Prokuror sabiq nazirə 10 il həbs cəzası tələb edib

Prokuror sabiq nazirə 10 il həbs cəzası tələb edib

Korrupsiyada ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin məhkəməsində ittihamçı tərəf məmur üçün ciddi rejimli koloniyada 10 il həbs cəzası tələb edib. AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, həmçinin prokurorluq əlavə cəza qismində Ulyukayevin 500 milyon rubl (yəni, rüşvət məbləğinin beş qatı) cərimələnməsini və 10 il müddətində dövlət vəzifələri tutmasının qadağan olunmasını istəyib.

Bundan başqa, ittiham tərəfi müttəhimi dövlət mükafatlarından və Əməkdar iqtisadçı adından məhrum olunmasını xahiş edib. Prokurorlar məhkəməyə öz sübutlarını, o cümlədən içərisində pul olan çanta və qutuları təqdim ediblər.

Məhkəmədə iki milyon dollar məbləğində yüzlüklər sayılıb və çəkilib. İçərisində pul olan çanta 21 kiloqram 950 qram gəlib. Xatırladaq ki, Ulyukayev 2016-cı il noyabrın 14-də “Rosneft” kompaniyasının Moskvadakı ofisində saxlanılıb. Rusiya İstintaq Komitəsi məmurun rüşvət alan zaman tutulduğunu iddia edib.

Sabiq nazir “Başneft” şirkətinin aksiyalarının əldə olunmasına müsbət rəy vermək üçün “Rosneft” kompaniyasının rəhbəri İqor Seçindən iki milyon dollar rüşvət tələb etməkdə ittiham olunur. Hazırda Aleksey Ulyukayevə “Vəzifəli şəxs tərəfindən xüsusi iri məbləğdə rüşvət alınması” maddəsi üzrə ittiham irəli sürülüb. Günahını boynuna almayan sabiq nazir 15 ilədək azadlıqdan məhrum edilə bilər.




Loading...

Loading...