Puçdemontun həbs qərarı ləğv edildi

Puçdemontun həbs qərarı ləğv edildi

İspaniya Ali Məhkəməsi dekabrın 5-də Kataloniya vilayətinin keçmiş başçısı Karles Puçdemontun və onun dörd müşavirinin həbs orderlərini ləğv edib.

Novator.az xatırladır ki, Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referendumda bölgənin müstəqil dövlət elan olunmasına səs verilib. Bunu əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik qətnaməsi qəbul edib.

Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.

Prezident Karles Puçdemont da vəzifədən götürülüb, Kataloniyaya rəhbərlik baş nazirin birinci müavini Sorayya Saensə həvalə olunub.

Separatçıların lideri oktyabrın 30-da dörd müşaviri ilə birgə Belçikanın paytaxtı Brüsselə sığınıb.

Karles Puçdemonta, eləcə də onun hökumətində yer almış bəzi şəxslərə üsyan və qiyam təşkili, vəzifə səlahiyyətlərindən sui-istifadə, hakimiyyət orqanlarına tabe olmamaq, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb. Kataloniya hökumətinin üzvü olmuş bir neçə nəfər həbs edilib, Karles Puçdemont və onunla Brüsseldə olan müşavirlər isə beynəlxalq axtarışa verilib.

İspaniya Ali Məhkəməsinin 5 dekabr qərarı beynəlxalq axtarışa son verilməsini nəzərdə tutur. Qərar Belçika hakimiyyətinə çatdırılıb.

Dekabrın 4-də isə İspaniya Ali Məhkəməsi Kataloniya hökumətinin həbs olunmuş 6 üzvünü girov müqabilində azadlığa buraxmışdı.

Karles Puçdemont və müşavirləri noyabrın 5-də Brüsseldə polisə təslim olmuş, məhkəmə onlara İspaniyaya təhvil verilmə məsələsi həll edilənə qədər Belçikadan getməmək şərti qoymuşdu.




Loading...

Loading...