Qatardan qaçan dustaq etiraz edir

Qatardan qaçan dustaq etiraz edir

Bakıda xüsusi təyinatlı qatardan qaçmaqda təqsirləndirilən Əli Ağami Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Lent.az-ın məlumatına görə, şikayət artıq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. O, şikayət ərizəsində cəzasının yüngülləşdirlməsini xahiş edib.

İş yaxın günlərdə Şirvan Apellyasiya Məhkəməsində icraata veriləcək.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əli Ağami 19 il, Məhəmməd Heydərov ( Maqa Hacıqabullu )18 il, Tahir Məlikov (Marojna) 18 il, Əfsər İbrahomov 18 il cəza alıb. Təqsirləndirilənlərin hər biri cəzasını ciddi rejimli həbsxanada çəkəcək. Etibar Məmmədov ( Qoca) ilə bağlı isə cəzasız ittiham hökmü çıxarılıb.

Qeyd edək ki, 28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Ondan başqa bir neçə kriminal aləm üzvü də həbs edilib.

Ə.Ağami və digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb. Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir.




Loading...

Loading...