Dövlətə xəyanətdə ittiham olunan sayt rəhbərinə 17 il həbs cəzası tələb olundu

Dövlətə xəyanətdə ittiham olunan sayt rəhbərinə 17 il həbs cəzası tələb olundu
 Jurnalistin vəkilləri prokurorun bu cür çıxışının onlar üçün gözlənilməz olduğunu bildiriblər
"Xeberman.com” saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanovun işi üzrə məhkəmə istintaqı başa çatıb. Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə çıxışlar mərhələsi başlayıb. Dövlət ittihamını müdafiə edən prokuror Eldar Həmzəyev çıxış edərək, P.Aslanovun 17 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror bildirib ki, P.Aslanova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə verilmiş ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilib. Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsilə verilən ittihama gəlincə, prokuror təklif edib ki, bu ittihama xitam verilsin. Jurnalistin vəkilləri prokurorun bu cür çıxışının onlar üçün gözlənilməz olduğunu bildiriblər. Onlar müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən iki həftə vaxt istəyib.
P.Aslanov özü isə məhkəmə zalında olan həyat yoldaşına müraciət edərək belə deyib: "Möhkəm olun. Mən bunlardan hər şey gözləyirəm...” Məhkəmə prosesi noyabrın 5-nə qədər təxirə salınıb. Növbəti məhkəmə iclasında vəkillər çıxış edəcək, ardınca P.Aslanov son sözünü deyəcək.
P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə - İranın xüsusi xidmət orqanlarına casusluq edib, dövlət sirri sayılan məlumatları ötürməkdə ittiham olunur. İstintaqın sonunda P.Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də əlavə ittiham verilib. İddia olunur ki, o, Dəyanət Babayevi ölümlə hədələyib. P.Aslanov ittihamların heç birini qəbul etmir. Baş redaktor DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir. P.Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Xəbər lenti