Eldar Həsənov məhkəmədə yıxıldı

Eldar Həsənov məhkəmədə yıxıldı
Keçmiş Baş prokurorun məhkəməsində qudası dindirildi
Keçmiş Baş prokuror və səfir Eldar Həsənov öz məhkəməsində huşunu itirərək yıxılıb. Onu Təcili Tibbi Yardım vasitəsilə xərəyə qoyub aparıblar. Bu hadisə oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib. Sabiq səfirin işi üzrə səhər saat 11 radələrindən başlayan məhkəmə prosesi günün sonuna qədər davam edib. Eldar Həsənovun vəziyyətinin pisləşib, yıxılması da prosesin sonunda – axşam saat 18.00-da yaşanıb.
Məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Budəfəki məhkəmə iclasında şahidlərdən Samir Həmidov, Şahin Hacıyev, Hacı Hacıbəyli, Rabil Hüseynov ifadə verib.
Məhkəmə iclasının əvvəlində Eldar Həsənovun vəkili Adəm Məmmədov bildirib ki, bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror prosesdən əvvəl şahidlərə təzyiq göstərir. Şahidlərdən ittihamın mövqeyinə uyğun ifadələr vermək tələb olunur. Prokuror vəkilin bu barədə dediklərinə etiraz edib. Dövlət ittihamçısı bildirib ki, müdafiəçinin dedikləri əsassızdır, onun şahidlərə təzyiq göstərməsini təsdiqləyən heç bir sübut yoxdur.
Vəkil Adəm Məmmədov isə sübutların olduğunu və onları məhkəməyə təqdim edəcəyini bildirib. Məhkəmədə dindirilən şahidlərdən Rabil Hüseynov Eldar Həsənovun qudasıdır. O, Türkiyədəki şərab zavodu haqda danışıb. Cinayət işində Eldar Həsənovun həmin zavoda şərik olduğu yazılıb. Lakin Rabil Hüseynov bunu təkzib edib. Eldar Həsənovun qızının onun gəlini olduğunu deyən şahidin sözlərinə görə, sözügedən zavodun tikintisinə 2006-cı ildə Türkiyədə bankdan kredit götürməklə başlayıb: "Pulum olmadığı üçün zavodu 10 ilə başa çatdırdım. Banklardan nə qədər kredit götürmüşdüm.
Nəhayət, 2016-cı ildə işə başladım. Əvvəlcə zavodun səhmlərinin 90 faizi özümə, 10 faizi isə iş adamı Qulam Ələkbərova məxsus idi. Sonradan səhhətimlə əlaqədar səhmləri Qulam Ələkbərovun ailə üzvlərinin adına keçirdim. Hazırda da zavodu həmin ailə idarə edir. Eldar Həsənovun o zavodda payı yoxdur. Nə tikintisində, nə də zavodun fəaliyyətində onun 1 manat pulundan istifadə olunub. Eldar Həsənov heç o zavodun qapısını tanımır”.
Rabil Hüseynovun istintaq və məhkəmədəki ifadələri arasında ziddiyyət yaranıb. Bu səbəbdən onun istintaqdakı ifadəsi də məhkəmədə elan olunub. Həmin ifadədə yazılıb ki, Türkiyədə şərab zavodu inşa edilərkən 300 min dollar Rabil Hüseynov, 100 min dollar isə Eldar Həsənov xərcləyib. Buna görə də zavodun səhmlərinin 10 faizi Eldar Həsənovun əmisi oğluna məxsus olub. Sonradan Rabil Hüseynov zavodun tikintisinə daha 4 milyon 600 min dollar vəsait xərcləyib. Zavod fəaliyyətə başlayanda ilkin olaraq, 20 milyon dollar gəlir əldə olunub.
Bu vaxt Rabil Hüseynov Eldar Həsənova müraciət edərək deyib ki, birgə gəlirdən tikintiyə xərclədiyi 4 milyon 600 min dolları götürmək istəyir. Eldar Həsənov buna etiraz etməsə də, zavodun səhmlərinin 50 faizinə şərik olub. Zavodun səhmlərinin 25 faizi isə Qulam Ələkbərovun adına olub. Bu ifadə elan olunanda şahid Rabil Hüseynov bildirib ki, belə ifadə verməyib. Latın qrafikası ilə yazıb-oxuya bilmədiyini deyən 75 yaşlı şahidin sözlərinə görə, prokurorluğa çağırılan zaman əsəbi vəziyyətdə olub: "Qusardan gəlirdim, problem vardı, ona əsəbiləşmişdim. Müstəntiq zəng edib dedi ki, təcili istintaqa gəl. Mən o vəziyyətdə gəldim, nə yazmışdılarsa, qol çəkib, yenidən Qusara qayıtdım. Mən yenə deyirəm, Eldar Həsənov mənim zavodumun qapısını da tanımır. Eldar Həsənov nə o zavodun tikilməsinə pul qoyub, nə də oradan 1 manat pul götürüb. Mən zavodu min bir zülmlə tikdirmişəm. Eldar Həsənov və ya başqa şərikim olsaydı, niyə 10 ilə tikirdim? Elə 1 ilə tikib istifadəyə verərdim də. Müstəntiq mənim əsəbi olmağımdan və tələsməyimdən sui-istifadə edib, nəyə istəyib, qol çəkdirib”. Digər şahid Hacı Hacıyev isə bildirib ki, 1989-cu ildə Eldar Həsənovla Bakı şəhər Baş Polis İdarəsində işləyib. Eyni zamanda, Eldar Həsənovun əmisi oğlu Bəhruz Əsədbəyli onun qızının həyat yoldaşıdır.
Şahid deyir ki, Bəhruz Əsədbəyli vaxtilə tələbə olanda Eldar Həsənovun yanında işləsə də, sonradan başqa işlə məşğul olub: "Eldar Həsənovun Bəhruz Əsədbəyli ilə əlaqəsi olmayıb, ondan xoşu gəlmirdi. Eldar Həsənovun Bəhruz Əsədbəyli ilə heç bir biznes əlaqəsi olmayıb. Əgər olsaydı, mən bilərdim”. Daha bir şahid Samir Həmidov isə Eldar Həsənov Azərbaycanın Rumıniyada səfiri olduğu dövrdə onun tabeliyində çalışıb. O, ifadəsində vurğulayıb ki, Eldar Həsənov heç vaxt işçilərə qanunsuz tapşırıq vermirdi: "Əksinə, həmişə qanunlara riayət etməyi tapşırırdı”.
Bu şahidin də istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət ortaya çıxıb. Ona görə də istintaqdakı ifadə elan edilib. Həmin ifadədə isə Eldar Həsənovun ona dəfələrlə qanunsuz tapşırıqlar verdiyi, ondan bir sıra sənədlərə imza atmağı tələb etdiyi göstərilib. Samir Həmidov bu ifadəyə etiraz edib.
O bildirib ki, qətiyyən belə fikirlər səsləndirməyib, müstəntiq onun ifadəsini təhrif edib: "Eldar Həsənov heç vaxt heç bir işçiyə təzyiq göstərməyib. Müstəntiq mənə sual verdi ki, Eldar Həsənov zəhmli adam olduğuna görə, yəqin nə deyibsə, imzalamısan. Dedim ki, sənin rəhbərin zəhmli olsaydı, neyləyərdin? Görünür, müstəntiq bu ifadəni tamailə kontekstdən çıxarıb və qərəzli şəkildə həqiqətə uyğun olmayan ifadə düzəldib. Mən bu ifadədən tam imtina edirəm”.
Məhkəmə prosesi  təxirə salınıb.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb. Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: "Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Xəbər lenti