Hacı Məmmədovun intihar xəbəri gerçəkmi? - Ailəsinin açıqlaması

Hacı Məmmədovun intihar xəbəri gerçəkmi? - Ailəsinin açıqlaması

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədovun intihar xəbəri yayılıb. “Primetime” adlı saytın iddiasına görə o saxlanıldığı 3 saylı cəzaçəkmə müəssisəsində özünü asıb. Lakin məlum olub ki, bu, saxta xəbərdir.

Hacı Məmmədovun ailə üzvlərindən biri musavat.com-un müxbirinə deyib ki, yayılan xəbər doğru deyil: “Biz H.Məmmədovla əlaqə saxlayırıq, danışırıq. Səhhətində problemlər olsa da, vəziyyəti pis deyil”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Z.Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.




Loading...

Loading...