Məşhur reperin görüntülərini yayınlar cəzalandırılacaq

Məşhur reperin görüntülərini yayınlar cəzalandırılacaq

Məşhur reper Anar Nağılbazın şəxsi həyatına aid məlumatların yayılması ciddi müzakirə mövzulaırndan birinə çevirilib. Reper mətbuat konfransı keçirib və həmin görüntülərin montaj işi olduğunu deyib. Videoların yayılmasında konkret şəxsləri ittiham edib, ona böhtan atıldığını dilə gətirib.

Bildirib ki, müvafiq addımlar atmaqla şəxsi həyatına müdaxilə edənlərin cəzalandırılmasına nail olacaq. Bəs şəxsi həyata müdaxilə cinayət məsuliyyəti yaradırmı?

Vəkil Əsabəli Mustafayev

Vəkil Əsabəli Mustafayev deyir ki, şəxsi həyata müdaxilə yolverilməzdir: “Anar Nağılbaz ictimiyyətdə tanınan şəxsdir, rep ifaçısıdır. Sıradan olan şəxslər maddi mənəvi zərərə görə 10-15 min manat maddi təzminat tələb edə bilərlərsə, Anar Nağılbaz ictimai nüfuzuna vurulan zərərə görə 25-35 min manat tələb edə bilər. Konstitusiyaya əsasən də şəxsi həyata müdaxilənin yolverilməzdir. Konstitutsiyaya edilən sonuncu dəyişikliyə əsasən, şəxsi həyata müdaxilə kimi qeyd olunur və yolverilməzdir. Həmin videonun yayılması həqiqət və yalan olmasından asılı olmayaraq hüquqi məsulliyyət yaradır. Həmin əməl cinayət məcəlləsinin təsiri altına düşür. Əgər görüntülər həqiqətdirsə, bu, şəxsi həyata müdaxilədir. Yalan, şər-böhtandırsa burada cinayət məsulliyyətini yaradan amillər mövcuddur. Həmin görüntüləri yayan şəxslər 2 il azadlıqdan məhrumetmə cəzası cəzalandırıla bilərlər.

Vəkil Anar Qasımlı

Vəkil Anar Qasımlı deyir ki, Anar Nağılbaz şəxsi həyatına müdaxilə ilə bağlı məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət edə bilər: “Məhkəmələrə xüsusi ittiham qaydasında müraciət edə, şərəf və layəqətinin alçaldılmasına görə konkret şəxsin cəzalandırılmasını tələb edə bilər. Bununla yanaşı polis və prokurorluq orqanına da müraciət edib şəxi məlumatların yayılmasınəı təşkil edən şəxsləri cəzalandırılması istəyə bilər. Hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində belə deyilir. Qanunda göstərilən hallardan başqa, şəxsi həyata qarışmaq qadağandır. Şəxsin şəxsi həyatının basilica 3 sahədən formalaşdığı qəbul edilir.

Birincisi, ümumi həyat sahəsidir ki, bu sahə başqaları tərəfindən bilinməsi mümkün olan, cəmiyyətə açıq bilgiləri əhatə edir. Məsələn, şəxsin kinoya, teatra, idman yarışlarına getməsi, bağda gəzintiyə çıxması, bazara getməsi və s. Şəxsin ümumi həyat sahəsi barədə informasiyanın gizliliyi qanunla qorunmur.

İkincisi, şəxsin özəl həyat sahəsidir ki, buraya aid olan informasiyalar, məhdud sayda və müəyyən meyarlara uyğun insanlarla (həkim, vəkil və s.) bölüşdürülə bilər. Bu sahəyə girən informasiyanı üçüncü şəxslər biləndə özəl həyat pozulmuş olur. Özəl həyat şəxsin peşə həyatı, ailə həyatı, yəni qapısını bağlayıb yaşadığı daxili həyatdır.

Məsələn, şəxsin kiminlə nişanlandığı, yaxud dostluq etdiyi onun özünü və müəyyən şəxsləri maraqlandıran məsələdir, onun özəl həyat sahəsinə aiddir. Və nəhayət üçüncüsü, şəxsin gizli həyat sahəsidir. Gizli həyat sahəsi, şəxsin başqaları tərəfindən bilinməsini, öyrənilməsini istəmədiyi davranış və hadisələrdən formalaşan sahədir. Şəxs gizli həyat sahəsinə girən informasiyanı ən yaxın adamlarına (ana, ata, qardaş, bacı, həyat yoldaşı, sirdaş) söyləyə bilər, yaxud bunları heç kimlə bölüşməyə bilər. Belə informasiyaya, şəxsin gizli duyğu və fikirləri, ümidləri, qorxuları, arzuları, həyat hadisələri, intim həyatı, gizli saxladığı düşüncələri, dini inancı, ailə münasibətləri kimi daxili aləminə aid məlumatlarla yanaşı, şəxsi yazışmaları kimi xarici mühitlə əlaqəli məlumat və hadisələr də daxildir”.

Vəkil deyib ki, gizli həyat toxunulmaz olmaqla yanaşı, şəxsi həyatın özəyini təşkil etdiyindən hər cür müdaxilələrdən qorunur. Vəkil Aqil Layıcov isə bildirib ki, həmin videoların, fotoların yayılmasının kökündə şantaj dayanırsa, maddi maraq dayanırsa, özünə hədələr olubsa, cinayət məsuliyəti yaranır: “Əgər belə məlumatlar sırf şəxsin şərəf və ləyaqətini alçaldılması niyyəti ilə yayılıbsa, əlbəttə ki, mülki məsuliyyət yaranır. Bu halda məhkəməyə müraciət olunub maddi təzminat davası açıla bilər”.

Vəkil deyib ki, Azərbaycanda maddi təzminat davaları bir qayda olaraq uğurla nəticələnmir: “Şəxsin işgüzar nüfuzuna, ləyaqətini alçaldan məlumatların yerləşdirilməsi üzrə məhkəmə təcrübəsi demək olar ki, yox səviyyəsindədir. Buna görə də belə tip işlər ara-sıra gündəmə gəlir. Xaricdə belə işlər üzrə məhkəmələr iddiaları təmin edir və belə məlmatları ictimiləşdirənlər, mətbuata ötürənlər yüksək məbləğlərdə cərimə olunurlar. Belə təzminat davalarının iddiaçının xeyrinə təmin olunması, başqa sözlə desək belə məlumatları yayanların üzərinə məhkəmə qaydasında böyük cəimələr qoyulması o demək deyil ki, məqsəd yalnız cavabdehi yükləməkdir. Belə hökmlər çıxarmaqla cəmiyyətə mesaj verirlər ki, baxın, belə məlumatları yayanları yüksək məbləğlərdə cərimələyirlər. Yəni məhkəmələrin qismində dövlət belə hallara göz yummayacaq. Belə hökmlərin çıxarılması daha çox preventiv xarakter daşıyır. Şəxsi həyatın toxunulmazlıq hüquq Konstitusiyamızda da təsbit olunub, bundan başqa Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, Avropa Konvensiyasının 8-ci maddəsi ilə də qorunur.

Vəkil Elvin Səlimov şəxsi məlumatların yayılması ilə bağlı mətbuata açıqlamalarında deyib ki, insanların şəxsi həyatlarına aid məlumatların yayılması yolverilməzdir: “Bu o deməkdir ki, şəxsi ailə həyatına dair sirlərin yayılması cinayət məsuliyyəti yaradan haldır”.

Vəkilin sözlərinə görə yayılmış məlumatın şəxsi sirr olub-olmadığını hüquq-mühafizə orqanları araşdırmalıdır.

Hüquqşünas Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, məkandan asılı olmayaraq şəxsi informasiya hər zaman qorunmalıdır: “Bu məqamda platforma dəyişsə də, peşəkarlıq dəyişməməlidir. Onun tirajlanması bir insanın özəl həyatına müdaxilədirsə, dövlətin təhlükəsizliyi baxımdan vacibdirsə o informasiyanın yayılması yolverilməzdir. Eləcə də sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə şəxsi məlumatların yayılması hüquqi məsuliyyət yaradır. Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir.

Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Ə.Məmmədlinin sözlərinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da, (1953-cü il 3 sentyabr tarixli) Konvensiyanın 8.1-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Eyni zamanda konvensiyanın 13-cü maddəsində Konvensiyada təsbit olunub hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunub.




Loading...

Loading...