Vergilər nazirliyi 'Turan' haqda qərarlarını ləğv edib

Vergilər nazirliyi 'Turan' haqda qərarlarını ləğv edib

Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin (İA) iki şikayətini təmin edib.

Bu haqda agentliyin məlumatında yazılır.

Məlumatda bildirilir ki, nazirlik “Turan”ın vergidən yayınması ilə bağlı verdiyi qərarını ləğv edib. Bundan başqa agentliyin 2010-2017-ci illər üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlamasının etibarsız sayılmasına qərar verilib.

“Turan” İA bildirir ki, nazirlik agentliyin poçt qutusuna 38 min manatdan çox vergidən yayınma və cəriməyə dair iddianın tam ləğv edilməsi barədə bildiriş göndərib.

Eyni zamanda, nazir müavini İlkin Vəliyevin imzaladığı məktubda yazılır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2010-2017-ci illər üzrə səyyar vergi yoxlaması ilə bağlı 16 avqust tarixli qərarı ləğv edilib.

Yoxlamanın ləğvi barədə rəsmən bəyan edilən 6 noyabr tarixli qərar agentliyə noyabrın 13-də daxil olub.

Ancaq agentlik 38 min manatdan çox vergidən yayınma və cərimə barədə Lokal Vergilər Departamentinin qərarının ləğvi haqda rəsmi təsdiq məktubunu, hələlik, almayıb.

Sonuncu dəfə “Turan” İA noyabrın 6-da Vergilər Nazirliyinə müraciət edərək 2010-2017-ci illər üzrə vergi yoxlaması barədə qərarın qanunsuz olduğunu bildirib.

“Turan” İA cinayət işinə xitam verilməsi barədə qərarı da indiyədək almayıb.

Oktyabrın 30-da Vergilər Nazirliyinin cinayət işinə xitam verildiyi, noyabrın 2-də isə Baş Prokurorluğun bunu təsdiqlədiyi bildirilir.

Buna da bax:

Lokal Gəlirlər Departamenti avqustun 7-də “Turan” agentliyini 2014-2016-cı illər üzrə 27 min manat vergidən yayınmada ittiham edib. Cərimə ilə birlikdə ümumi məbləğ 38 min manatdan çox təşkil edib. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib.

Bir sıra beynəlxalq təşkilat və ABŞ Dövlət Departamenti Mehman Əliyevin dərhal azadlığa buraxılmasını istəyiblər. Hətta ABŞ konqresində Mehman Əliyevin həbsində rolu olan şəxslərə qarşı sanksiya məsələsi gündəmə gəlib.

Sentyabrın 11-də prezident İlham Əliyevin “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılmasından ötrü aidiyyəti orqanlara tapşırıq verdiyi açıqlanıb. Elə həmin gün də Mehman Əliyevdən məhkəmədə Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq, o, azad edilib.

Sentyabrın 1-dən agentlik təsərrüfat-maliyyə fəaliyyətini rəsmi olaraq dayandırmışdı.

Yeni yaranmış vəziyyətlə əlaqədar “Turan” İA noyabrın 10-da təsərrüfat-maliyyə fəaliyyətini bərpa etməsi barədə Vergilər Nazirliyini məlumatlandırıb.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər