Ermənistan Baş naziri Nikol Paşinyan "qurtuluş naminə ayrılmanı” təklif edir

Ermənistan Baş naziri Nikol Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin "qurtuluş naminə ayrılma" prinsipi əsasında həll edilməsini təklif edib. "Xalqların öz müqəddəratını təyinetmə prinsipinin müasir təzahürü olan "qurtuluş naminə ayrılma" prinsipi ayrı-seçkilik, insan hüquqlarının kütləvi pozulması və ya soyqırım riski olduğu zaman müəyyən qruplara, xalqlara nəinki dövlətdən ayrılmağı, yuxarıdakı hallar yaranarsa, dövlətlə birləşməyi də istisna edir. Bu, Qarabağ məsələsinin həlli üçün konsepsiyamızın əsası olmalıdır,” - Ermənistanın Baş naziri Facebook-da yazıb.
Bundan əvvəl Nikol Paşinyan Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınmasını istisna etməmişdi. "Qurtuluş naminə ayrılma” prinsipi başqa erməni siyasətçiləri tərəfindən də təklif olunmuşdu. Bu prinsip tanınmamış "respublika”nın ayrılmasını nəzərdə tutur.
Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın heç bir halda müstəqil olmayacağını bəyan edib. O, xarici media nümayəndələrinə son müsahibələrinin birində deyib ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyan istənilən bir dövlətlə diplomatik əlaqəni dərhal kəsərlər.
İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağda döyüşlərin dayanması üçün erməni qoşunları bütün işğal edilmiş əraziləri tərk etməlidir. O, Azərbaycan və erməni icmasının başqa ölkələrdə olduğu kimi, Dağlıq Qarabağda da dinc və sülh şəraitində yanaşı yaşaya biləcəyinə inandığını söyləyib.

Xəbər lenti