Sabah siqaret və araq bahalaşa bilər – FİRMALAR QİYMƏTİ QALDIRDI

Sabah siqaret və araq bahalaşa bilər – FİRMALAR QİYMƏTİ QALDIRDI

Bu günlərdə siqaretin qiymətinin qalxacağı gözlənilir. PressClub.Az-a bu haqda marketdə satıcılar deyiblər.

Belə ki, artıq firmalar siqaretin bir blokunda 90 qəpik qiymət artımı ediblər. Satıcılar deyirlər ki, bu günə kimi “Kent” markalı siqaretin bir blokunu 22 manat 60 qəpiyə alırdılarsa, bu gün firmalardan blokun qiyməti 23 manat 50 qəpikdir. Marketlər isə, hələlik rəsmi bahalaşma elan olunmadığına görə, alışdan imtina ediblər. Müşahidələrimiz də onu göstərir ki, marketlərdə son 2 gündə siqaret qıtlığı yaranıb.

Bununla yanaşı spirtli içkilərin də qiymətində bahalaşmanın olacağı gözlənilir. Çünki aksiz vergisinin artırılması gündəmdədir ki, bu da tütün və spirtli içki məhsullarının qiymətinə təsir edəcək.

Tütün məmulatlarının qiymətinin artacağı gözlənilən idi. Belə ki, bir müddət öncə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev vergi rüsumlarının artırılması ilə bağlı Komitəyə hər hansı müraciətin daxil olmadığını desə də, bəzi aksiz vergilərinin artırılmasının gündəmdə olduğunu söyləmişdi: “Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Bilirsiniz ki, manatın devalvasiyasından sonra bugünkü mövcud vəziyyət həqiqətəuyğun deyil”.

A.Əliyev qeyd etmişdi ki, tütün məmulatları, spirtli içkilərə tətbiq olunan aksiz vergisi artırıla bilər: “Bilirsiniz ki, ölkəmizdə bu sahədə kifayət qədər müəssisələr fəaliyyət göstərir. Bizim əsas vəzifələrimizdən biri də daxili istehsalı qorumaqdır”.

Ekspertlər də deyirlər ki, aksiz vergisi artırılarsa, siqaretin qiyməti qalxacaq. İqtisadçı Vüqar Bayramov PressClub.Az-a bildirib ki, xüsusi aksiz markaları tətbiq olunarsa və yaxud da aksiz vergiləri artırılarsa, bu, istehlak bazarında qiymət artımlarına gətirib çıxaracaq: “Nəzərə alsaq ki, Azərbaycan tütün və spirtli içkilərə olan tələbatın əhəmiyyətli hissəsini məhz idxal hesabına ödəyir, idxala tətbiq edilən aksiz vergilərin artırılması nəticədə qiymət artımlarına gətirib çıxardacaq. Əgər artımlar olacaqsa, optimal artımlara gedilməsinə ehtiyac var. Çünki kəskin artımlar kəskin qiymət artımları deməkdir. Bu da vətəndaşların xərcinin artmasına gətirib çıxardır”.

Onun sözlərinə görə, adətən maya dəyərinin artmasının birinci səbəbi yerli valyutanın ucuzlaşması olur, çünki xarici iqtisadi əlaqələrlə məşğul olan şəxslər həmin məhsulları dollar və ya avro ilə alırlar: “Maya dəyərinin artmasının ikinci səbəbi gömrük və vergi orqanlarının rüsum və vergilərinin dərəcələrinin artırılmasıdır. Hər iki halda qiymət bahalaşması baş verir. Bu da vətəndaşlara təsir edəcək”.
“Bu, həm büdcə gəlirlərinin artırılması baxımından müsbətdir, həm də vətəndaşların spirtli içkilərdən və tütün məmulatlardan uzaq durmalarına maddi baxımdan təzyiq edə bilər. İstənilən halda qiymət bahalaşması birmənalıdır”.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər