Cinayətkarı sevmək suçmu...

Cinayətkarı sevmək suçmu...

Bir neçə gündür ictimaiyyətdə ən çox müzakirə edilən məsələlərdən biri də müğənni Fədayə Laçının “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına vasitəçi olması, onların arasındakı sevgi münasibəti və olayın yeni təfərrüatıdır. Daha çox Fədayə Laçının bir cinayətkarı sevməsi, onun uğrunda karyerasını, həyatını, azadlığını gözə alaraq fədakarlıq etməsi müzakirə olunmaqdadır. 

Xüsusən də müğənninin “Qoca” üçün mahnı oxumasını əks etdirən videogörüntünün yayılması olayı daha da romantikləşdirdi. Bir çoxları, hətta müğənninin həmkarları Fədayə Laçının, sadəcə, saf bir sevginin qurbanı olduğunu, yeganə suçunun avtoriteti sevməsi olduğunu qeyd etdilər. Lakin məhz avtoriteti sevdiyinə görə həbsdə olan müğənnini qınayanlar da oldu.

Bəs cinayətkarı sevmək suçdurmu?

Psixoloq Azad İsazadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Psixoloq sevginin sərhədi olmadığını qeyd edib: “Bəzən insan özündən asılı olmayaraq kiməsə vurulur və düşünür ki, ən yaxşı seçimi elə budur. Burada kimisə qınamaq doğru deyil. Mən belə başa düşürəm ki, həmin müğənni xanım da sevgiyə görə qanun pozuntusuna yol verib. Bu onun öz seçimi idi. Onun bu  addımını nə dəstəkləmək, nə də qınamaq doğru olmazdı.

Картинки по запросу Azad İsazadə

Azad İsazadə: “Hitleri də sevən olubsa, niyə də hansısa cinayətkarı kimsə sevməsin?”

Böyük sevginin özü psixoloji problemdir. İnsan özünü fəda edir, hansısa emosional hallar yaşayır və sairə. Hər bir insan sevə və sevilə bilər. Köhnə “oğru qanunları”na görə avtoritetin ailəsi, uşağı olmamalıdır. Amma reallıq elədir ki, bu qanun çoxdan pozulub və insanlar cinayət aləmdə yaşaya-yaşaya ailə də qurur, vurulur da. Burda hansısa böyük bir problem görmürəm. Dünyada ən pis, qəddar insan sayılan Hitler də sevilirdi. Və rəsmi məlumatlara görə, onu sevən Yeva Braun onunla birgə dünyasını dəyişib. Fakt budur ki, Hitleri də sevən olubsa, niyə də hansısa cinayətkarı kimsə sevməsin?"

Похожее изображение

Həmid Herisçi: “Xalq ölmüş avtoriteti qəhrəman, Fədayə Laçını isə müasir dövrün Həcəri elan edə bilər”

Yazar Həmid Herisçi isə bu cür olayların çox işıqlandırılmasının təhlükəli olduğunu bildirdi: “Gündəmi silkələyən mövzudur. Sözsüz ki, burda Həcər və Koroğlu dastanının yenidən qurulmasından söhbət gedir. İnsanların beynində belə bir əfsanə var - gözəl bir qız və ədalət uğrunda vuruşan igid. Onlar həm vuruşur, həm də sevgilərini unutmurlar. Hadisələr onu göstərir ki, oğru dünyasının romantikasını yaymaq təhlükəlidir. Xalq özü oğruları, kriminalları sevməyə çox meyllidir. Bunu dünyanın bir çox yerlərində müəyyən çərçivəyə alırlar. Çünki bu, tendensiya halını alar və hamı oğrulardan yazar. Tarix göstərir ki, bu, Amerikada, Rusiyada da belədir. Yəni yazılmamış qanunlara görə bu haqda yazmaq olmaz. Yoxsa insanlar ağıllarını itirərlər, necə ki, Fədayə Laçın ağlını itirib bu cür addım atdı. Biz bunu gözümüzün qarşısında yaşadıq və təhlükəsini də gördük. Xalq ölmüş avtoriteti qəhrəman, Fədayə Laçını isə müasir dövrün Həcəri elan edə bilər”.

Картинки по запросу Cəlil Cavanşir

Cəlil Cavanşir: “Bəlkə də yaşasaydı Fədayənin sevgisi ”Qoca"nı xilas edə bilərdi... “

Yazıçı Cəlil Cavanşir isə qeyd etdi ki, cinayətkarın, ən pis adamın da sevilməyə haqqı var: “Məsələni əvvəldən izləməmişəm. Ona görə də olaydan tam olaraq xəbərdar deyiləm. Bildiyim odur ki, Fədayə Laçın ”Qoca"ya kömək etdiyinə görə həbs olunub. Mənə görə bir cinayətkarı da, edam olunacaq məhbusu da sevmək olar. Bildiyiniz kimi, ömürlük məhbuslarla evlənən, edam olunacaq məhbusun yolunu gözləyən qadınlar var. Fikrimcə, bu məsələni gündəmə daşımaq doğru deyil. Mən düşünürəm ki, sevgi  istənilən halda şəfaverici gücə malikdir. İnsanı pis  işlərdən çəkindirə bilər. Düşünmürəm ki, cinayətkara olan sevginin arxasında nələrisə axtarmaq lazımdır. Əgər Fədayə Laçın və “Qoca” arasında olan sevgidən söhbət gedirsə, bəlkə də pərdəarxası hansısa planlar, məqsədlər olub. Amma yenə də inanmaq istərdim ki, həqiqətən də Fədayə Laçın həmin cinayətkar oğlanı sevib. Ola  bilər ki, fədakarlıq edib və bunu qəribə qarşılamayaq. Çünki cinayətkarın, ən pis adamın da sevilməyə haqqı var. Biz bunun yüzlərlə nümunəsini görürük. Bu, təkcə Fədayə Laçınla “Qoca”nın başına gələn hadisə deyil. Zaman-zaman çoxlu sayda qatı cinayətkar sevilib və yaxud bir qadın uğrunda o qədər qatı cinayətlər törədilib ki. Bəlkə də yaşasaydı Fədayənin sevgisi “Qoca”nı xilas edə bilərdi. Təbii ki, həbsdən qaçırmaq formatında deyil, tərbiyələndirib, yenidən həyata qaytara, cinayətlərdən çəkindirə bilərdi. Mən inanmaq istərdim ki, bu sevgi səmimidir, həqiqidir".




Loading...


loading...
Loading...
loading...