''Azərişıq'' 2016-cı ili 25 milyon manatdan çox zərərlə başa vurub

''Azərişıq'' 2016-cı ili 25 milyon manatdan çox zərərlə başa vurub

İqtisadçılar şirkətdə auditin aparılmalı olduğunu deyirlər 

2016-cı ilin dekabr ayının 31-i tarixinə “Azərişıq” ASC-nin aktivləri 2 mlrd. 374 mln. 19,676 min manat təşkil edib.

APA müəssisənin balans hesabatına istinadən xəbər verir ki, aktivlərin həcmi 2015-ci illə müqayisədə 17,07% artıb.

Aktivlərin 1 mlrd. 633,181 mln. manatı uzunmüddətli, 740,839 mln. manatı qısamüddətlidir. “Azərişıq” ASC-nin qısamüddətli debitor borcları 678,077 mln. manat təşkil edir. 

Maraqlıdır ki, dövlət müəssisinin şübhəli borclar üzrə 44,658 mln. manat məbləğində ehtiyatları var,  - deyə agentlik yazır.

Hesabat dövründə “Azərişıq” ASC-nin öhdəlikləri 51,28% artaraq 996 mln. 301,603 min manata çatıb. Öhdəliklərin 815 mln. 370,545 min manatı uzunmüddətli, 180 mln. 931,059 min manatı isə qısamüddətlidir. Öhdəliklərin strukturuna nəzər saldıqda məlum olur ki, ASC-nin 49 mln. 345,849 min manatlıq təxirə salınmış vergi öhdəliyi, 55 mln. 832,061 min manat məbləğində isə uzunmüddətli faiz xərci yaradan öhdəlikləri var. 

2016-cı ilin sonuna “Azərişıq” ASC-nin ümumi mənfəəti 76 mln. 831 min 619,72 manat təşkil edib. 

Müəssisə satışdan 756 mln. 784 min 979,47 manat əldə etdiyi halda, satılmış məhsulun maya dəyərindən 679 mln. 953 min 359,75 manat zərərlə üzləşib.

“Azərişıq” ASC 2016-cı ili 25 mln. 636 min 439,15 manat məbləğində zərərlə başa vurub. 

2015-ci ilin sonuna müəssisənin zərəri 31 mln. 286 min 554,94 manat idi.

İqtisadçı Nemət Əliyev Meydan TV-yə deyib ki, energetika sektorunda böyük biabırçılıqlar baş verir və korrupsiyanın tüğyan etdiyi sahələrdən hesab olunur. 

“Əgər hökumət vətəndaş cəmiyyətinin iştirakı ilə normal komissiya yaradıb təftiş aparsa, “Azərenerji” və “Azərişıq”da fəaliyyət göstərən bütün idarələr bağlanmalı olacaq. İllər uzunu bu qurumlar ölkənin enerji sektorunu borc şəklində idarə ediblər”, - iqtisadçı deyib.

 

Nemət ƏliyevNemət Əliyev. Fotoqraf:: Amerikanin Sesi 

 

O, hesab edir ki, zərərin əmələ gəlməsinin əsas səbəbi xərclərin şişirdilməsidir. N.Əliyevin fikrincə, xərclər şişirdilirsə, deməli, dövlətin ayırdığı vəsait mənimsənilir. 

İqtisadçı “Azərişıq”a subsidiya ayırmağın heç bir mənası olmadığını düşünür. 

“Son illərdə elektrik enerjisinin qiymətləri bir neçə dəfə artırılıb. Bu qərarlar qəbul olunarkən əldə olunan gəlirlərin artacağını və bunun bütövlükdə enerji sektorunda islahatların, yenidənqurma işlərinin aparılacağına təkan verəcəyi bildirilirdi, nəticədə rentabellik təmin olunacaq. Amma hər dəfə qiymətlər artsa da, rentabellikdən söhbət getmir”.  

İqtisadçı Qadir İbrahimli “Azərişıq” ASC-də zərərin yaranmasında iqtisadi əsasın olduğuna inanmadığını hesab edir:

“Azərbaycanda elektrik enerjisi çox baha qiymətə əhaliyə satılır, güzəştli limitlə 7 qəpiyə, limiti aşdıqdan sonra 11 qəpikdən hesablanma gedir. Belə olanda zərər yaranırsa, deməli, şirkətdəki korrupsiya amillərini araşdırmaq vacibdir. Yaxşı olardı hökumət “Azərişıq” ASC-də müstəqil audit aparsın və borcların niyə yarandığı sualına cavab verilsin. Ötən ildən elektrik enerjisinin qiyməti artıb və bu  mənada ziyanın yaranması ciddi araşdırılmalıdır”.

 

Qadir İbrahimliQadir İbrahimli. Fotoqraf:: Meydan TV 

 

İqtisadçı güman edir ki, zərər tendensiyası yeni bahalaşma dalğasının anonsudur. Gələn ildən həm nəqliyyatda gediş haqqı artırılar, həm də elektrik enerjisinin qiyməti qaldırılar. 

“Azəriqaz” qazın qiymətini artıranda şirkətin ziyanla işlədiyini, xərcləri qarşılamağın asan olmadığını bəyan etmişdi. Bu mənada zərərin ictimailəşməsi növbəti bahalaşmaya hazırlıqdır”, - Q.İbrahimli deyib.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər