İlham Əliyevi tənqid edən AXCP üzvü 10 il azadlıqdan məhrum edildi

İlham Əliyevi tənqid edən AXCP üzvü 10 il azadlıqdan məhrum edildi
Vəkil məhkəmə hökmündən apelyasiya şikayəti verəcək
Sosial şəbəkələrdə hokuməti, o cümlədən şəxsən Prezident İlham Əliyevi tənqid edərək, uşaqpulu verilməsini tələb edən AXCP üzvü Aqil Hümbətov 10 il azadlıqdan məhrum edildi. Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, o, Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə təqsirli bilinib.
İddia olunur ki, o, Xəzər rayonu, Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsi bıçaqlayıb. Aqil Hümbətov isə bu ittihamın yalan olduğunu, siyasi sifarişlə həbs edildiyini bildirib. Hökmdən əvvəl son sözündə də deyib ki, həbsinin səbəbi sosial şəbəkələrdəki canlı yayımlarda çıxışlarıdır. Həmin çıxışlarında o, hökumətin sosial siyasətini tənqid edir, Prezident ailəsi də daxil olmaqla, məmur övladlarının milyonlarla manatlıq əmlaka sahib olduğu halda, sadə insanların uşaqlarına çörək almağa imkanı olmadığını bildirirdi.
O, hökumətin uşaqpulu verməsini tələb edirdi. Aqil Hümbətov son sözündə bildirib ki, Yamən Məmmədov öz-özünü bıçaqlayıb. Onun sözlərinə görə, zibillərini atmaq adıyla onu çağırıb, orada təxribat yaradıblar. AXCP fəalının sözlərinə görə, dərhal polislərin hadisə yerinə çatması, təcili yardıma zəng edən nömrənin Xəzər Rayon Polis İdarəsinin rəis müavininə məxsusluğu da bu hadisənin əvvəldən planlaşdırılmış təxribat olduğunu sübut edir:
"215-lə başlayan nömrədən zəng olunub. Amma yazıblar ki, guya təcili yardıma Yamən Məmmədovun anası zəng eləyib. Guya əvvəl təcili yardım gəlib, sonra polislər, amma əslində belə olmayıb”. Aqil Hümbətov deyib ki, onu saxlayıb polis idarəsinə aparandan sonra orada işgəncə verib, zorlamaqla hədələyib, öz əleyhinə olan yalan ifadəni imzalamağa məcbur ediblər.
Aqil Hümbətovun vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, məhkəmə bu cinayət işi ilə bağlı bir çox zidiyyəti araşdırmadı, ekspertiza keçirməkdən imtina etdi. Vəkil hökmdən apelyasiya şikayəti verəcək. Aqil Hümbətov küçədən yığdığı tullantıları çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı.
O, 2020-ci martın 29-da "Facebook” hesabından tənqidi çıxışlarından birindən sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada onu üç ay məcburi saxladıqdan sonra buraxıblar. Aqil Hümmətova ondan əvvəl də inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Xəbər lenti