Etiraz edən şəhid ailələri: “Bilmirik nə edək, səsimizi necə çatdıraq” Etiraz edən şəhid ailələri: “Bilmirik nə edək, səsimizi necə çatdıraq”

Etiraz edən şəhid ailələri: “Bilmirik nə edək, səsimizi necə çatdıraq”
Bu gün İkinci Qarabağ Müharibəsində həlak olmuş 17 hərbçinin ailəsi şəhidlərinin məzarlarının Qaradağ rayonunun ərazisindən köçürülməsi tələbi ilə etirazlarını davam etdiriblər. Yasamal Rayon icra hakimiyyətinin binası önünə gəlmiş ailələr İcra başçısı Elşad Həsənovla görüşüblər. Ailələr deyirlər ki, onlardan bir həftə vaxt istənilib. Ailələr bildirir ki, onlar icra hakimiyyətinə məzarların köçürülməsi üçün iki yer təklif ediblər, bunlardan biri İkinci Fəxri Xiyaban , digəri isə Yasamalda keçmiş Musabəyov parkı kimi tanınan yerdir. Bununla bağlı Yasamal Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.
Bu ailələr bir müddətdir ki, tələblərinin yerinə yetirilməsi üçün etiraz edirlər. Onlar gecəni Qaradağdakı qəbiristanlıqda Müdafiə Nazirliyindən cavab gözləyərək keçirdiklərini deyiblər. Dünən burada qəbirlərin bəzilərindən qurunt suları çıxıb.
Müdafiə Nazirliyi BBC News Azərbaycancaya məsələ ilə bağlı şərh verməyib. Ailələr bir sıra dövlət orqanlarına müraciətlər ediblər və görüşlərdə olublar, lakin müraciətlərinə aldıqları cavablardan razı qalmayıblar. Onlar məsələnin həlli üçün Prezident İlham Əliyevə müraciət etdiklərini deyirlər. Prezidentin mətbuat katibi məsələ ilə bağlı BBC News Azərbaycancaya şərh verməyib.
Hakim partiyadan millət vəkili Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib ki, Qaradağdakı qəbiristanlıq Müdafiə Nazirliyinin hərbi qəbiristanlığıdır və buranın abadlaşdırılması və şəhidlərin adına uyğun kompleksə çevrilməli imiş. Lakin burada qurunt sularının çıxması vəziyyəti dəyişib. Millət vəkili qeyd edib ki, onda olan məlumata görə, məsələ bu yaxınlarda şəhidlərin adına və valideynlərin istəyinə uyğun öz həllini tapacaq. Azərbaycanın İkinci Qarabağ Müharibəsində 2800-dən çox şəhid verdiyini bildirir.

Xəbər lenti