DİN: Göygöldə it döyüşləri “çempionatı” keçirən şəxslər saxlanılıb

DİN: Göygöldə it döyüşləri “çempionatı” keçirən şəxslər saxlanılıb
 "Digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir"
Göygöl rayonunda it döyüşləri üzrə "ölkə çempionatı” təşkil edən şəxslərin saxlanıldığı deyilir. Məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb. Nazirlik bildirib ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl naməlum şəxslərin it döyüşlərinin təşkil edildiyini əks etdirən videogörüntülərin paylaşılıb. Bundan sonra polis məsələni nəzarətə götürüb:
"Qısa zamanda həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib". İt döyüşlərini təşkil edən 5 nəfərin saxlanıldığı bildirilir: "Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də digər 4 nəfər – Hüsey Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev saxlanılıb". "Onlar izahatlarında Göygöl rayonu ərazisində qeyd edilən döyüşləri təşkil etdiklərini və orada iştirak etmək üçün hər bir itin sahibindən 200 manat pul aldıqlarını bildiriblər", - DİN-in açıqlamasında belə deyilir.
Məlumatda deyilir ki, saxlanılan şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün onlar barəsində toplanan materiallar məhkəməyə göndəriləcək: "İt yarışında iştirak edən digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir".
Oktyabrın 10-da Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri "çempionatı” keçirilib. Göygölün Lüləli kəndində "it meydanı" adlandırılan ərazidən paylaşılan görüntülərdə keçirilən yarışa yüzlərlə insanın gəldiyi bildirilir. Xəbəri APA yayıb.
Qeyd edilir ki, pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib və yarışların hər ay keçirilməsi planlaşdırılıb. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da heyvan hüquq müdafiəçilərinin səyi sayəsində it döyüşləri qadağan edilib.

Xəbər lenti