Ordumuzun müasir hərbi texnikalarından həsədlə danışırlar...

Ordumuzun müasir hərbi texnikalarından həsədlə danışırlar...
Azərbaycan Ordusu işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin canlı qüvvə və hərbi texnikasını məhv etməyə davam edir. Dünən Prezident İlham Əliyevin elan etdiyi Zəngilan şəhəri və rayonun kəndləri isə bu qələbə xəbərlərinə və xalqın sevincinə yeni bir rəng qatdı. "Qafqazinfo” xəbər verir ki, Azərbaycanın bu gün cəbhədəki uğurları illər öncə əldə edilən diplomatik əlaqələrin, iqtisadi inkişafın və siyasi təcrübənin nəticəsidir. Bu proseslərə isə dövlət başçısı İlham Əliyev rəhbərlik edib. Bugünkü hərbi uğurların mənbəyində Ali baş komandan İlham Əliyevin rolu – həm siyasi, həm hərbi, həm diplomatik, həm iqtisadi sahədə düşünülmüş siyasəti dayanır.
Azərbaycan illər ərzində öz torpaqlarını azad etmək üçün diplomatik səylərlə yanaşı, müharibəyə də hazırlıq görüb. Çünki ölkə rəhbərliyi səviyyəsində mütəmadi olaraq bəyanatlar verilib ki, Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək istəyir. Danışıqlar masasında isə hər hansı pay verməkdən söhbət gedə bilməz. İlham Əliyevin bütün danışıqlar masalarında Ermənistana torpaq güzəşt etməməsi dövlət başçısının qətiyyətli siyasətçi olduğuna sübutdur. Azərbaycan dövləti Cabir Novruzun sözləri ilə desək, "Vətəndən pay olmayır” ifadəsini özünə sloqan edib.
Bu gün Azərbaycan Ordusu döyüşlərdə bütün dünya ölkələrinə, hətta hərbi sənayesi inkişaf etmiş böyük dövlətlərə belə müharibə tarixi dərsi keçir. Ötən on illər ərzində Azərbaycan dövlət büdcəsindən 2-3 milyard manat hərbi büdcəyə ayrılırdı. Bununla da Azərbaycan Ordusu sıralarında qulluq edənlərin peşəkarlaşması və müasir silahların alınması təmin edilirdi. Bu illər ərzində Azərbaycan müharibəyə hazırlıq üçün diplomatiya sahəsində uğurlara imza ataraq möhkəmləndirmə işləri apararkən bəzi şəxslər və özlərini ekspert kimi təqdim edənlər illər boyu "hərbiyə xərclənən milyardlar hanı? Nəyə lazımdı? Texnika almışdıq, hanı?” və digər isterik suallar verirdilər.
Bu gün həmin suallara cavabı Azərbaycan Ordusu döyüş meydanında, Prezident İlham Əliyev isə xalqa müraciətindəki şad xəbərlərlə tribunada verir. Bu gün Azərbaycanın istifadə etdiyi müasir silahlar, dronlar və digər hərbi texnikalar barədə müxtəlif ölkələrin mütəxəssisləri və rəsmiləri həsədlə danışırlar. Elə bu silahları üzərində tətbiq etdiyimiz düşmən də artıq etiraf etməyə başlayıb.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan döyüşləri şərh edərkən deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki üstünlüyü də var: "Bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib. On iki dəfə çox, başa düşürsünüzmü, bu nədir? Bu müharibə tarixində, demək olar, heç vaxt olmayan və ya çox nadir hallarda olan şeydir. Hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə olunur. Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük. Hər iki tərəfdən bütün mexanizmlər uyğun gəlmir, lakin yüksək texnologiyalar seqmentinə böyük diqqət yetirilib”. Azərbaycanın ərazi bütövlüyü barədə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi. Bundan sonra Azərbaycan bu sənədlərə və xalqın iradəsinə güvənərək torpaqları işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan illər ərzində işləməyən BMT qətnamələrini özü icra etməyə başladı. Burada da Azərbaycana qarşı ikili standartlar özünü göstərdi.
BMT 28 il ərzində özünün qəbul etdiyi və icrasının məcburi olduğu sənədi həyata keçirə bilmədi. Amma Azərbaycan Ordusunu artıq beynəlxalq təşkilatların bu ayıbını örtməyə başlayıb. Bu gün Azərbaycan əsgəri BMT-nin qətnamələrini, baza prinsiplərini özü icra edir. Bazar prinsiplərində ilk mərhələdə 5 rayonun Azərbaycana qaytarılması təklif edilirdi. Amma Azərbaycan Silahlı Qüvvələri artıq işğal altında olan 4 rayonun əksər kəndlərini işğaldan azad edib.
Azərbaycan özü qətnamələrin icrasını həyata keçirərək dünyaya öz gücünü göstərir. Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurlar artıq Ermənistanı daxildən də sarsıdıb. Ordunun dağılması, 2 milyard dollardan çox hərbi texnikanın məhvi, minlərlə əsgərin həlak olması, nizamsız ordunun yarıtmazlığı, canlı qüvvə çatışmazlığı, qocaların və qadınların döyüşə cəlb edilməsi Ermənistan daxilində xaos yaradıb. Özünü "Dağlıq Qarabağ Respublikası” adlandıran qondarma qurumun separatçı "rəhbərləri" ilə Ermənistan müdafiə nazirliyinin fərqli açıqlamaları, Paşinyanın "Qarabağ klanı” və daşnaklarla gizli görüşləri göstərir ki, artıq Nikol Paşinyan ölkəyə nəzarəti itirib. Beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan diplomatiyasının uğursuzluğu, Azərbaycanın isə uğurudur. Azərbaycanın rəhbəri İlham Əliyevin strateji baxışı və müəyyən etdiyi yol xəritəsi əsasında və sayəsində Azərbaycanın bütün sahələrdə uğurları davam edəcək.

Xəbər lenti