Torpağa basdırılan marixuana; 10 manatın güdazına gedən əmi və qardaşoğlu

Torpağa basdırılan marixuana; 10 manatın güdazına gedən əmi və qardaşoğlu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Xaçmaz rayon sakinləri 52 yaşlı Bəxtiyar Cəlilov, 23 yaşlı Cəlil Cəlilov və 43 yaşlı Şıxbaba Cəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərininə görə, prosesə hakim Ənvər Seyiodov sədrlik edib.

İttihama görə, Bəxtiyar Cəlilov yaşadığı Xaçmaz rayonunun Aslan-oba kəndindəki evin həyətində qanunsuz olaraq narkotik vasitə olan çətənə bitkisi yetişdirib və kultivasiya edib. Qurudulmuş marixuananı plastmas vedrəyə və şüşə qablara yığaraq həyətyanı sahədə torpağa basdırıb. Ötən ilin noyabr ayında gizlətdiyi marixuanadan 7,387 qram Şıxbaba Cəlilova satıb. Şıxbaba isə aldığı narkotik vasitəni qardaşıoğlu Cəlil Cəlilova verib. Elə həmin gün Cəlil Cəlilov Quba rayonunun Qırmızı qəsəbə ərazisində saxlanılıb.

Bundan sonra B.Cəlilovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı plasmas vedrədə, iki şüşə qabda marixuana, həmçinin əkilib-becərilməsi qadağan olunmuş dörd çətənə bitkisi gövdələri aşkar edilərək götürülüb.

Törətdiyi cinayət əməlinə görə B.Cəlilova Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə, C.Cəlilov və Ş.Cəlilova isə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ittiham irəli sürülüb.

B.Cəlilov ifadəsində yaşadığı evin həyətində çətənə kolları əkdiyini, onlara qulluq göstərdiyini, yarpaqlarını qurudub saxlamaqla həm özü istifadə etdiyini, həm də maddi dolanışığı çətin olduğundan satmaq qərarına gəldiyini göstərib: “Çox hissəsini torbaya yığıb plastmas vedrəyə və şüşə qablara qoymuşdum. Görən olmasın deyə, vedrəni torpağa basdırmışdım, şüşə qabları isə evin arxasındakı kərpiclərin altında gizlətmişdim, çətənə bitkilərinin gövdələrini isə çəpərin dibinə atmışdım. Özüm arabir siqaretə doldurub çəkirdim”.

Ötən ilin noyabr ayının 22-də qohumu Şıxbaba Cəlilov B.Cəlilovun yanına gələrək ona 10 manat pul verib, bir büküm marixuana alıb. Çox keçməyib ki, B.Cəlilov kənd sakini Cəlilin Qubada yaxalanmasını və üzərindən narkotik vasitə tapılmasını eşidib. Cəlil ilkin dindirmə zamanı polislərə narkotiki əmisi vasitəsilə B. Cəlilovdan aldığını deyib. Sorğu zamanı B.Cəlilov həyətində külli miqdarda narkotik vasitə saxladığını etiraf edib.

Cəlil Cəlilov ifadəsində əvvəllər bir neçə dəfə narkotik vasitələrdən istifadə etdiyini, hətta əmisi Şıxbaba ilə birgə marixuana çəkdiklərini etiraf edib. Ən maraqlısı odur ki, Cəlil marixuana tapmaq üçün məhz əmisinə müraciət edib. Əmisi isə ona “get, qohumumuz Bəxtiyardan al” deyib. Cəlil Bəxtiyardan utandığını bəhanə gətirərək marixana almağa əmisini göndərib. Məhkəmənin hökmü ilə Bəxtiyar Cəlilov 7 il 6 ay, Cəlil Cəlilov 1 il, Şıxbaba Cəlilov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər məhkəmənin hökmündən apellyasiya şikayət veriblər. Apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər