''Qanun Lotu Quli üçün işləyir, siyasi motivlə həbs olunanlar üçün yox''

''Qanun Lotu Quli üçün işləyir, siyasi motivlə həbs olunanlar üçün yox''

Əyyub Kərim: ''Azərbaycanda qanunun aliliyinə hörmət qalsaydı, məhkəmənin Vidadi Zeynalov haqda qərarına təəccüblənməzdim''

Noyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb.

Hakim Qədim Babayevin sədrlik etdiyi iclasda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Onlar 13 il azadlıqdan məhrum edilmişdi.

Birinci instansiya məhkəməsində bu işə baxılarkən vurulmuş ziyandan Hüseynov 10 milyon, Zeynalov isə 3 milyon manat ödəmişdi.

Məhkəmədə təqsirləndirilənlər Namazəli Məmmədov, Anar Mustafayev, Qəmbər Bəybalayev, Emin Məmmədovun hər birinin barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti olaraq məhkəmə zalından azadlığa buraxılıblar.

Hüquqşünas Əyyub Kərim məhkəmənin “rabitə”çilərin şikayətini qismən təmin etməsini Meydan TV-yə şərh edib.

O hesab edir ki, yuxarı instansiya məhkəməsi məhkumun cəzasını aşağı endirirsə, mütləq qərarını əsaslandırmalıdır. Düzdür, Azərbaycan şəraitində məhkəmələrə inam sıfır olduğundan bu cür qərarlar olanda şübhə dolu suallar yaranır:

“Söhbət say-seçmə adamlar barədə qərarardan gedir. Birinci sual belə olur; Görəsən, bu qərarın arxasında nə, yaxud kim dayanır? Bugünlərdə  mənə sual verdilər ki, məhkəmənin Nadir Səlifovu (kriminal aləmdə “Lotu Quli” kimi tanınır) həbsdən buraxması necə izah oluna bilər? Cavab verdim ki, məhkəmənin elə bir səlahiyyət var. Vəkillər təqdimat verir və məhkəmə onu  azad edir. Yəni qanunda bu məsələlər nəzərdə tutulub. Sadəcə, qəribə məqam odur ki, qanun Lotu Quli üçün işləyir, Seymur Həzi, İlqar Məmmədov və başqa siyasi motivlə həbs olunanların məsələsi gündəmə gələndə işləmir”.

Əyyub Kərim düşünür ki, əgər məhkəmə keçmiş rabitəçilərin cəzasını qismən yüngülləşdirirsə, deməli, hakimiyyətin hansısa xətti ilə razılığa gəlinib:

“Bəli, qanuna görə məhkəmələr müstəqil olmalıdır. Başqa bir problem var, Azərbaycanda bəraət hökmləri ona görə azdır ki, məhkəmələr Vergilər Nazirliyinin, DİN-in, prokurorluğun, DTX-nin notarius rolunu oynayır. Çox nadir hallarda məhkəmələr müstəqilliklərini göstərir. Bəzən hakimlər polisin hansısa təqsirləndirilənə 15 gün həbs cəzası təqdimatına 10 gün həbs cəzası verəndə sevinirlər. Azərbaycanda qanunun aliliyinə hörmət qalsaydı, Bakı Apelyasiya Məhkəməsinin Vidadi Zeynalov haqda 7 noyabr qərarına təəccüblənməzdim. Mən məhkəmənin qərarını təftiş edə bilmərəm, ancaq qərarın siyasi yox, hüquqi əsaslandırması olsaydı, alqışlayardım”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin etməklə şərti cəza seçmişdi. Onlar məhkəmə zalından azadlığa buraxıldılar.

Təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhlab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdi. 




Loading...


loading...
Loading...
loading...