''Xanlar Vəliyevlə Şahin Sultanov arasında ''razborka'' gedir''

''Xanlar Vəliyevlə Şahin Sultanov arasında ''razborka'' gedir''

Şahin Sultanov: “Xanlar Vəliyev və digərlərinə qarşı araşdırma aparılmalıdır”

Oktyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apelyasiya şikayəti və prokurorun protesti əsasında məhkəmənin baxış iclası keçirilib. 

Meydan TV-nin məlumatına görə, prosesdə dövlət ittihamçısı Anar Məmmədov çıxış edib. Bildirib ki, Şahin Sultanovun işinə düzgün qiymət verilməyib. Ədalətsiz və yüngül cəza təyin olunub: 

“Onun ittihamının tövsif edilməsi əsassızdır. Məhkəmənin gəldiyi nəticəni belə əsaslandırıb ki, faktlar sübut olunmur. Lakin onun rüşvət alması məhkəmədə sübut olunub. Kifayət qədər sübutlar olmasına baxmayaraq, məhkəmənin belə nəticəyə gəlməsi əsassızdır. Məhkəmə gəldiyi nəticəni heç nə ilə əsaslandırmayıb. Dövlət tərəfindən ayrılmış yanacağın mənimsənilməsi ekspert rəyləri ilə sübuta yetirilib. Həmçinin onun rüşvət alması faktı da sübut olunub. Sultanov cəzasını etiraf etməyib, dəymiş ziyanı ödəməyib. Ona şərti cəza təyin edilməsi cinayətə görə cəzasız qalması anlamına gəlir. Hərbçilər arasında nizam-intizamı pozur, digərlərinin cinayət törətməkdən çəkindirmir. Sultanovla bağlı hökm ləğv olunsun, ona azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Ali hərbi rütbə olan vitse-admiral rütbəsi alınsın. Dəymiş ziyanın ödənilməsi onun əmlaklarına yönəldilsin”.
İclasda çıxış edən Şahin Sultanov isə deyib ki, burada sırf qisas söhbəti gedir: 

“Xanlar Vəliyevlə (hərbi prokuroru nəzərdə tutur) Şahin Sultanov arasında “razborka” gedir. Sübut olunub ki, ittiham yalandır. Yalan yazmaq olar, ancaq onun arxasında durmaq lazımdır. Birinci instansiya məhkəməsində hərbi prokurorluq məhkəməyə müdaxilə edirdi. Lakin məhkəmə ədalətli hökm çıxardı. Hər şey sənədlə sübut olunmalıdır. Absurd şeylər yazıblar. İfadə verənlər deyirlər “belə şey olmayıb”, prokurorluq deyir “olub”. Xanlar Vəliyev və digərlərinə qarşı araşdırma aparılmalıdır. Mən son sözümdə də bunu demişəm. Deyirlər ki, gəmi almamışam. Gəmini beş-on manata satmırlar ki, bazardan alaq. Buna görə mənə heç kim pul ayırmayıb. Sonra gördülər bu ittihamlar alınmadı, yanacağın mənimsənilməsi ilə bağlı ittihamı saldılar ortalığa. Lazimi yerlərə sözümü çatdıracağam. Hər il yoxlama aparılıb və hər şey qaydasında olub. Məhkəmənin ədalətli olacağına inanıram”. 

Daha sonra iclasda Ş.Sultanovun vəkilləri çıxış edib. 

Proses oktyabrın 26-da davam edəcək. 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub.

Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.

Ş.Sultanov apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Prokurorluq isə hökmdən apelyasiya protesti verib.




Loading...

Loading...