Ermənistan prokuroru ‘Qarabağ generalı’na cəza istədi

Ermənistan prokuroru ‘Qarabağ generalı’na cəza istədi

AzadlıqRadiosunun Erməni xidmətinin verdiyi xəbərə görə Ermənistanda keçirilən məhkəmə prosesində prokuror Dağlıq Qarabağın keçmiş komandirlərindən Samvel Babayanın silah qaçaqmalçılığı və çirkli pulların yuyulması ittihamları ilə məhkum edilməsini istəyib.

Noyabrın 13-də oxuduğu ittihamnamədə prokuror Aram Aramyan Babayanın hər iki ittiham üzrə təqsirinin sübut olunduğunu bildirib və ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Babayan 1993-1999-cu illərdə Dağlıq Qarabağdakı separatçı rejimin silahlı qüvvələrində ən yüksək rütbəli komandan olub.

1994-cü ildə atəşkəs elan edilənədək Dağlıq Qarabağ münaqişəsində hər iki tərəfdən 30 min insan həlak olub.

Babayan bu ilin martında Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Milli Təhlükəsizlik Xidməti həmin vaxt aşkar edilmiş İqla tipli yer-göy raket qurğusunun Babayan tərəfindən alındığını iddia edirdi.

Bu həbs parlament seçkisindən iki həftə əvvələ təsadüf etmişdi. Bu seçkidə Babayan keçmiş müdafiə naziri Seyran Ohanyanın və iki keçmiş xarici işlər nazirlərinin müxalif alyansını dəstəkləyəcəyini bəyan etmişdi.

Qısaldılmış adı ORO olan bu alyans Babayanın həbsinin siyasi motivli olduğunu bildirir.

Babayan və onun biznes yoldaşı Sanasar Qabrielyan və daha beş nəfərin məhkəməsi ötən iyul ayında başlanıb. Bu məkəmədə bir vaxtlar qüdrətli generallardan biri olmuş Babayan, silahı gətirənlərə 50 min dollar vəd etdiyinə dair ittihamın iddialarını dəfələrlə rədd edib.

52 yaşlı Babayan bundan əvvəl 2000-ci ildə həbs edilərək 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O vaxt onu Dağlıq Qarabağın separatçı rejiminin başçısının həyatına uğursuz sui-qəsd cəhdində ittiham edirdilər.

Babayan 2004-cü ildə həbsxanadan azad edildikdən sonra Yerevana köçüb və burada özünün siyasi partiyasını yaradıb. Onun partiyası 2007-ci il seçkilərində uğursuzluğa düçar olandan sonra, Babayan 2011-ci ildə Rusiyaya mühacirət edib.

O 2016-cı ilin mayında “Azərbaycanla müharibə riskinin yüksək olduğunu” əsas gətirərək Ermənistana qayıtmışdı.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər