Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”

Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun işi üzrə zərərçəkmiş qismində tanınanlar arasında incəsənət adamları, müğənnilər də var. Onlardan biri, Əməkdar artist Vasif Məhərrəmli martın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.
Müğənni ifadəsində Maqsud Mahmudovun ondan 1000 manat aldığını bildirib. "Maqsud mənə xəbər göndərmişdi ki, niyə şəhid ailələrinə baş çəkmirsən? Dedi ki, guya Tbilisi prospektində 3 otaqlı ev almışam və orada yaşlı qadın saxlayıram. Ona bildirdim ki, əvvəla, öz işimdir, ikincisi də mən elə bir ev almamışam. Soruşdum ki, bu informasiya səndə hardandı? Bildirdi ki, bir xanım deyib. Söz verdi ki, xanımın adını da öyrənib deyəcək. Səhəri gün Maqsud Mahmudov canlı efirə çıxdı, amma mənimlə bağlı heç nə demədi”, – Vasif Məhərrəmli bildirib.
Onun sözlərinə görə, bir müddət sonra Maqsud Mahmudov başqa bir müğənni Cavanşir Məmmədov haqqında danışmağa başlayıb. Həmin ərəfədə ona təklif edib ki, incəsənət adamları haqqında şayiələr yaymasın: "Bir müddət sakit oturdu. Bir az keçəndən sonra Manaf Ağayev haqqında danışmağa başladı. Ancaq şou-biznes əhlini söyməklə məşğul idi. Manaf Ağayev və Afət Fərmanqızıdan pul istədi. Onlar pul vermədi. Amma mən 1000 manat pul verdim. Bir nəfər cavan oğlan mənə zəng eləyib dedi ki, Maqsud müəllim pula görə tapşırıb. Mən də 1000 manatı verdim. Ondan sonra onu görməmişəm”.
Hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbinin olub-olmaması barədə suala isə zərərçəkmiş-müğənni belə cavab verib: "Mənim min manatımı versə, yaxşı olar…” Müğənninin dediklərinə Maqsud Mahmudov da münasibət bildirib. Onun sözlərinə görə, Vasif Məhərrəmli digər müğənnilərlə bağlı dediklərinə irad tutub: "Mənə dedi ki, niyə onları söyürsən? Mən də dedim ki, öz işimdir. Vasif dedi ki, onlar mənim qohumlarımdı. Mən Ukraynada olanda Afət övladlarımın şəklini internetdə paylaşıb, "vətən xaininin uşaqları” yazmışdı. Ona görə mən Afəti efirdə söydüm. Vasif məni Afətlə calaşdırdı. Afətdən soruşdum ki, uşaqlarımın şəklini niyə yaymısan? Dedi ki, bir saata silinəcək. Doğrudan da elədi”.
Manaf Ağayevlə bağlı məsələyə gəlincə, Maqsud Mahmudov bildirib ki, bu müğənninin İlham adlı dostunun ona 30 min manat borcu vardı. Manaf Ağayev və Vasif Məhərrəmli vasitəsilə xəbər göndərərək, ondan pulunu tələb edib: "Vasif dedi ki, ona çatdıraram. Bildirdim ki, lap 3 min – 3 min qaytarmağa da razıyam. Vasif zəng eləyib onunla danışdı. Sonra mənə bildirdi ki, o adam pulu başqasına verdiyini deyir. Vasif dedi ki, biz Manafla adama 500 manat qoyub, verərik sənə. Dedim ki, mənə elə pul lazım deyil. Vasif əlavə elədi ki, sənə qardaş payı verirəm”.
Vasif Məhərrəmli onun dediklərini təkzib edib: "Xeyr, Maqsud mənə dedi ki, Manafı axşam söküb-yığacam. Mən də Manafa Maqsudun dediklərini çatdırdım. Manaf da dedi ki, mən niyə ona pul verməliyəm?”
Məhkəmədə ifadə verən başqa bir zərərçəkmiş Rəfiqə Müslümova bildirib ki, ona təcili pul lazım olub. Ona görə Maqsud Mahmudova məxsus lombarda qızıl qoyaraq, pul götürüb. Amma Maqsud Mahmudovun özünü tanımayıb: "Mən faizə pul axtarırdım, amma lombarda qoymaq üçün qızılım yox idi. Qohumumdan qızıl götürüb lombarda qoydum. Pulu qaytarsam da, qızılları ala bilmədim. Hər gün gedib lombardın qarşısında otururdum, əsəbiləşirdim. Hətta bir gün orada ürəyim getdi, polislər mənə yardım etdi. Orada işləyən Mədinə dedi ki, "qızılları Maqsud müəllim götürüb qaçıb”. Qızılların sahibi az qalırdı məni məhkəməyə versin. Dörd aydan sonra qızılları qaytardılar. Mən Maqsudu tanımamışam, mənə dedilər ki, lombardın sahibi odur”.
Maqsud Mahmudov hələ axtarışa verilməmişdən əvvəl MTN generallarının işində zərərçəkmiş qismində tanınmışdı. İş materiallarında yazılıb ki, onu həbslə hədələyib, intim videolarla hədələyib, külli miqdarda pulunu alıblar. Zərərçəkmiş Aslan Qəhrəmanov martın 9-da məhkəmədə bildirib ki, Maqsud Mahmudovla dost olublar və o dövrdə MTN-ə pul vermək üçün ona məxsus restoranı satıb.
"Bir gün Maqsud dedi ki, MTN-ə işim düşüb, ona təcili 500 min manat pul lazımdı. Mənə dedi ki, obyektini ver, satım. Mən razılaşmadım. Maqsud ağladı, məni yola gətirdi. Obyekti 310 min dollara satdılar. Alqı-satqı elədik. Alan vətəndaşlar bank vasitəsilə pulu ödədi. Maqsud o pulu da götürdü, dostumun maşınını satdı, onu da götürdü. Mən ona dost kimi kömək eləmişəm. Sonradan qaçıb getdi. Hər dəfə Ukraynadan zəng edib deyirdi ki, "gəlib pulunu verəcəm”. Mən də inanırdım. İnanmazdım ki, evimdə çörək kəsən, anama "ana” deyən adam mənə pul atar”, – Aslan Qəhrəmanov bildirib.
Zərərçəkmiş əlavə edib ki, o, Maqsud Mahmudova pul verəndə dolların satış kursu 1 manat 5 qəpik idi. O, pulunun dollarla və ya ona uyğun məzənnə ilə qaytarılmasını istəyir.
Aslan Qəhrəmanov 615 min manat pul tələb edib: "Mən həmin obyektin icarəsilə dolanırdım. O vaxtdan icarə pulu da almıram. Maqsud kimə nə borcludur, özü bilər. Dövlət onun cəzasını verər. Hər şeyini bacı-qardaşlarının adına keçirib. Bizdə borc namusdur, azərbaycanlı kişiyik. Amma bunu burda hamının içində deyirəm, Maqsud, mənim pulumu verməsən, nəslini qıracağam…” Maqsud Mahmudov ona təhqirlə cavab verib. Məhkəmə prosesi davam edir.
Maqsud Mahmudova qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq), 182 (hədə-qorxu ilə tələb etmə), 133-cü (xüsusi dəyəri olan əşyaları talama) və s. maddələrilə ittihamlar irəli sürülüb. O, özünü təqsirli bilmir.

Xəbər lenti