Eldar Mahmudovun sabiq şöbə rəisi: "Bura məhkəmə deyil" Eldar Mahmudovun sabiq şöbə rəisi:

Eldar Mahmudovun sabiq şöbə rəisi:
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. 
Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digər 3 nəfər barəsində isə həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilib. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən açıq məhkəmə iclasına mətbuat nümayəndələri buraxılmır. Zərərçəkənlərin prosesin videoya çəkməsinə də imkan verilmir. Pozuntu təkcə bununla kifayətlənmir. M.Şıxəliyevin yaxınları jurnalistlərə məhkəmə qarşısında çəkiliş etməsinə hər cəhdlə mane olmaya çalışırlar. 
Vüsal Ələkbərov: "Bura məhkəmə deyil"
Ötən gün keçirilən məhkəmə prosesindən əvvəl Criminal.az-ın əməkdaşı təqsirləndirilən sabiq şöbə rəisi Vüsal Ələkbərova suallar ünvanlayıb. Sabiq şöbə rəisi üzünü kameradan gizlədərək suallardan yayınıb. "Bura məhkəmə deyil" deyərək Bakı Hərbi Məhkəməsinin binasına daxil olub. Prosesdən sonra da eyni sualla V.Ələkbərova müraciət etsək də də nəticəsiz qalıb. "Mən səni bura dəvət etməmişəm. Mən vəkiləm" deyərək ərazidən uzaqlaşıb.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ötən gün baş tutumuş keçirilən prosesdə kritik anlar yaşanıb. Təqsirləndirilən Yasin Məmmmədov dindirilərkən sabiq rəisi Mövlam Şıxəliyevin əleyhinə ifadə verib. Qanunsuz həbslər, cinayətə bərabər qanunsuz göstərişlərlə bağlı sualların cavabında məsuliyyəti üzərindən atıb. Belə tapşıqların Mövlam Şıxəliyevin göstərişi ilə baş tutduğunu deyib. 
Mövlan Şıxəliyevin işçisisinin hansı ifadəsi onu özündən çıxardı?
Y.Məmmədov bildirib ki, göstərişləri rəisi M.Şıxəliyevdən alsa da, bütün məsələlər həmin dövrdə Baş prokurorun birinci müavini işləyən Rüstəm Usubovla razılaşdırılırdı. 
Keçmiş işçisinin ifadəsi Mövlam Şıxəliyevi əsəbiləşdirib. Saxlandığı dəmir barmaqlıqlar arxasında halı pisləşən Mövlam Şıxəliyev özündən gedib. Konvoy onu yarıhuşsuz halda zaldan çıxarıb. Bakı Hərbi Məhkəməsinə təcili tibbi yardım dəvət olunub. 
Zərərçəkənlər hakimdən tələb ediblər ki, Mövlam Şıxəliyev tez bir zamanda zala qaytarılsın və məhkəmə prosesi davam etdirilsin. Onlar Mövlam Şıxəliyevi özünü pis hiss etməsi görüntüsü yaratmaqda ittiham ediblər. 
Məhkəməyə çağırılan həkimlər Mövlam Şıxəliyevi müayinə etdikdən sonra Criminal.az-ın əməkdaşına bildiriblər ki, pasiyentin təzyiqi qalxıb, həyatına hər hansı bir təhlükə yoxdur. 
Qeyd edək ki, sabiq MTN generalı Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir. Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digərləri barəsində istintaq, məhkəmə dövründə həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.

Xəbər lenti