İran yük maşınlarının Qarabağa səfərini qadağan edib

İran yük maşınlarının Qarabağa səfərini qadağan edib
Bu ölkənin XİN-i nəqliyyat şirkətlərinə məktub göndərib
İran İslam Respublikası özəl şirkətlərin yük avtomobillərinin Dağlıq Qarabağ və Laçın bölgələrinə səfərini qadağan edib. Məlumatı "Mehr" agentliyi İranın Beynəlxalq Daşımalar və Tranzit Yolları İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayətiyə istinadən yayıb.
O, İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli təlimatına istinadən beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına bu barədə məktub göndərdiyini deyib. İran İslam Respublikasının ərzaq və yanacaq-sürtkü materialları ilə dolu 60 furasının Xankəndiyə getməsi barədə ilk məlumatlar sentyabr ayında yayılıb. Maşınların keçdiyi yolun 20 km-dən çox hissəsi Azərbaycan ərazisinə düşür. Həmin məlumatlar yayılan ərəfədə Azərbaycan DİN və Dövlət Gömrük Komitəsinin xüsusi bölmələri ərazidə yerləşdirilib.
Bununla da Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları sentyabrın 12-dən İran avtomobillərinin sürücülərindən ölkə ərazisindən keçdikləri üçün rüsum tutmağa başlayıb.
Oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu” Agentliyinə müsahibə verərək demişdi ki, İran İslam Respublikasının yük maşınları müntəzəm şəkildə Qarabağın ermənilər yaşayan bölgəsinə gedirlər: "Bu barədə məlumatımız vardı. Əlbəttə ki, indiki kimi dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, narazılığımızı müxtəlif kanallarla İran tərəfinə bildirirdik. Lakin bu müddət davam edirdi. Müharibə bitdikdən sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Azərbaycanın hərbi mövqelərindən Xankəndinə gedən yola qədər olan məsafə, bəlkə də, 5-6 metr təşkil edir:
"Laçın dəhlizi boyunca, eləcə də Şuşa ətrafında və digər bölgələrdə kifayət qədər texniki imkanlara sahibik. Kameralar var. Peykdən, dronlardan istifadə edirik. Gördük ki, yük maşınları müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda Prezident Administrasiyasının işçilərinə İranın Azərbaycandakı səfiri ilə danışmaqla bağlı göstəriş verdim. Bunu rəsmi etmək istəmirik. Dostca danışsınlar və buna son qoymaq lazım gəldiyini desinlər. Bu, bizə qarşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Buna son qoyulmalıdır. Söhbət səhv etmirəmsə, iyul ayında oldu. Bundan sonra, əlbəttə ki, bu məsələni izləməyə başladıq və hər ayın əvvəlində nə qədər yük maşınının çıxdığı, neçə maşının girdiyi, nə gətirdiyi, nə götürdüyü barədə bizdə məlumat olur. Avtomobillərin nömrələrinə qədər bizdə bütün məlumatlar var”.

Xəbər lenti