Füzulidə hava limanı açıldı, “Zəngəzur dəhlizi”nin təməli qoyuldu

Füzulidə hava limanı açıldı, “Zəngəzur dəhlizi”nin təməli qoyuldu
Ərdoğan birbaşa Qarabağa uçub
Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib. Azərbaycan dövlət başçısı İlham Əliyev türkiyəli həmkarını Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb. Prezidentlər hava limanının açılışını ediblər.
İlk sərnişin və yük sınaq reyslərinin sentyabrın 5-də həyata keçirilən Füzuli Beynəlxalq Hava Limanı 8 ay ərzində inşa edilib. Aeroportun uçuş-eniş zolağının uzunluğu 3000 metr, eni 60 metrdir. Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulub. Türkiyə Prezidenti eyni zamanda, bölgədə çəkilən avtomobil yolunun ( Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu - Zəngəzur dəhlizi) təməl qoyma mərasimində iştirak edib.
1993-cü ilin avqustunda işğal olunan Füzuli rayonu 2020-ci ilin oktyabrın 17-də geri qaytarılıb. Azərbaycanda ötən il azad olunan daha iki rayonda (Zəngilan və Laçın) hava limanı inşa olunur. Füzuli və digər rayonların hava limanlarının inşasında tenderin necə keçirilməsi və hansı şirkətlərin qalib olması açıqlanmır. Tikintiyə ayrılan xərclər haqqında da Azərbaycan hökuməti ictimaiyyətə məlumat verməyib. Yalnız Dövlət Statistika Komitəsinin (DSK) məlumatından bəlli olur ki, 2020-ci ildə tikinti-quraşdırma işlərinə Füzulidə 65 milyon 293 min 700 AZN, Laçında isə 19 milyon 495 min 700 manat xərclənib: "Ötən il Zəngilan rayonunda tikintiyə hər hansı xərcləmə həyata keçirilməyib. 2021-ci ilin ilk 6 ayında isə tikinti və quraşdırmaya Füzulidə 74 milyon 901 min 200, Laçında 18 milyon 475 min 200, Zəngilanda isə 69 milyon, 62 min 600 AZN xərclənib". DSK bu rəqəmləri sifarişçi təşkilatların məlumatları əsasında hazırladığını bəyan edib.
İqtisadçı Qubad İbadoğlu Füzuli və digər inşası gedən hava limanlarının rentabelli olacağına şübhəylə yanaşır. O, "Facebook" səhifəsində yazıb ki, inşa olunacaq Qarabağın işğaldan azad edilmiş ərazilərində əhali məskunlaşmamışdan əvvəl hər biri yüz milyonlarla manata başa gələn 3 beynəlxalq aeroportdan heç biri rentabelli (gəlirli) fəaliyyət göstərə bilməyəcək.
"Belə bahalı tikililərin və onların saxlanılmasının xərcləri dövlət büdcəsi üçün daimi yükə və əlavə məsrəfə çevriləcək. Odur ki, neft pulları hesabına maliyyələşən bu mənasız meqa layihələrə etiraz edir, eyni zamanda onların tikintisinə ayrılan xərclərlə, tikintiyə cəlb edilən şirkətlər və onların necə seçilməsi ilə bağlı məlumatların açıqlanmasını tələb edirəm. Əks təqdirdə, bütün bu nəhəng layihələr büdcənin talanmasına və korrupsiyasının inkişafına xidmət edər və çox keçməz oğurlanmış pulların sorağı ofşor zonalardan gələr", - iqtisadçı belə yazıb. Ümumilikdə Qarabağın bərpasına 2,2 milyard manat ayrılıb, ancaq xərclərin istiqaməti açıqlanmayıb.

Xəbər lenti