Qiyas ibrahimovun işi Avropa Məhkəməsinə gedir

Qiyas ibrahimovun işi Avropa Məhkəməsinə gedir

Mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra narkotik suçlaması ilə həbs olunan gənc fəal Qiyas İbrahimova verilmiş 10 illik həbs hökmünü Ali Məhkəmə də qüvvədə saxlayıb. Noyabrın 30-da Ali Məhkəmədə İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.

Kassasiya şikayətinə baxılarkən Qiyas məhkəmədə iştirak etməyib. Vəkilinin dediyinə görə, özü gəlmək istəməyib.

Gənc fəalın vəkili Zibeydə Sadıqova deyib ki, Q.İbrahimovun 10 il azadlıqdan məhrum edilməsi haqda hökm əsassızdır. Amma Bakı Apellyasiya Məhkəməsi də bu əsassız hökmü qüvvədə saxlayıb.

«NARKOTİK İTTİHAMIYLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR»

Vəkil deyir ki, Qiyasın nə üzərində, nə də evində narkotik olub. Onu əslində heykəlin postamentinə şüar yazdığına görə həbs ediblər.

«Qiyas İbrahimovun ona verilən narkotik ittihamı ilə heç bir əlaqəsi yoxdur. Həbs olunduqdan sonra işgəncələrə məruz qalıb. Ondan ilkin ifadə də təzyiq altında alınıb. Qiyas işgəncə nəticəsində etirafedici ifadə verib», – Z.Sadıqova bildirib.

Q.İbrahimov həbs olunarkən hüquqlarının pozulduğunu, özü seçdiyi vəkillə təmin olunmadığını deyən müdafiəçi xatırladıb ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən verdikləri vəsatətlərin heç biri təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi isə ümumiyyətlə, araşdırma aparmaqdan imtina edib.

Z.Sadıqova çıxışının sonunda apellyasiya məhkəməsinin qərarının ləğvini, Q.İbrahimov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Prokuror isə əksinə, bildirib ki, qərarın dəyişməsi üçün heç bir əsas yoxdur.

Hakimlər də qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını, qərarın dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.

Q.İbrahimovun vəkilləri Ali Məhkəmənin qərarını alandan sonra gənc fəalın 10 il azadlıqdan məhrum edilməsi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcək.

XATIRLATMA

NİDA Vətəndaş Hərəkatının üzvü olan Qiyas İbrahimov digər fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıblar. Onlar narkotikdə ittiham ediliblər.

Amma məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində «Qul bayramınız mübarək» yazıldığına görə həbs edildiklərini bildiriblər. Gənclər məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum ediliblər.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.




Loading...

Loading...