Sabiq polis rəisi Fədayə Laçının müdafiəsinə qalxdı - ''Sevgi bütün hisslərini üstələyə bilər''

Sabiq polis rəisi Fədayə Laçının müdafiəsinə qalxdı - ''Sevgi bütün hisslərini üstələyə bilər''

Mahmud Hacıyev: “O qızın üstünə elə gedəndə kövrəlirəm”

Tanınmış müğənni Fədayə Laçının “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovla münasibətinin üzə çıxması, onun qaçmasına kömək etmə ittihamı ilə həbs olunması ictimaiyyət arasında onunla bağlı fərqli rəy formalaşdırıb. Kimisi onu kriminal aləmlə əlaqələrinə görə qınayır, kimisi də həbsinə acıyaraq, sevgi qurbanı olduğunu düşünür. Maraqlıdır ki, F.Laçının sənət dostlarının da arasında fikir ayrılığı yaranıb. Onu müdafiə edənlər də, əleyhinə çıxış edənlər də var.

Bütün bunlarla bağlı musavat.com-a danışan sabiq polis rəisi Mahmud Hacıyev müğənninin müdafiə qalxdı: “Son günlərdə istər sənət dostları, istərsə də, ictimaiyyət arasında bəzi şəxslər Fədayə Laçının həbsindən sonra onun üstünə çox gedirlər. Burada olan incə məqamı sanki ya unudublar, ya da görməzlikdən gəlirlər. Burada incə hissiyyat məsələsi var. Onun sənət adamları iş-güclərini buraxıb, üstünə gəlirlər. Ağına-bozuna baxmadan onu tənqid edirlər. Fədayə Laçının yaxınlarının bir çoxunu tanıyıram. O təbiətən təmiz xanım olub, ürəkli insan olub. Hər kəsin halına acıyırdı. Ola bilməzmi ki, Fədayə Laçında sevgi hissləri olsun? O sevə bilməz? İnsanın incə hisslərinə toxunub, üstünə getmək olmaz. Sənətçilərdən biri deyir ki, bilirdim onun axırı belə olacaq, biri də deyir ki, lap yaxşı oldu belə olmağı. Bunlar insana yaramaz. Məsələyə iki konteksdən yanaşmaq lazımdır.

Birincisi, o cinayət əməli törədib, qanunu pozub, onun da cəzasını almaqdadır, gələcəkdə də istintaqdan sonra məhkəməyə çıxarılacaq və müvafiq cəzanı alacaq. Bunu bilərəkdən edib-etmədiyi barədə konkret fikir demək olmaz. O hüquqşünas deyil, hüquq orqanlarında işləməyib, elədiyi cinayətin bəlkə də həddindən artıq ağır olduğunu dərk etməyib. Məsələnin ikinci tərəfi də odur ki, o kimisə sevə bilməzmi? Dəxli yoxdur qarşısındakı adam kimdir. Bir tanıdığım qadın var, bir şikəst kişiyə vurulmuşdu. Onu sevmək indi qadının suçudur?

Hamı onu lağa qoyurdu ki, şikəst kişini sevir, onun nəyinə aşiqdir. Şikəst olmasa da, eynisini Fədayə edə bilməzmi? Kimisə sevməyin cinayət olması barədə cinayət qanunvericiliyində maddə yoxdur. Sevgini cinayət sayanlara insan sadəcə acıyır. Bu filankəsdir, onu sevmək olmaz kimi düşüncələr yazıqlıqdır. Bu incə bir insanın hissiyyatıdır. Özü bilər, kimi sevib, sonunda hansı tale ilə üzləşib. Onun cinayətə yol verdiyini kimsə danmır. Ola bilməzmi ki, müəyyən məqamda yol verdiyi cinayəti başa düşməsin. Sevgi insanı bu həddə çatdıra, bütün hisslərini üstələyə bilər. Kim gəldi döşəyir, sağdan, soldan. El-aləm iş-gücünü buraxıb, onun üstünə yeriyir. Ən çox da məni yandıran öz sənəd dostlarının onun üstünə getməsidir. Sevgisinə görə onu bu qədər qınaq obyektinə çevirmək olmaz. Müğənni olanda nə olar, bəzən onlar xeyir-şərdə elə özlərini göstərirlər ki, deyirsən dünyada bundan qeyrətlisi yoxdur. O qızın üstünə elə gedəndə kövrəlirəm”.

Qeyd edək ki, F.Laçın “Qoca”nın həbsdən qaçmasına şərait yaratmaqda suçlu bilinir və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 oktyabr tarixində barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.




Loading...


loading...
Loading...
loading...