Sabunçuda dəhşətli qətlin təfərrüatı: “Yuxuda olarkən qaz balonu ilə başına zərbələr vurub” - Hadisə yerindən FOTOLAR

Sabunçuda dəhşətli qətlin təfərrüatı: “Yuxuda olarkən qaz balonu ilə başına zərbələr vurub” - Hadisə yerindən FOTOLAR

Ötən gün Sabunçu qəsəbəsi, Dadaşov 17 ünvanında dəhşətli qətl hadisəsi baş verib. 1994-cü il təvəllüdlü Tünzalə Elşad qızı Vəliyeva, 1989-cu il təvəllüdlü Nazim Fəxrəddin oğlu Vəliyevi gecə saatlarında qətlə yetirib.

Musavat.com-un müxbiri hadisə baş verən əraziyə baş çəkib, qətlin təfərrüatını öyrənməyə çalışıb.

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, mərhumun yaşadığı ünvanda yas çadırı qurulub, izdiham yaşanır. Hadisə ilə bağlı mərhumun yaxın qohumları ətraflı məlumat verməkdən imtina etdilər. Media nümayəndələrini isə ərazidən uzaqlaşdırdılar.

Özünü N.Vəliyevin yaxın qohumu kimi təqdim edən şəxs qətl hadisəsindən danışdı: “Bədbəxt hadisənin necə baş verdiyi barədə az məlumat var. Onu bilirəm ki, qətl hadisəsi gecə radələrində baş verib. Namiq yuxuda olarkən həyat yoldaşı qaz balonu ilə baş nahiyəsindən zərbələr vurub. Zərbənin gücündən N.Vəliyev yerindəcə keçinib”.

Verilən məlumata görə, dünən ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman 23 yaşlı qadın masanın üzərindəki iri meyvəqabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə Vəliyeva tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə öldürücü zərbə endirib. 45 yaşlı Nazim Vəliyev hadisə vaxtı ölüb.

Hadisə baş verən evin qapısının bağlı olduğunu gördük. Mərhumun yaxınlarının dediyinə görə, evə heç kim buraxılmır. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hadisə baş verən ərəfədə qonşulardan biri həmin ərazidən keçərkən gördüklərini danışdı:“Namiqi tanıyırdım, çox yaxşı oğlan idi. Sabunçu bazarında icarə haqlarını yığırdı. Qardaşı və ögey anası ilə birgə yaşayırdı. O, yaşadıqları evin yaxınlığında özünə torpaq almışdı, yeni tikintisinə başlamışdı. İki övladı var idi. Biri körpədir, o birinin isə 4 yaşı var. Hadisədən öncə səs-küy eşitmədim. Dünən təqribən axşam saat 10-11 radələrində evlərinin yanından keçirdim. Gördüm ki, təcili tibbi yardım maşını həyətlərinə daxil oldu. Səs-küy var idi. Daha sonrasını görə bilmədim”.

Hadisə ilə bağlı Sabunçu rayonu 12-ci polis bölməsində də olduq. Növbətçi hissədən Tünzalə Vəliyevanın prokurorluğa aparıldığını bildirdilər.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 



Loading...


loading...
Loading...
loading...