Varidatı ilə seçilən Seçina: ərindən boşandı, milyarder oldu – hesabı offşor zonalardadır

Varidatı ilə seçilən Seçina: ərindən boşandı, milyarder oldu – hesabı offşor zonalardadır

Təxminən bir həftədir ki, dünya ictimaiyyəti “Cənnəd sənədləri” adlı maliyyə qalmaqalı ilə məşğuldur.

Bu iş həm də offşor zonalarının əslində hansı cinayətkar məqsədlər üçün istifadə edildiyini açıqca ortaya qoyur.

Xüsusilə qanunun aliliyinin təmin olunmadığı, korrupsiya sistemin hökm sürdüyü, qeyri-qanuni pul əməliyyatlarının həyata keçirildiyi ölkələrdən bu zonalara hər il milyardlarla dollar pul axıdılır.

Bunun ən böyük örnəyi isə, heç şübhəsiz, Rusiya sayılmalıdır.

“Beynəlxalq araşdırmalar offşor zonalarının Vladimir Putinin yaxınları üçün necə sığınacaq rolu oynadığını göstərir”, - Fransanın “Le Monde” qəzetindən Benua Vitkin yazır.

Qəzet bununla bağlı konkret nümunə də gətirib.

Bu Rusiyanın oliqarxiya səhnəsinə yenicə daxil olan Marina Seçinadır.

2011-ci ilə qədər Marina Seçina Rusiyanın ən qüdrətli və varlı adamlarından biri sayılan , “Rosneft” korporasiyasının prezidenti, həmçinin Rusiya baş nazirinn müavini və prezident Vladimir Putinin yaxın dostu İqor Seçinin həyat yoldaşı olub.

2011-ci ildə boşandıqdan sonra İqor Seçin prezident kölgəsində öz yüksəlişinə davam edib. O, hətta yenidən, daha gənc Olqa Rojkova ilə evlənib. Bundan başqa, rusiyalı olaqarx yeni həyat yoldaşının şərəfinə yaxta da alıb, üstəlik, adını “Prinsessa Olqa” qoyub.

Lakin Marina da bu boşanmadan olduqca sərfəli şəkildə çıxıb. Əvvəllər sadə ev qadını sayılan və heç bir gəliri olmayan bu xanım kemiş həyat yoldaşı ilə ayrıldqıdan sonra biznes sahəsinə atılıb və milyardların sahibi olub.

“Cənnət sənədləri” dosyelərində xanım Seçinanın öz aktivlərini offşor zonalarına yatırdığı ortaya çıxıb.

Bunun üçün hazırda adı qara işlərdə hallanan “Appleby” hüquq firmasının köməyi və Avstriyanın “Meinl Bank” şirkətinin iştirakı ilə Marina Seçinanın adına “S Holdings Ltd” adlı şirkət Kayman adalarında qeydiyyatdan keçirilir.

Rusyanın “Novaya qazeta” qəzeti “Meinl Bank”ın sahibi Yulius Maynl haqqında da araşdırma aparıb.

Qeyd olunur ki, bu firma Avstriyanın ən qədim ailə şirkətlərindən biridir. Əsasən kofe istehsalı ilə məşğul olan olduqca məşhur bir bir marka sayılır. Şirkətin sahibi V Yulius Maynlın sərvətinin 4 milyard dollar civarında olduğu söylənilir.

Bundan başqa, şirkət enerji, daşınmaz əmlak, bank sahələrində fəaliyyət göstərir. Bunun üçün firma Rusiya, Türkiyə və Şərqi Avropanın bir çox yerlərində daşnmaz əmlak biznesi ilə məşğul olan “Meinl European Land” törəmə müəssisəsini belə qurub.

Ən maraqlısı da budur ki, bu adam 2009-cu ildə Avstriya polisi tərəfindən dələduzluqda təqsirləndirilərək həbs edilib. Həbsdən azad olmaq üçün Yulius Maynl tam 100 milyon dollar pul məbləğində girov qoymalı olub.

“Novaya qazeta” Maynlın ruslardan və başqa investorlardan pul qoparmaq üçün yaratdığı sistem barədə də məlumat verib.
Maynlın əsas ideyası problemli, lakin perspektiv vəd edən aktivləri ucuz qiymətə alıb, onarı inikişaf etdirərək daha sonra baha qiymətə satmaqdan ibarətdir.

Bu məqsədlə Maynl tərəfindən Böyük Britaniyanın Vircin adalarında “Gray Jackal Limited” (Boz çaqqal) adlı firma yaradılır. Həmin firma daha sonra Maltada fəaliyyət göstərən “Fulcrum Ltd” şirkətinə sahib olur. Bu şirkət Rusiyanın əmlak biznesi sahəsində fəaliyyət göstərən platformaya çevrilir.

Daha sonra Maynl ailəsinə məxsus olan trastlar (etibarnamə ilə idarə olunan şirkət-red.) “Boz çaqqal” vasitəsilə Maltadakı Fulcrum şirkətinə 40 milyon avro pul köçürür. “Fulcrum”un məxsus olduğu Rusiyanın “Soyuz properti development” şirkti isə hansısa şəhərdə ticarət mərkəzini alır. Bu məqsədlə Fulcrum şirkətinə “seçilən” sərmayədarlar cəlb olunur. Həmin investorlardan bir də Seçina və onun Kayman adalarında qeydə alınan başıbəlalı “S Hoıdings” şirkətidir.

Beləliklə, Avstriyanın qəhvə impertatoru bu cür mürəkkəb sxemlə Rusiya və Şərqi Avropada ticarət mərkəzlərinin, tikinti obyektlərinin sahibinə çevrilməyi bacarır.

Seçina isə bunun sayəsində Rusiyadan çıxarılan və hardan gəldiyi məlum olmayan, daha doğrusu, dövlətdən oğurlanan milyonlarla pulları rahatlıqla offşor hesablarda yatırmağı və hətta onu Rusiyada gəlirə çevirməyi bacarır.

“Le Monde”-un məqaləsində Rusiyanın hazırkı elitasının bir çox nümayəndələrinin, o cümlədən Rotenberq qardaşları, Oleq Deripaska, Gennadi Timçenko, Əlişir Usmanov və bşqalarının da bu cür xidmətlərdən yararlandığını qeyd edilir.

Məqalə müəllifi Benu Vitkin Rusiyadan bu cür kütləvi kapital qaçışının səbəbinin adları çəkilən oliqarxların öz ölkələrinin hakim sisteminə inamsızlığı ilə əlaqələndirir. Hər nə qədər qüdrətli görünsələr də bu adamlar bir gün taladıqları pulların əllərindən alınacağı qorxusu ilə yaşayırlar.

Offşor zonaları isə korrupsiyalaşmış vergi orqanlarının və rüşvətxor məmurların istənilən qarətindən etibalrlı müdafiəni təmin edə bilir.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər