Jurnalistlərə bina tikmiş şirkətin əsl sahibi Əli Həsənov olub

Jurnalistlərə bina tikmiş şirkətin əsl sahibi Əli Həsənov olub
 Jurnalistlərə tikilən binalarda 16 milyon 920 min manat yeyinti olub
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 11 il rəhbərlik etmiş Vüqar Səfərli və daha 10 nəfərin işi üzrə məhkəmə araşdırmaları davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə noyabrın 4-də keçirilən məhkəmə prosesində Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binaların keçmiş komendantı, "Jurnalist evi” MMC-nin direktoru olmuş Bünyamin İsmayılov dindirilib.
"Maaşdan başqa gəlirim olmayıb”
Bünyamin İsmayılov təqsirləndirilən şəxs olsa da, həbsdə deyil. O, məhkəmədə ifadəsində bildirib ki, 10 ilə yaxın MTN-in Tikinti İdarəsində mülki işçi kimi çalışıb. 2014-cü ildən isə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Tikintiyə Nəzarət şöbəsində işləməyə başlayıb: "Mən işə başlayanda artıq jurnalistlər üçün ikinci binanın yarısı tikilmişdi. Mənə birinci binanın birinci mərtəbəsində ofis verilmişdi. Vəzifəm tikintiyə nəzarət etmək, görülən işlərlə bağlı sənədləri tərtib etmək idi. Bundan başqa, bütün dövlət qurumları ilə yazışmalar aparırdım, hər ayın axırında sənədləri toplayırdım, nə işlər görülübsə, onları qeydə alırdım, işlərin gedişatı barədə Vüqar Səfərliyə məlumat verirdim”. 

Bünyamin İsmayılov deyir ki, prokurorluqda istintaqa ifadə verərkən səmimi danışıb. Heç kimlə əlbir olmadığını, digər təqsirləndirilən şəxslərin əksəriyyətini heç tanımadığını vurğulayan təqsirləndirilən şəxsin sözlərinə görə, maaşdan başqa əlavə gəliri olmayıb. Jurnalistlər üçün tikilən binalarda nöqsanların olduğunu təsdiqləyən keçmiş komendant deyir ki, bunlar barədə də rəhbərliyə məlumat verib: "Mələsən, binanın layihəsində yerə parket vurulması nəzərdə tutulmuşdusa, laminat vururdular. Bu barədə rəhbərim Vüqar Səfərliyə məlumat vermişdim. O da məsələdən xəbərdar olduğunu demişdi”. Bünyamin İsmayılov ona qarşı irəli sürülmüş ittihamla razılaşmayıb. Onun istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olduğuna görə cinayət işinin materiallarında olan ifadə elan edilib. Həmin ifadədə uzun illər Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə rəhbərlik etmiş, prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı çəkilib.
"Nadir Məmmədov formal direktor olub”
Jurnalistlər üçün binaları tikmiş "Portos” MMC-nin direktoru olmuş Nadir Məmmədov da təqsirləndirilən şəxslər arasındadır. 11 nəfər təqsirləndirilən şəxsdən yalnız ikisi Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir.
Bünyamin İsmayılovun istintaqa ifadəsində yazılıb ki, Nadir Məmmədov şirkətin direktoru olsa da, əsas rəhbərlik edən və qərar verən Əli Həsənov idi: "Nadir Məmmədov formal direktor olub. Hətta üçüncü binanın tikintisi zamanı Nadir Məmmədov direktorluqdan çıxarıldı, yerinə Əli Həsənovun qohumu Ədalət Vəliyev gəldi. Lakin o, bu işi bacarmadığına görə yenidən Nadir Məmmədov şirkətə direktor təyin edildi. İkinci və üçüncü binanın tikintisi zamanı mən xeyli nöqsanlar aşkarladım, bu barədə rəhbərliyə məlumat verdim”.
"Əli Həsənov üçüncü binanın tikintisi zamanı həftədə bir dəfə binaya gəlir, işlərin gedişi ilə maraqlanırdı. Mən o zaman Nadir Məmmədovdan Əli Həsənova şikayət etdim, nöqsanları dedim. O, Nadir Məmmədova öz tapşırıqlarını verdi. Binada nöqsanlar var idi. Məsələn, yerlərə parketin vurulması nəzərdə tutulsa da, laminat vurmuşdular. Lakin qiymətləndirmədə parketin qiyməti yazılmışdı. Binada təmir zamanı istifadə olunacaq materiallar brend mallar nəzərdə tutulsa da, Çin istehsalı mallarından istifadə olunmuşdu. Pəncərə altlıqları mərmərdən göstərilsə də, plastikdən vurulmuşdu. Divarlara parça oboy qiymətinə adi oboy vurulmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O, cavabında dedi ki, binada görülən işlərə Əli Həsənov nəzarət edir, mən qarışmayım”, – təqsirləndirilən şəxsin ifadəsində bildirilir.
Bu ifadə elan ediləndən sonra Bünyamin İsmayılov bildirib ki, belə ifadə verməyib: "Mən istintaqda bir dəfə də olsun, Əli müəllimi adını çəkməmişəm”.
Vüqar Səfərli: "Sənəddə əvvəl laminat yazılmışdı, mən sonradan bildim ki, parket vurulmalı imiş”
Prokurorun suallarını cavablandıran Bünyamin İsmayılov bildirib ki, layihədə göstərilənlərlə görülən işlər arasında hər hansı fərq olanda rəhbərliyə məruzə edib. Vəkillərdən biri Vüqar Səfərlidən layihədə göstərilən materiallarla istifadə olunan materiallar arasındakı fərqin səbəbini soruşub. Sual verilib ki, niyə layihədə parket yazıldığı halda, laminatdan istifadə olunub. Vüqar Səfərli bildirib ki, bu məsələdən sonradan xəbər tutub: "Sənəddə əvvəl laminat yazılmışdı, mən sonradan bildim ki, parket vurulmalı imiş. Ümumiyyətlə, orada bəzi işlər var idi ki, layihədə nəzərdə tutulmamışdı, amma görülməli idi”.
Memar: "Vüqar Səfərlini şəxsən tanımamışam”
Daha sonra təqsirləndirilən şəxslərdən biri, jurnalist binalarından ikisinin layihəsini hazırlamış memar Telman Tahirov ifadə verib. O bildirib ki, digər təqsirləndirilənlərlə əlbir olub, milyonlarla vəsait mənimsəməsi barədə ittihamı qəbul etmir. Memarın sözlərinə görə, hətta Vüqar Səfərlini də şəxsən tanımayıb, onu televizorda görüb. Telman Tahirov deyib ki, sifariş əsasında layihə hazırlanır, Baş Ekspertiza İdarəsinə göndərilirdi. Son qərarı da bu idarə verirdi.
O bildirib ki, ikinci binanın tikinti qiyməti layihədə 1 milyon 154 min manat göstərilsə də, Ekspertiza İdarəsi 1 milyon 108 minə salmışdı. Üçüncü binanın qiymətini isə idarə 910 min manatdan 871 minə salmışdı. Prokuror bu təqsirləndirilən şəxsə suallar verərkən məlum olub ki, ittihamda üç binadan ikisində 16 milyon 920 min manat mənimsəməyə yol verilməsindən söhbət gedir. Telman Tahirov mənimsəmənin ona heç bir aidiyyəti olmadığını deyib. Təmir zamanı bahalı avadanlıqlar əvəzinə keyfiyyətsiz materiallardan istifadəyə gəlincə, təqsirləndirilən şəxs vurğulayıb ki, onlar yalnız tikintinin layihəsini hazırlamaqla məşğul olublar: "Mənə Fond sifarişi verirdi, mən də layihəni hazırlayıb ekspertiza idarəsinə göndərirdim. İdarədən layihə ilə bağlı rəy gələndən sonra mənim işim başa çatırdı”.
Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.
Xatırlatma
Məhkəmə qarşısında Vüqar Səfərli ilə yanaşı, daha 10 nəfər dayanıb. Onların arasında "Portos” MMC-nin direktoru Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, Fondun mühasibi olmuş Təhminə Yaqubova, "Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, "Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var. Lakin təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir. Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. 11 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamda yazılanlarla razılaşmırlar.

Xəbər lenti