Kommersiya məhkəməsi: ora kimlər müraciət edəcək?

Kommersiya məhkəməsi: ora kimlər müraciət edəcək?
Загрузка...
 Azərbaycanda yeni yaradılacaq kommersiya məhkəmələri yalnız hüquqi şəxslərin mübahisəsini həll edəcək. Yeni yaradılacaq məhkəmə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələr, sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlərə baxacaq, bu barədə təkliflər hazırlayan Ədliyyə Nazirliyindən bildirilib. Yeni məhkəmə strukturunun yaradılması ilə bağlı bəzi hüquqşünaslar və iqtisadçıların fikirləri müxtəlifdir. Bəziləri minlərlə kommersiya mübahisəsinin olduğunu deyərək hakimlərin ixtisaslaşmasını doğru addım kimi sayır, bəziləri isə belə bir ixtisaslaşdırılmanın elə İqtisadi-İnzibati Məhkəmənin özündə aparılmasını daha məqsədəuyğun sayır.
Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların aparılması vacibliyi barədə ilk dəfə bir neçə ay əvvəl sənət adamları ilə keçirdiyi görüşdə bildirmişdi. Bundan bir müddət sonra "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" prezident fərmanı imzalandı. 
"Ayrıca məhkəmə sisteminə nə ehtiyac?"
İqtisadi təhlilçi Natiq Cəfərliyə görə, "hökumət ədalətli məhkəmə sisteminin vacibliyini anlayır, amma bunu paralel struktur şəklində görmək istəyir". "Ayrıca məhkəmə sisteminin yaradılmasına ehtiyac yoxdur. Bu yanaşmanın özü Azərbaycanda paralellik xəstəliyinin davamıdır. Ədalət paralel ola bilməz. Asan xidmətdən sonra paralel strukturlar yaradılır. Paralel strukturlar daha çevik, cəlbedici və effektiv olur, amma ənənəvi strukturlarda da eyni səlahiyyətlər qalır. Bu da idarəetmənin və verilən qərarların effektivliyini xeyli zədələyir".
Natiq Cəfərli hesab edir ki, kommersiya məhkəmələri iqtisad məhkəmələri ilə birləşdirilməli və ya iqtisad məhkəməsinin ştat sayı artırılmalı idi ki, "işlərə daha çevik, tez və ədalətli baxa bilsinlər". "İqtisad məhkəmələrinə daha çox səlahiyyət verməkdənsə, işlərin daha intensiv görülməsi üçün müəyyən müstəqil şərait yaratmaqdansa paralel məhkəmələr yaradılır. Ümumilikdə, aşağı instansiya məhkəmələrindən Ali Məhkəməyə qədər yenidən dizayn edilməli, qanunlarla səlahiyyətləri artırılmalı, icra hakimiyyətinin müdaxilə imkanları sıfıra endirilməlidir. Bu zaman məhkəmə işləyəcək".
Prezident fərmanda deyilir ki, yeni yaradılacaq məhkəmə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələr, sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlərə baxacaq.
Ədliyyə Nazirliyindən adının çəkilməsini istəməyən mənbə kommersiya məhkəmələrinə "paralel struktur" kimi baxılmasının və təqdim edilməsinin əleyhinədir. O, BBC News Azərbaycancaya deyir ki, bəzi Avropa ölkələrində ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış məhkəmələr var, Azərbaycanda yaradılacaq yeni məhkəmə də belə ixtisaslaşmış olacaq. Nazirlikdən bildirilib ki, ilkin təkliflərə görə, məsələn, əmək qanunvericiliyindən doğan iqtisadi mübahisələrə birinci məhkəmə instansiyaları baxacaq. Pensiyanın, müavinətin hesablanması kimi inzibati mübahisələr İnzibati məhkəmələrdə mühakimə olunacaq, ilkin təkliflərdə göstərilir. 
"Hakimlər ixtisaslaşacaq"
Hüquqşünas Əkrəm Həsənovun fikrincə, yeni məhkəmə strukturlaşması hakimlərin ixtisaslaşmasına gətirib çıxaracaq. "Düşünürəm ki, bu dəyişiklik mahiyyətcə hakimlərin ixtisaslaşmasına xidmət edir. Azərbaycanda kommersiya mübahisələrini daha çox orta və iri sahibkarlar qaldırır. Bu da onun üçündür ki, orta və iri sahibkarların biznesi hansısa hakimin bisavad qərarından asılı olmasın".
Prezident fərmanında vurğulanır ki, yeni məhkəmələr "sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə" yaradılır.
"Azərbaycanda, xüsusilə məhkəmə sistemindən şikayətlər çoxdur"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov BBC News Azərbaycancaya deyib ki, kommersiya məhkəmələri "sahibkarların işini yüngülləşdirmək və onların öz məsələlərini məhkəmələrdə daha rahat həll edə bilmələri üçün" yaradılır. O, Azərbaycanda məhkəmə-hüquq sistemindən, xüsusilə məhkəmə sistemindən şikayətlərin çox olduğunu deyir.
"Təkcə son vaxtlar kommersiya işləri ilə bağlı, məsələn, bank sistemi ilə əlaqədar 200 mindən çox məhkəmə işi var. Məhkəmələrdəki işlər çox olduğu üçün çatdırmaq çox çətindir. Ona görə də iqtisad məhkəmələrindən əlavə kommersiya məhkəmələri yaradılır ki, müəyyən qədər sahibkarların işi yüngülləşdirilsin", deyə Vahid Əhmədov qeyd edib. Millət vəkilinin sözlərinə görə, iqtisadi və kommersiya məhkəmələrinin səlahiyyətləri fərqli olsa da, statusu eyni olacaq, bu instansiyanın qərarları ilə razılaşmayanlar Apellyasiya Məhkəməsinə və daha sonra Ali Məhkəməyə apellyasiya verə biləcəklər.
Загрузка...
Загрузка...

Xəbər lenti