MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”

MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
İş üzrə sədrlik edən hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına imkan vermir. Hər dəfə bir bəhanə gətirib jurnalistlərin məhkəmə zalına buraxmır. Zərərçəkən Elvar Əliyevin ifadəsi üzrə şahid qismində Elman Əhmədov ifadə verdi.
"Sədərək” bazarında sahibkarlıqla məşğul olan Elman Əhmədov bildirdi ki, onun da həbsini Çingiz Ağayev sifariş edib:
-Mənim heç bir cinayətim yox idi. Özləri də bunu gözəl bilirdilər. Sadəcə Elvar Əliyevə mal verdiyim üçün Çingiz Ağayevin qəzəbinə tuş gəlmişdim. Elvar Əliyev Çingiz Ağayevlə işləməkdən imtina edəndən sonra o, məndən mal istədi. Mən də Elvara mal verirdim. Çingiz Ağayev də xəbər göndərdi ki, Elvarla işləmə, yoxsa sənin üçün pis olacaq. Mən də dedim ki, mən malımı satıram, kiminsə sifarişini icra eləmirəm. Bundan sonra Çingiz Ağayev Elvarın da, mənim də, Elvara mal verən dostlarımızın da həbsini Mövlam Şıxəliyevə sifariş elədi, həbs etdirdi. Heç bir cinayətim olmadan məni 3 ay MTN-də qanunsuz olaraq saxlayıblar. Həmin müddətdə qardaşım oğlu Hünərdən azad edilməyim üçün Mövlam Şıxəliyev qohumu Siracın vasitəsi ilə, hədə-qorxu ilə əvvəlcə 100 min manat, sonradan isə 60 min manat pul alıblar. Mən bu haqda azadlığa çıxandan sonra bildim. Təxminən 10 gün sonra müstəntiq Fuad mənə zəng elədi və MTN-ə çağırdı. Xidməti otağında bir nəfər də vardı. Əynindəki geyimindən bildim ki, prokurorluq işçisidir. Onun yanında Fuad mənə azadlığa çıxmağım üçün ödədiyim məbləği açıqlamağımı istədi. Mən də dedim ki, qardaşım oğlu mənim azadlığa çıxmağım üçün 160 min manat pul verib.
Bu söhbətdən belə anladım ki, Baş Prokurorluqla MTN arasında məndən alınan pulun bölgüsünə görə mübahisə yaranıb. Bunlar da məni çağırıb prokurorluq işçisinin yanında pulun məbləğini soruşur, özlərini təmizə çıxarırlar. Rəqəmi dəqiqləşdirəndən sonra Fuad mənə dedi ki, gedə bilərsən. Həbsdə ikən mən müstəntiq Fuadın otağında dəfələrlə olmuşdum. Orada Elvarı görmüşdüm. Onun səhhəti çox pis idi. Məni azad edəndən sonra Fuadla danışdım, Elvarın da girovluqdan azad edilməsini istədim. O da dedi ki, bu məsələni Mövlam Şıxəliyevlə razılaşdırmalıdır. Bir müddət sonra Fuad mənimlə əlaqə saxladı, dedi ki, 80 min manat verin, Elvarı azad etsinlər. Belə də oldu. Pulu verdim, Elvarı azad etdilər. Bizimlə bərabər dostlarımızı – Hacı Seyranı, Natiqi və Etibarı azad etdilər.
Hacı Seyrandan 100 min manat, Natiqdən 250 min manat, Etibardan 209 min manat alıblar. O vaxt bizi həbs edərkən bazarda fəhlə işləyən Balaşirini də tutmuşdular. Bizim pulumuzu alıb girovluqdan azad edəndə Balaşirinin pulu olmadı. Buna görə də Balaşirini MTN-də 6 ay heç bir əsas olmadan girov saxladılar. Sonda gördülər ki, fəhlədir, pulu yoxdur, məcbur olub azad etdilər. Məhkəmədə də qaçaqmalçılığı ölkəyə yararsız mal gətirilmə maddəsinə tövsif edib bizi saxta hökmlə cərimələdilər.
Bizdən götürdükləri, adını qaçaqmal qoyduqları malı da özümüzə qaytardılar, biz də aparıb satdıq. Malın əvəzinə isə boş qutuları bizə yıgdırıb yandırmaqla rəsmiləşdirdilər ki, guya malı məhv etdilər. Özümüzü də saxta hökmlə cərimələyib azad etdilər. Şahidə dövlət ittihamçısı və hakim müstəntiq Fuad Alməmmədovun otağında prokurorluq işçisi ilə dialoq haqda dəqiqləşdirici suallar verdilər. Dövlət ittihamçısı əli ilə öz mundirini göstərib şahidə "həmin şəxsin geyimi belə idi” sualını verdi. Elman Əhmədov geyimlərin eyni olduğunu təsdiqlədi. Hakim isə şahiddən bir neçə dəfə ifadəsinin dogrulugunu soruşdu. Elman Əhmədov isə bilirdi ki, MTN-də, müstəntiq Fuad Al məmmədovun kabinetində baş verənləri olduğu kimi deyir. Bundan sonra söz iş üzrə zərərçəkən şəxs, Mərkəzi Univermaqda zərgərliklə məşğul olan Rauf Həsənova verildi. Lakin Rauf Həsənov sərbəst ifadə verməyə imkan tapmadı. Təqsirləndirilən Yasin Məmmədov Rauf Həsənova danışmağa imkan vermədi. Tərəflər arasında söz atışması başladı. Rauf Həsənov Yasin Məmmədova "sən deyildin məndən pul alandan sonra zəng edib deyən ki, bəs pulun üstündən 200 dollar çatmır? İndi niyə meymunluq edirsən?”
Mübahisə qızışdı və hakim zərərçəkən Rauf Həsənovu məhkəmə zalından çıxmasını istədi. Beləcə zərərçəkən dindirilmədən, ifadəsi elan edilmədən yola salındı. Rauf Həsənov ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, 1995-ci ildən Mərkəzi Univermaqda zərgərlik fəaliyyəti ilə məşğul olub. Dubaydan və Türkiyədən qızıl-zinət əşyalarını alıb Mərkəzi Univermaqda icarəyə götürdüyü məntəqədə satıb. Bundan başqa Səbail rayonunda, köhnə binanın yarımzirzəmisində balaca bir zərgərlik məmulatlarının emalatxanası açıb.
Təxminən 2010-ci ilin əvvəlində zərgər yoldaşlarından eşidib ki, MTN-də rəhbər vəzifədə işləyən Fizuli Əliyev vasitəsilə həmin nazirliyin rəhbərliyi qızıl alqı-satqısını inhisara götürməyə çalışır:
- 2010-cu ilin təxminən yaz-yay aylarında özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim edən şəxs 050 211 18 58 saylı mobil telefon nömrəsi ilə mənim 050 311 08 11 saylı mobil telefon nömrəmə zəng elədi. Məni metronun "20 Yanvar” stansiyasına çağırdı. "Şamaxinka”da görüşdük. Fizuli Əliyev görüş zamanı mənə hədə-qorxu gəldi. Dedi ki, qızıl qaçaqmalçılığı ilə məşğul olursan, səni həbs edəcəyik, səhər MTN-nə gəl. Fizulinin dediyi kimi elədim. Səhər MTN-nə getdim. Fizuli həyətinin giriş qapısında məni qarşıladı, girişdə turniketə çatmamış sağ tərəfdə olan qapıdan komendaturanın ikinci mərtəbəsinə qaldırdı. Dedi ki, xaricdən qaçaqmalçılıq yolu ilə ölkəyə brilyant gətirirsən, buna görə həbs olunacaqsan.
Dedim ki, belə bir hal yoxdur. Fizuli Əliyev də dedi ki, telefonlarına qulaq asmışıq. Fizuli Əliyev məni MTN-ə çağırmazdan təxminən 10 gün qabaq Dubaydan özümə "Land Cruiser” markalı avtomaşın almışdım. Həmin vaxt Dubaydan mənə zəng edib brilyant daşları göndərildiyini demişdilər. Mən də telefonda həmin şəxsə "göndəribsə, gətirin, baxarıq” demişdim. Bu danışığı Fizuligil izləmişdilər. Fizuli Əliyev məndən 100 min dollar pul tələb etdi. Mənə qarşı heç bir konkret ittiham və ya fakt irəli sürülmədi.
Qorxduğum üçün həmin pulu çalışıb verəcəyimi söylədim. Bundan sonra Fizuli Əliyev məni evə buraxdı. O qədər maddi imkanım yox idi. Bir neçə gün çalışdım ki, həmin pulu tapım, amma bu məbləği toplaya bilmədim. Bundan 2-3 həftə sonra yaxın qohumunun dəfn mərasimindən sexə qayıdarkən mənə 30 yaşlarında bir nəfər tanımadığım şəxs yaxınlaşdı. Mobil telefonumu və açarları istədi. MTN-nin Səbail rayon şöbəsinin binasını göstərib oraya getməyini tələb etdi. Açarları və telefonu verdim və birlikdə MTN-nin Səbail rayon şöbəsinə getdik.
Oradan Fizuli Əliyev və işçiləri məni MTN-nin əsas binasında yerləşən İstintaq Baş İdarəsinə apardılar. Orada Yasin adlı müstəntiq bir sənəd göstərdi, həbs olunduğumu bildirdi. Yasin sərbəst buraxılmağım və cinayət məsuliyyətinə cəlb olunmamağım üçün məndən 500 min dollar pul tələb etdi. Yasinə günahsız olduğumu və bu məbləğdə pulumun olmadığını söylədim. Yasin isə əksinə, məbləği artıraraq 600 yüz min dollar pul tələb etdi. Yasin bir neçə saat mənə təzyiq göstərərək, hədə-qorxu gələndən sonra dedi ki, rəisi ilə danışıb və mənim azad edilməyim üçün 300 min dollara razılaşıb.
Yasin dedi ki, evimdə axtarış aparacaq. Ona dedi ki, anam ağır xəstədir, belə şey etməməsini xahiş elədim. Yasin dedi ki, səhər tezdən, banklar açılan kimi gedib 300 min dollar kredit götürüm və həmin pulu onlara çatdırım. Mən Yasinin otağında olan zaman Fizuli dəfələrlə həmin otağa girib çıxırdı. Söhbətin nəticəsi ilə maraqlanırdı. Qorxudan Yasinə 300 min dollar verməyə razılaşdım. Dediyi məbləği toplayıb çatdıracağına söz verdikdən sonra məni MTN-dən buraxdılar. Həmin gecə bütün qohumlarından və dostlarından xırda-para 300 min dollar məbləğində pul toplayıb düzəltdim. Həmin borcların əsas bir hissəsini rəhmətlik anamın qohum-əqrabasından yığdım.
Bu hadisədən sarsılan anam bir qədər sonra rəhmətə getdi. Həmin pulun 20 min dolları dostum Rizvan Abbasovdan almışdım. Ertəsi gün saat 13-14 radələrində MTN-in müstəntiqi Yasinə zəng etdim və pulun hazır olduğunu bildirdim. Yasin mənə MTN-nin yaxınlığındakı Mərkəzi Kliniki Xəstəxananın yanında görüş təyin etdi. Ora gələndə Yasinlə Fizuli Əliyevin birlikdə olduqlarını gördüm. Ora bacanağım Valeh Nəsirovla getmişdim. Fizuli maşının qabaq oturacağında əyləşmişdi, Yasin isə bayırda idi. 300 min dollar məbləğində pulu sayıb Fizuliyə verdim.
Pulu verəndən yarım saat sonra Yasin mobil telefonuma zəng edərək puldan 200 dolları çatmadığını bildirdi. Məcbur olub yenidən həmin yerə qayıtdım. Yasinə zəng elədim. Mənimlə görüşərək çatışmayan 200 dollar pulu da verib evə qayıtdım. Zərərçəkən ibtidai istintaqa ifadəsində bildirib ki, MTN-də üzləşdiyi qanunsuzluqdan sonra maddi vəziyyəti kəskin ağırlaşıb: -Borcları ödəmək üçün sexdəki avadanlığın bir hissəsini və təzə aldığım "Toyota Land Cruizer” markalı, Az 90 HH 402 dövlət nömrə nişanlı avtomaşını satdım.
MTN-nə çağırıldığım dövrdə mənimlə Yasin Məmmədov arasında dəfələrlə telefon danışığım olub. MTN dağılandan sonra Yasin Məmmədovla Fizuli Əliyev 300 min dolları zərərçəkənə qaytarıblar. Digər zərərçəkən Qulam Bağırov məhkəmədəki sərbəst ifadəsində göstərib ki, 2008-ci ildə tanışı Günay adlı xanıma Nigeriya vətəndaşları saxta səyahət çekləri veriblər. Bununla əlaqədar MTN-nin İlqar adlı əməkdaşı ona zəng edərək görüşüb. Həmin görüşdə İlqar çeklərlə bağlı suallar verib, bütün çekləri təhvil alıb, bir müddət sonra MTN-nin Səbail rayon şöbəsində ondan izahat alınıb.
Daha sonra isə həmin material MTN-dən DİN-nin Səbail RPİ-nə göndərilib. Orada əvvəlcə cinayət işi başlansa da, 26 fevral 2009-cu ildə xitam olunub. Həmin ilin oktyabrında mobil telefonuna zəng edən şəxs özünü MTN-in mühüm işlər üzrə baş müstəntiqi Sahib Ələkbərov kimi təqdim edib. Ona həftənin bazar ertəsi 11:00-da nazirliyə gəlməyini tapşırıb. Lakin çağırılma səbəbi barədə məlumat verməyib. Deyilən vaxt ora gedib və Sahib Ələkbərovun otağına aparılıb. Otağa daxil olan kimi Sahib Ələkbərov ona çalışdığı "Azərtunel tikinti” ASC-nin maliyyə dövriyyəsi ilə bağlı suallar verib. O isə suallara heç bir cavab verməyib:
- Sahib Ələkbərov hədə-qorxu gələrək Səbail RPİ-də xitam verilmiş qərarın ləğv olunacağını, məni həbs edəcəyini bildirdi. Məndən 200 min manat pul tələb etdi. Sahibə dedim kmi, evimdə 5 min manat var, təklif elədim ki, o pulu verim. Sahib əsəbiləşərək "bura polis bölməsi deyil ki, bunu mənə təklif edirsən” dedi. Bundan sonra Sahib yenidən məni öz iş otağına çağıraraq "sən bizim nəzarətimizdəsən, gördüyün bütün işlərdən xəbərimiz var, səni həbs etməməyim üçün deyilən pulu gətir çatdır” dedi. Sahibə heç bir qanunsuzluq etmədiyimi və hərəkətlərimə MTN tərəfindən nəzarət olunmasına inanmadığımı dedim.
Sahib Ələkbərov otağında olan şkafdan üzərinə onun adı yazılmış CD formatlı diski çıxarıb kompüterə daxil etdi. Telefonla apardığım danışıqlara dair səs yazılarımı dinlətdi. Başa düşdüm ki, həqiqətən də MTN tərəfindən nəzarətdəyəm. Bundan sonra yenə Sahib Ələkbərov məni MTN-ə çağırdı, "sənə 1 həftə vaxt verirəm, get 200 min manat pulu gətir, yoxsa həbs olunacaqsan” deyəndə o, pulu olmadığını dedikdə Sahib "yalan danışma, "Azərtunel tikinti” ASC-nin müdir müavini işləyirsən, sənin külli miqdarda pulun var, gətir bizə 200 min manat pul ver” dedi. Lakin Sahibə birmənalı surətdə həmin məbləğdə pulu verə bilməyəcəyimi bəyan etdim.
Zərərçəkən bildirib ki, o zaman "Azərtunel tikinti” ASC-nin İran İslam Respublikası üzrə filial müdiri olub: -İranda həyata keçiriləcək layihə ilə bağlı 14 noyabr 2009-cu ildə, səhər 11 radələrində Astara şəhərinə yola düşdüm. Orada məni MTN əməkdaşları saxlayıb Bakıya, MTN-ə gətirdilər. Həmin gün MTN-in İstintaq İdarəsinin rəis müavini Sahib Ələkbərov tərəfindən şübhəli şəxs qismində tutuldum. 16 noyabr 2009-cu ildə Səbail rayon məhkəməsi tərəfindən barəmdə həbs qəti-imkan tədbiri seçilib. Tutulduğum zaman Sahib Ələkbərov bir daha ona "gətirə bilirsənsə, şərait yaradım, telefonla zəng et, evindən 200 min manat pul gətirsinlər, səni buraxım” dedi. Sahibə bir daha həmin məbləğdə pulumun olmadığını dedim. Sahib Ələkbərov məndən qardaşım Sərdar Bağırovun telefon nömrəsini alıb əlaqə saxladı. O, həbsdə olduğum müddətdə bir neçə dəfə məni otağına gətizdirib "qardaşınla mütəmadi görüşürəm, pulun böyük bir hissəsi düzəlib, sənin yanına həkim göndərəcəm, ona deyərsən ki, mütəmadi başın ağrıyır, gözlərin qaralır, ürəyin gedir” deyib. Sahib Ələkbərov qardaşımın hansı məbləğdə pul hazırladığını demədi.
Həbsdən çıxmamışdan təxminən 1 gün əvvəl saxlanıldığım kameraya bir nəfər həkim gəldi, mənə səhhətimlə bağlı suallar verdi. Həkimə Sahib Ələkbərovun dediyi kimi başımın ağrıdığını, gözlərimin qaraldığını və ürək getmələrimin olduğunu bildirdim. Əslində isə heç bir xəstəlikdən əziyyət çəkmirdim. Ertəsi gün Sahib məni öz otağına gətizdirib məhkəmə-tibbi ekspertizasının rəyini aldığını və axşam məni həbsdən azad ediləcəyini bildirdi. Bəzi sənədləri imzalatdırdı, barəmdə seçilmiş həbs qətimkan tədbirini dəyişdirib başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri seçdi. Həmin gün axşam həbsdən azad olundum. Bundan sonra öyrəndim ki, həbsdə olduğum vaxt Sahib Ələkbərov qardaşım Sərdarla əlaqə saxlayıb və həbsdən azad edilməyim üçün 200 min manat pul tələb edib. Sərdar həmin məbləğdə pulun olmadığını dedikdə Sahib Ələkbərov məbləği 135 min dollara endirib.
Sərdar Badamdar qəsəbəsində 3 otaqlı mənzili 48 min dollara, "Mercedes” markalı, Az 10 EE 445 dövlət qeydiyyat nişanlı avtomobili 8 min dollara, evdə olan qızıl-zinət əşyalarını isə Mərkəzi Univermaqda tanımadığı qızıl alverçilərinə satıb. Evdə olan 5 min manatı da pulun üstünə qoyub. Dostlarım Şəmsi Məmmədovdan 5 dollar və Ayçin Qasımovdan 5 dollar, xalam oğlu Ramin Urkayevdən 16 min dollar, digər xalam oğlu Fariz Məmmədovdan 12 min manat borc pullar alıb. Anam Mənsurə Hacıyeva tanışlardan pullar yığıb və ümumilikdə 135 min dolları pulu düzəldiblər. Sərdar azad edilməyimdən bir gün əvvəl, axşam saatlarında Nərimanov heykəlinin yaxınlığında 135 min dollar pulu Sahib Ələkbərova məxsus "Mitsubishi” markalı avtomobildə onun özünə verib. Sahib Ələkbərov Sərdara barəmdə olan cinayət işinə xitam verəcəyini vəd vermişdi.
Həbsdən çıxandan sonra bildim ki, ailəm borca düşüb, maşınım, evim, ailəmin qızılları satılıb. Faizə pullar götürülüb. Faizə alınan pulları qaytara bilmədiyimizə görə qardaşım Sərdar sonradan həbsə alındı, 3 il 8 ay həbsdə qaldı. Anam dünyasını dəyişdi. Mən həbsdən azad edildikdən sonra MTN-ə getdim, Sahib Ələkbərovla görüşdüm. Ondan barəmdəki qondarma cinayət işinə xitam verilməsini tələb etdim. Səs-küy düşdü.
Sahib də dedi ki, verilən məbləğ azdır, həmin məbləğə cinayət işinə xitam vermək olmaz. Dedim ki, pulu qaytar, məni həbs elə. Sahib Ələkbərov da and içdi ki, bəs səndən aldığım pulun "loşadiniy dozasını” – 80 min dolları rəhbərliyə, yəni idarə rəisi Mövlama vermişəm. 20 min dolları mənim əziyyət pulumdur, 10 min dolları ekspertə vermişəm, narahat olma məhkəmə bizlikdir, sənə şərti cəza veriləcək. Sahib dedi ki, buna görə də pulun qaytarılması mümkün deyil. Bizim səsimizə Təhsin Ağayev gəldi. Məni çölə çıxartmaqla sakitləşdirməyə çalışdı. Dedi ki, camaat bura 1 milyon dollar pul verir, səsi çıxmır. 100 min pul vermisən, səsin buraları götürüb. İki əsgər çağırıb məni MTN binasından çölə çıxardı. Bir müddət sonra barəmdə olan qondarma cinayət işini başqa bir işə qoşub Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdilər.
Orada da hakim dedi ki, məhkəməyə gəlmə, çünki əsas iş 1 il davam edəcək. Sənin bu işə aidiyyatın yoxdur. Hökm oxunanda səni çağıracağıq. Belə də oldu. Zəng eləyib çağırdılar. Məhkəməyə getdim. Hakim mənə bir hökm verdi, dedi ki, mənə 8 il şərti cəza təyin olunub. Məhkəmədə iştirak etmədən barəmdə belə bir qondarma hökm çıxarılıb.
Qulam Bağırov ifadəsini bitirəndən sonra qardaşı Sərdar Bağırov şahid qismində ifadə verdi. O, qardaşı Qulam Bağırovun ifadəsini təsdiqlədi. Əlini Mövlam Şıxəliyevə tərəf uzadıb "bunun adını çox eşitmişəm, onun imzası olmadan MTN-dən kimsəni buraxmırdılar. Qardaşım Qulamı şərləyib tutmuşdular. Buraxmaq üçün pul tələb edirdilər. 100 min dollar buna çatıb, 10 min həkimə verdik, 25 min dollar da hakimə. Bundan sonra qardaşımı buraxdılar. Mən faizləri qaytara bilmədim deyə həbs olundum”.
Bundan sonra proses mayın 10-na qədər təxirə salındı.

Xəbər lenti