İlham Əliyev: Orduya göstəriş vermişəm ki, təmkinli olsunlar

İlham Əliyev: Orduya göstəriş vermişəm ki, təmkinli olsunlar
 Prezident ötən gün işğaldan azad olunan kəndlərin adını açıqlayıb Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müaciət edib. O, sentyabrın 27-də başlanan Ermənistan-Azərbaycan müharibəsinin gedişatına toxunub. Bu gün səhər saat 08:00-dan növbəti atəşkəs rejiminin elan edildiyini bildirib: "Məndə olan məlumata görə Ermənistan 1 saat sonra atəşkəs razılığını pozub. Ancaq mən orduya göstəriş vermişəm ki, təmkinli olsunlar”. Prezident dünən, oktyabrın 25-də azad edilən bəzi Azərbaycan kəndlərinin də adlarını sadalayıb.
Bunlar Zəngilanın Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd, Cəbrayılın Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlının isə Padar, Əfəndilər, Yüsifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləridir. Dünən azad edilən ərazilər arasında Qubadlı şəhəri də var. 1933-cü il martın 14-də yaradılan Qubadlı rayonunun 1 şəhəri (Qubadlı), 93 kəndi var. Sahəsi 802 kv/kmdir.
Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir.
Azərbaycan son bir ayda 150-dən artıq kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb. Tərəflər düz 3 dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Ancaq hər dəfə atəşkəs pozulub, cəbhənin bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilib.

Xəbər lenti