Ermənistan vətəndaşı: Bizə deməmişdilər ki, o yerlər Azərbaycan ərazisidir

Ermənistan vətəndaşı: Bizə deməmişdilər ki, o yerlər Azərbaycan ərazisidir
 "Rus sülhməramlıları əlimizdə silah olduğunu görürdü”
Hadrut ərazisindəki meşələrdə tutulduğu bildirilən Ermənistan vətəndaşlarından bir qisminin işi üzrə Bakıda məhkəmə prosesləri başlayıb. İyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham aktını elan edib, 14 nəfər təqsirləndirilən şəxsdən ikisi ifadə verib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi məhkəmə iclasında təqsirləndirilən Volodya Hakobyan hakimlər kollegiyasından onların evlərinə qaytarılması barədə qərar verilməsini xahiş edib. Daha sonra məhkəmə istintaqının başlandığı elan olunub.
Prokuror ittiham aktını elan edib. Səslənən fikirlər təqsirləndirilən şəxslərə Azərbaycan dilindən erməni dilinə tərcümə edən iki tərcüməçi vasitəsilə çatdırılıb.
Təqsirləndirilən 14 nəfərə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat saxlama), 279-cu (qanunsuz silahlı birləşmələr yaratma, onların tərkibində təkibində döyüşmə), 318 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittihamlar irəli sürülüb.
İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxslər qanunsuz silahlı dəstələr şəklində, 26-27 noyabr tarixlərində Azərbaycan ərazisinə qanunsuz keçiblər. Onlar Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən meşəlik ərazilərdə yerləşiblər.
Dekabrın 13-nə qədər həmin ərazilərdə müxtəlif adamlara silahlı basqınlar ediblər, partlayışlar törədiblər və s. İttiham aktı elan olunandan sonra təqsirləndirilən şəxslərə məlumat verilib ki, bu əməllər məhkəmədə sübuta yetirilsə, onlar 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum edilə bilər.
İttihama münasibət bildirən ermənilər özlərini təqsirli bilmədiklərini deyiblər.
Bəziləri əlavə edib ki, saxlandıqları yerin Azərbaycan ərazisi olduğunu bilməyib. Onları həmin yerə göndərən komandirləri oranın Azərbaycan ərazisi olması haqda heç bir məlumat verməmişdi. Daha sonra təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunub.
Geğam Serobyan bildirib ki, 2004-2006-cı illərdə hərbi xidmətdə olub. Elə o vaxtdan ali təhsilli olduğuna görə hərbi rütbəsi vardı. 2020-ci ildə müharibə dövründə ona da çağırış gəlib. Bir müddət müharibədən yayınıb, Gümrüdə işləsə də, ona xəbərdarlıq edilib ki, əks halda, fərariliyə görə həbs olunacaq.
Hadrut ərazisindəki meşələrə gedib çıxmalarından danışan Serobyan iddia edib ki, Ermənistanın sərhədlərini tanısa da, Qarabağın sərhədlərini bilmirdi: "Noyabrın 27-də bizi Quqasyan komissarlığından avtobuslara doldurub Laçına gətirdilər. Laçının Qarabağa aid olduğunu bilirdim, amma Azərbaycan ərazisi olduğunu bilmirdim. Biz orada növbə ilə 15 gün qalıb, sonra Ermənistana qayıtmalıydıq. Bizə Gümrüdə avtomat verib, bir böyük, iki balaca avtobusla Laçına göndərmişdilər. Laçında yolun üstündə sülhməramlılar dayanmışdılar. Biz onların yanından keçib Laçına gəldik. Sülhməramlılar əvvəlcə bizim maşını saxlayıb baxdılar, sonra buraxdılar, yolumuza davam elədik”.
Serobyanın sözlərinə görə, Laçından sonra iki kiçik avtobus ayrı-ayrı istiqamətlərə gedib. Böyük avtobusdakıları isə bölüb, hər dəstəni bir istiqamətə göndəriblər:
"Bizə dedilər ki, heç kimə güllə atmayacaqsız. Dedilər ki, ruslar imkan verməzlər ki, atışma olsun. Demişdilər ki, sadəcə, növbətçilik edəcəksiniz”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, onlar əraziyə ərzaq gətirirdilər, həmin vaxt yolda Azərbaycan hərbçiləri tərəfindən meşədə tutulublar:
"Biz 30 nəfər idik. 30 nəfərə mən rəhbərlik edirdim. Mənim qrupun və digər dəstələr Qazaryana tabe idik. Qazaryan 100 nəfərin başçısı idi. Meşədə məskunlaşmışdıq. Bizə ərzaq verib getdilər. Bilmədik ki, ruslar idi, yoxsa ermənilər. Biz də qaldığımız yerdən 5-6 kilometr aralı çadırdan gedib ərzaq götürürdük. Dekabrın 13-də bizə dedilər ki qaldığınız yerdən çıxın yola, sizi evə aparacağıq. Biz yola çıxanda Azərbaycan hərbçiləri bizi saxladı”.
Təqsirləndirilən şəxs əlavə edib ki, noyabrın 27-dən dekabrın 13-dək orada olub, amma həmin müddətdə heç bir atışma baş verməyib. Serobyanın sözlərinə görə, onu və digərlərini həmin əraziyə göndərən komandirləri oraların Azərbaycana aid olması barədə heç bir məlumat verməmişdi:
"Bizə deməmişdilər ki, o yerlər Azərbaycan ərazisidir. Biz bilməmişik ki, əlimizdə silah başqa ölkənin ərazisinə keçmişik. Bizi aldadıblar. Yoxsa mən Azərbaycan ərazisinə silahla keçməzdim. Mən Ermənistana qayıtsam, bizi ora göndərən insanlardan tələb edəcəm ki, cavab versinlər, bizi niyə Azərbaycan ərazisinə göndəriblər?”
Hakim bildirib ki, Geğam Serobyanın istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyətlər var. Onun istintaqdakı ifadəsi elan edilib. Həmin ifadədə göstərilib ki, müharibə başlayandan bir gün sonra orduya çağrılıb. Beş gün sonra qaçaraq, evlərinə qayıdıb. Bir müddət sonra polis vasitəsilə onu gəlib yenidən aparıblar. İstintaqdakı ifadəsində də qeyd olunub ki, noyabrın 27-də avtobuslarla Laçına göndəriliblər:
"Polkovnik Arsen Kazaryan bizə rəhbərlik edirdi. Bizi Laçından Hadrut istiqamətindəki meşəliyə gətirdilər. Orada bizi polkovnik Muradyan qarşıladı. Bizi rus sülhməramlıları da gördü. Əlimizdə silahlar vardı. Amma bizə heç nə demədilər. Meşədə 30 nəfərlik iki dəstə yaratdıq. Birinə mən rəhbərlik edirdim. Hər dəstədə bir pulemyot vardı. Məqsəd Azərbaycan ordusuna və əhaliyə qarşı təxribatlar törətmək, yeni ərazilər ələ keçirmək istəyirdik”.
Geğam Serobyan bildirib ki, məhkəmədə dedikləri doğrudur və bu ifadəsinin əsas götürülməsini istəyir. Daha bir təqsirləndirilən Qraç Avakyan da məhkəmədə ifadə verib. O da deyib ki, noyabrın 27-də hər birinə silah verib, qol çəkdirib, onları Laçına yola salıblar. Əvvəl maşınların içində yatıblar. Ertəsi gün onları rus sülhməramlılarının olduğu yerə gətiriblər:
"4 "Ural” maşını ilə sülhməramlıların yanından keçdik. Arsen Kazaryan öz avtomobili yolu açırdı. Bir neçə km yol getdikdən sonra dayandıq. Avtomobillərdən düşüb dağ istiqamətində piyada hərəkət etdik. Orada xidmətdə olan erməni əsgərlər vardı. Onlarla növbəni dəyişəcəkdik. Kazaryan da bizimlə idi. Ona dedik ki, biz neyləyəcəyik burada, axı post yoxdur? Dedi ki, müşahidə aparacağıq. Məskunlaşdığımız yerin qarşısında ruslar vardı. Onlardan da o tərəfdə Azərbaycan hərbçiləri idi. Bizə dedilər ki, on gün biz xidmət edəndən sonra növbə dəyişəcək. Yəni biz evə qayıdacağıq. Bizə yemək gətirirdilər. Növbə dekabrın 13-də dəyişməliydi, biz Kazaryanla bu barədə danışmaq üçün aşağı düşmək istəyəndə Azərbaycan hərbçiləri tutdular”.
Avakyan onu da bildirib ki, ali təhsillidir, ehtiyatda olan baş leytenantdır. Həmin ərazilərin Azərbaycan torpaqları olduğunu və işğaldan azad edildiyini bilirdi. 10 noyabr bəyanatından da xəbərdar olduğunu deyən təqsirləndirilən şəxsin sözlərinə görə, o güman edib ki, müharibədən sonrakı dövrdə ehtiyat üçün tərəflər öz hərbçilərinə xidmət aparmaq barədə göstəriş veriblər:
"Bilirdim ki, müharibə bitib, sülh müqaviləsi imzalanıb. Düşündüm ki, yəqin bizi ehtiyat üçün orada xidmət aparmağa göndərirlər. Olduğumuz ərazinin Azərbaycana nə vaxt təhvil veriləcəyini bilmirdim. Biz orada olan zaman silahdan istifadə etməmişik. Mənim heç bir günahım yoxdur. Günah bizi ora gətirənlərdədir”. Məhkəmə prosesi iyunun 29-da davam edəcək.

Xəbər lenti