "Təzə bazar”ın arxa qapısının qarşısında Təhsin Ağayevin göndərdiyi şəxsə verib. Həmin şəxs oraya ağ rəngli "Mercedes Benz” markalı avtomobillə gəlib”, - Z.Əliyev bildirib.
Yenə həmin Murtuzov və MTN-nin əmrləri ilə işləyən məhkəmə sistemi
Zərərçəkmişin ifadəsinə görə, ertəsi gün onu Elşən Murtuzov otağına dəvət edib. Orada T.Ağayev oturmuşdu və pulun çatdığını, hər şeyin qaydasında olduğunu, sabah səhər evə buraxılacağını deyib.
"Dedi, narahat olmayın, sizə məhkəmədə yüngül xərclə şərti cəza veriləcək, bununla bağlı birbaşa nazir özü tapşırıq verəcək. Məhkəmədə nəsə demək üçün Təhsin Ağayevdən qaçaqmalçılıq cinayəti barədə, yəni nə vaxt kim tərəfindən törədilməsi, həmin əşyaların kim tərəfindən Azərbaycana keçirilməsini soruşdum. O, da gülərək buna ehtiyac olmadığını, işin məhkəmədən keçəcəyini dedi. Məni Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin yanına apardı. Təhsin Ağayevin tapşırığı ilə həmin məbləği alıb məni həbsdən azad etdikləri üçün Mövlam Şıxəliyevə minnətdarlığımı bildirdim”,-Z.Əliyev deyir. 

Ertəsi gün Z.Əliyevə müdafiəçisinin vəsatəti əsasında məhkəmə-tibbi ekspertizası təyin edilib: "Xəstə olduğuma görə həbsdə saxlanıla bilməyəcəyim barədə rəy alındı. Ertəsü gün barəmdəki həbs qətimkan tədbiri müstəntiq Elşən Murtuzovun qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə dəyişdirildi, həbsdən azad olundum”.
Bundan sonra isə Z.Əliyevin, Əhməd Mirzəyevin və sürücüsü Arif Allahverdiyevin barəsindəki cinayət işi məhkəməyə göndərilib. Hər üç şəxsə şərti cəza təyin edilib...

Xəbər lenti