Masallıda AXCP fəalı həbs olundu

Masallıda AXCP fəalı həbs olundu
Elvin Bayramov polisə müqavimət göstərməkdə təqsirləndirilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı şöbəsinin fəalı Elvin Bəhramov polisə müqavimət ittihamıyla həbs olunub. AXCP mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, Elvin Bəhramov fevralın 19-da axşam saat 20 radələrində polisə aparılıb. Onun saxlanmasının səbəbi barədə ailə üzvlərinə heç bir məlumat verilməyib.
"Ailə üzvləri Masallı rayon Polis Şöbəsinə gedib, onun saxlanmasının səbəbini öyrənmək istəyib. Amma onlara heç bir məlumat verilməyib”, - partiyadan bildirilib. Fevralın 20-də günaorta saatlarında isə məlum olub ki, Elvin Bayramov Masallı Rayon Məhkəməsinə aparılıb. Az sonra hakimin ona 8 sutka inzibati həbs cəzası verilməsi haqda qərar çıxardığı açıqlanıb.
AXCP fəalı İnzibati Xətalar Məcəlləsinin 211.1 (karantin rejimi qaydalarını pozma) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib. Daxili İşlər Nazirliyindən bildirilib ki, Elvin Bayramov fevralın 19-da karantin rejimi qaydalarını pozuduğuna görə saxlanılıb. O, saxlanılarkən sərxoş olub, polisə müqavimət göstərib. AXCP isə ittihamın saxta olduğunu, onun sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını bəyan edib: "Adamı evindən aparıb, adını qoyublar ki, "karantin rejimi qaydalarını pozub, polisə tabesizlik göstərib”.
Bundan əvvəl olduğu kimi, yenə də polisə müqavimət ittihamından siyasi fəalları cəzalandırmaq üçün istifadə ediblər”.

Xəbər lenti