Xədicə İsmayıl: "Pul mükafatının köçürüləcəyi hesaba həbs qoyulması istənilir"

Xədicə İsmayıl: "Pul mükafatının köçürüləcəyi hesaba həbs qoyulması istənilir"

Vergilər Nazirliyi araşdırmaçı jurnalist Xədicə İsmayıl-ın bank hesabına həbs qoyulmasını istəyir və onun 63 min manatdan çox vergi borcunun olduğunu iddia edir. 

Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti 1 Saylı İnzibati - İqtisad Məhkəməsinə müraciət edib. Xədicə İsmayıl BBC Azərbaycancaya deyir ki, qurumdan ona göndərilən məktubda belə göstərilib.

Vergilər Nazirliyi BBC Azərbaycancaya belə bir müraciət etdiyini təsdiqləyib. 

Onun sözlərinə görə, Vergilər Nazirliyi iddia ərizəsində vergi tələbini Ali Məhkəmənin ötən ilin mayında Xədicə İsmayıl barəsində çıxardığı qərara istinadən irəli sürür: "Halbuki, həmin qərarda 63 min manat vergi öhdəliyi ilə bağlı heç nə yoxdur"

Xədicə İsmayıl deyir ki, Ali Məhkəmənin ötən ilin mayında verdiyi qərarında radiounun təxminən 45 min manatlıq vergidən yayındığı göstərilir: 

"Bu, 2008-2010-cu illərdə Azadlıq Radiosunun Bakı Bürosuna rəhbərlik etdiyim zaman radiounun bütün dövriyyəsindən gəlir vergisi verilməməsi ilə bağlıdır. Radio qeyri-kommersiya qurumu olduğu üçün gəlir vergisi verməməlidir və indi də bu məsələ ilə bağlı məhkəmə prosesi davam edir. Bununla bağlı, hər hansı məhkəmə instansiyası mənim üzərimə vergi öhdəliyi qoymayıb, bu, hökmdə açıq-aydın göstərilir".

Xədicə İsmayıl deyir ki, ona verilən və Ali Məhkəmənin hökmündə göstərilən ikinci ittiham qanunsuz sahibkarlıqla bağlıdır:

"Xarici media ilə əməkdaşlığım 2010-2014-cü illəri əhatə edir və 4 ildə 79 min manat gəlir əldə ediyim göstərilir. Bu gəlirin vergisini ödəmişəm. Amma bu fəaliyyətimə qarşı "qanunsuz sahibkarlıq" ittihamı irəli sürülüb, vergidən yayınma yox. Məhkəmə hesab edib ki, akkreditasiyadan keçmədən xarici media ilə əməkdaşlıq etmişəm və əldə etdiyim gəlir qanunsuz olub. Təbii, mən bu qərarla razı deyildim və hal-hazırda bu iş Avropa Məhkəməsindədir".

"Hesabıma 7 800 dollar pul köçürülüb"

Xədicə İsmayıl ona diqqət çəkir ki, Vergilər Nazirliyi onun sentyabrda aldığı pul mükafatının köçürülməyə başladığı bank hesabına həbs istəyib. 

Bu ilin sentyabrında Xədicə İsmayıl Kanadanın British Columbia Universitetinin "Allard" mükafatına layiq görülüb. Ona 100 min Kanada dolları (təxminən 78 min ABŞ dolları) civarında pul mükafatı verilib. Xədicə İsmayıl BBC Azərbaycancaya bildirmişdi ki, o, hesabına həbs qoyula biləcəyi ehtimalı ilə indiyə kimi aldığı pul mükafatlarının hesabına hissə-hissə köçürülməsini istəyib. Bu mükafatdan da ilkin olaraq hesabına 7 min 880 dollar köcürülüb, Xədicə İsmayıl deyir. 

"Hökmdə zərərçəkən tərəf göstərilməyib"

Xədicə İsmayılın vəkili Yalçın İmanov Vergilər Nazirlyinin iddia ərizəsində qanun pozuntularının olduğunu iddia edir. O, deyir ki, qurum Ali Məhkəmənin Xədicə İsmayıl barəsində ötən ilin mayında verdiyi hökmə istinad edir: "Halbuki, hökmdə zərərçəkən tərəf yoxdur, yəni, Vergilər Nazirliyi bu işdə mülki iddiaçı kimi tanınmayıb".

Yalçın İmanovun sözlərinə görə, Vergilər Nazirliyi vergi borcunun könüllü ödənməsi ilə bağlı Xədicə İsmayılın yaşadığı ünvana bildiriş göndərdiyini bildirir: "Halbuki, Xədicə İsmayıl belə bir göndəriş almayıb". 

Vəkil Xədicə İsmayıldan tələb olunan "63 min 138 manat 23 qəpiyin haradan çıxdığını hələ də müəyyənləşdirə" bilmədiklərini deyir: 

"Xədicə İsmayılla bağlı Ali Məhkəmənin hökmündə iki rəqəm var: 45 min manat və 76 min manat. 63 min manat haradan çıxıb, niyə çıxıb, hələ də anlaya bilmirik".

"Məhkəmə Xədicə İsmayılovanın vergi yayındırmasını təsdiq edib"

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, 2014-cü ildə Azadlıq Radiosu ilə bağlı araşdırma zamanı "120 min manatdan çox vergidən yayınma halı aşkar edilib". İbtidai istintaq bu qərara gəlib ki, ümumilikdə yayındırılmış vergi məbləğinin 63.138,23 manat hissəsi Xədicə İsmayılın rəhbər olduğu dövrə təsadüf edib. "Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılan zaman Xədicə İsmayılovanın 63.138,23 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması təsdiq olunub", qurumun mətbuat xidmətinin məlumatında bildirilir. 

Açıqlamada deyilir ki, buna görə də Vergilər Nazirliyi həmin borcun ödənilməsi üçün məhkəməyə müraciət edib.

Yüksək rütbəli məmurlar və onların ailə üzvləri haqqında araşdırmaların müəllifi Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib.

Həbs-qətimkan dövründə Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.

2016-cı ilin mayında təxminən 1 il 5 ay müddətində həbsdə qalmış jurnalist mənimsəmə və ya israf etmə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə bəraət alıb.

Ona qarşı hazırda qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma maddələri ilə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Həmin cəza məcəllənin şərti məhkumetmə maddəsinin tətbiq olunması ilə 5 il şərti cəza və 2 il dövlət və yerli özünü idarətmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum etmə ilə əvəzlənib.

Xədicə İsmayıl və onun əməkdaşlıq etdiyi Azadlıq Radiosu həbsin siyasi motivli olduğunu deyir və jurnalistin apardığı araşdırmalarla əlaqələndirir. Azərbaycan hökuməti bu iddiaları rədd edir.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər