"İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki təbii sərvətləri yenidən qiymətləndiriləcəyini bildirib. Qurum açıqlayıb ki, "hazırda əsas məqsəd qalıq ehtiyatlarını hesablamaq və dəymiş zərərin miqyasını müəyyənləşdirməkdir”.
"İşğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdəndir. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilmişdi", qurumun məlumatında deyilir. Nazirlik hazırda həmin faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmadığını bildirərək, bəyan edib ki, "Azərkosmos”un təqdim etdiyi aerofotoşəkillərə əsasən,bu yataqların bir hissəsi istismar olunub.
Qurum, həmçinin 1993-cü ildə Zəngilan rayonunun malik olduğu faydalı qazıntı ehtiyatlarının qədərini açıqlayıb: "1993-cü ilədək bu rayonda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları - 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon kubmetr inşaat daşı, 14 milyon kubmetr çınqıl, 6 618 min kubmetr üzlük daşı, 1,1 milyon kubmetr gil, 2,5 milyon kubmetr qum, gündəlik ehtiyatı 18000 kubmetr/gün yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub".

Xəbər lenti