Əfv komissiyasının üzvünün həbsdə olan ailə dostu əfvlə azadlığa çıxacağını bəyan edir

Əfv komissiyasının üzvünün həbsdə olan ailə dostu əfvlə azadlığa çıxacağını bəyan edir

Əfv komissiyası üzvü olan depuatın oğlunun şərikinə 4 vəkil tutublar

Deputat, Əfv Komissiyasnın üzvü Elmira Axundova oğlu Həbib Axundovun dostu və biznes şəriki Elnur İbrahimova 4 vəkil tutublar. Elnur İbrahimov tezliklə əfvlə azadlığa çıxacağından danışır. Bu haqda AzEuroNews.coma  daxil olan məlumatda deyilir ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Elnur İbrahimovun yanına hər gün bir vəkil gedir. Hazırda barəsində Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq)maddəsi ilə cinayət işi aparılan Elnur Rauf oğlu İbrahimov Həbib Axundovu yaxın ailəvi dostu və biznes ortağı olaraq iş qurmaq adı ilə vətəndaşlardan pul toplayıb. Bildirib ki, aldığı pullarla Dubaydan Azərbaycana dəftərxana malları gətirib müxtəlif dövlət qurumlarına satacaqlar. Və əldə edilən gəlirdən biznes ortaqlarına şirkətə qoyduqları pullara görə dividend veriləcək. 2-3 aylıq dividend verilişi sonradan dayandırılıb. Məlum olub ki, deputat oğlunun dostu və biznes ortağı Dubaydan heç bir dəftərxana malları gətirmir. Bu sadəcə çoxlu pul toplamaq üçün uydurulmuş bir əfsanə olub. Şirkətdən dividend olaraq verilən pullar da elə bu adla vətəndaşlardan toplanılan vəsaitlərdən verilib. İş üzrə aldadılan şəxslər bu məsələdən agah olandan sonra Elnur İbrahimovu hüquq mühafizə orqanına təhvil vermək qərarına gəliblər.

Buna da bax: Həbib Axundovun dostu əli qandallı Azərbaycana gətirildi - VİDEO

Deputat Elmira Axundova

Deputat Elmira Axundova

Məsələyə deputat Elmira Axundova qarışıb.  2013-cü ilin avqustun 5-dəElnur İbrahimov Həbib Axundovun müşayəti ilə Qəbələyə aparılıb. Həmin gün orada yerləşən “Qafqaz resort” oteldə düzənlənən tədbirə qatılan Elmira Axundova Elnur İbrahimovla görüşüb. Bundan sonra aldadılan şəxslərə deputat vəd edib ki, hər kəsin pulları geri qaytarılacaq, sadəcə bəzi dəqiqləşdirilmələr aparılmalıdır. 5 gün sonra – avqustun 9-da isə Elnur İbrahimov ölkədən qaçırılıb. Gürcüstana gedən E.İbrahimov oradan Rusiyaya qaçıb. Bu qaçışdan sonra zərərçəkənlər hüquq mühafizə orqanına üz tutmaqla deputat oğlunun ailəvi dostu Elnur İbrahimovun saxlanılaraq istintaqa cəlb edilməsi üçün hərəkətə keçiblər. Lakin 3 ildən bir qədər artıq müddətdə E.İbrahimovun yerini müəyyən etmək mümkün olmayıb. Azərbaycan polisinin Rusiyadan olan həmkarlarına E.İbrahimovun saxlanılması üçün müraciətləri müəmmalı şəkildə təmin olunmayıb. E.İbrahimovun Rusiya ərazisinə keçirilməsi haqda sorğulara cavab olaraq bildirilib ki, E.İbrahimov Rusiya ərazisinə keçməyib. Gürcüstan hüquq-mühafizə orqanlarından isə qeydiyyat sənədlərinə əsasən belə cavab verilib ki, Elnur İbrahimov Gürcüstandan Rusiyaya keçib. İş üzrə zərərçəkənlər yorulmadan hüquq-mühafizə orqanlarına müraciət etdikləri bir vaxtda deputat və oğlu onlara qarşı məhkəmələrdə iddialar qaldırıb, hüquq mühafizə orqanlarına müraciətlər ediblər. Ən sonda isə Həbib Axundov da hüquq mühafizə orqanlarına müraciət edərək Elnur İbrahimovdan şikayət edib.

Zərərçəkənlər hesab edirlər ki, Həbib Axundovun Elnur İbrahimovdan şikayəti formal xarakter daşıyır və “görürsüz, mən də zərərçəkənəm” fikririnin formalaşdırılmasına xidmət edir. Axundov ailəsinin ətrafında baş verən bu dələduzluq işindən əvvəl Elnur İbrahimov Həbib Axundov, onun anası deputat Elmira Axundova ilə çox yaxşı münasibətlərdə olub. Ailənin bütün tədbirlərində E.İbrahimov məclisin yuxarı başına keçirilib, deputat onun iştirakı ilə rəqs etməyi xüsusi olaraq xoşlayıb. Bunu sübut edən video da var.

Elnur İbrahimov

Elnur İbrahimov

E.İbrahimovun qurduğu psevdo-biznesin labüd çöküşündən sonra Elmira Axundovanın məsələyə qarışması da təsadüfi deyil. Onun zərəçəkənlərə qarşı məhkəmə davalarını da sıradan bir hal hesab etmək olmaz.  Elmira Axundova zərərçəkənlərin tərəfindən olmaqdansa, əks tərəfdən çıxış edir. Oğlu Elnur İbrahimovun ölkədən qaçırılmasından 1 il sonra zərərçəkən kimi tanınmaq üçün müraciət edib. Bu günə qədər bu ləngimənin səbəbini izah etmirlər. E.İbrahimovun yaxın ətrafı deyir ki, onu məhkəməyə çıxarıb iş verəcəklər, amma 1-2 ilə əfv fərmanı ilə azad olunacaq. Maraqlıdır ki, zərərçəkənlərə qarşı məhkəmə davaları açan deputat, Əfv Komissiyasının üzvü Elmira Axundovanın oğlu Həbib Axundov zərərçəkən kimi tanınsa da, Elnur İbrahimovun həbs olunub ölkəyə gətirilməsi üçün də heç bir addım atmayıblar.

elnur ibrahimov interpol

Zərərçəkənlər  Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov 2016-cı ildə Həbib Axundov barəsində bir sıra dələduzluq ittihamları ilə çıxış etmişdilər. Həmin çıxışda deyilirdi:

“Bildiririk ki, Həbib Axundov yaxın ailəvi dostu və biznes ortağı olan, hal-hazırda barəsində AR DİN-nin Baş Polis İdarəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi aparılan İbrahimov Elnur Rauf oğlu ilə birgə Fərman Məmmədovdan 575 min manat borc pul almış (deputat Elmira Axundova bu puldan şikayətlər verildikdən və bu barədə aralarında mübahisələr başlandığı ilk vaxtlarda Fərman Məmmədova şəxsən 250 min manat qaytarmışdır), Elvin Vəliyevdən 132 min manat, Elvin Vəliyev vasitəsilə Şahin Məhərrəmovdan 70 min manat, Fərhad Ağayevdən 115 min manat, Ziya Vəliyevdən isə 205 min manat, ümumilikdə 1 milyon 097000 manat, o cümlədən bu gün vəzifədə işləyən, lakin işinin itirilməsindən qorxan onlarla şəxslərdən külli miqdarda (məbləği 10 milyonlarla ölçülən, həmin şəxslər sadəcə şikayət etməkdən çəkinirlər) pullar alaraq mənimsəyiblər. Bu günədək həmin məbləğlərin Fərman Məmmədova qaytarılan 250 min manat hissəsi istisna olmaqla qalan pullar qaytarılmayıb.

Həbib Axundov

Həbib Axundov

Göstərilən pulları Həbib Axundov və Elnur İbrahimov bizdən birgə biznes qurmaq adı ilə, yəni ofis ləvazimatlarının ölkəyə gətirilməsi və satışı məqsədilə alıb. Həbib Axundov bu məbləğləri alarkən anası Elmira Axundova tərəfindən göstəriləcək dəstək nəticəsində bütün dövlət qurumlarına, özəl şirkətlərə və ədliyyə- məhkəmə sisteminə tenderlərlə əldə edəcəyi layihələrdən istifadə etməklə çoxlu qazanc əldə edəcəyi barədə şirnikləndirici təklifləri ilə həyata keçirib.Bizim inam və etibarımızdan sui-istifadə edərək aldıqları külli miqdarda vəsait hesabına özlərinə cah-cəllalı şərait qurmaları, daşınan və daşınmaz əmlaklar əldə etmələri o cümlədən öz adlarına “Abşeron” Mənzil-Tikinti Kooperativindən Elmira Axundova və oğlu Həbib Axundovun bir müddət əvvəl şəhərin mərkəzində, çox bahalı “Port Baku Residense”də dəyəri hər kv.m təxminən 4000-4500 manat olan və ümumi dəyəri 1 665 000 (təmirsiz vəziyətdə) 2 mənzil və avtomobil üçün dayanacaqları ilə birlikdə almaları barədə müraciətlərimizə Elmira Axundova tərəfindən cavab verilib”.

Zərərçəkənlər qeyd edirdilər ki, Elmira Axundova bildirir ki, oğlu Həbib Axundov 12 ildir ki, biznes fəaliyyəti ilə məşğuldur və bu biznesindən külli miqdarda pullar qazanır.Həbib Axundov 1985-ci il təvəllüdlüdür, 12 il ərzində biznes fəaliyyətini nəzərə alsaq, həmin dövr 2003-2015-ci illəri əhatə edir. Həbib Axundovun 01.12.2006-cı ildən 01.07.2015-ci ilədək Dövlət Gömrük Komitəsində işlədiyini və hər ay 486 manat əmək haqqı aldığını nəzərə alsaq, Elmira Axundovanın istinad etdiyi “biznes şəbəkəsinin” nədən ibarət olduğu hamıya gün kimi aydındır. Bir faktı qeyd etməliyik ki, Dövlət Gömrük Komitəsinin (bu qalmaqallı dələduzluq işi ortaya çıxandan sonra işdən çıxarılıb)əməkdaşının biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağan edilir”.

Zərərçəkənlər həmçinin çox maraqlı bir detala da toxunmuşdular. Deputat özünün və oğlunun adı bu məsələ ilə bağlı mətbuatda hallanandan sonra demişdi ki,  Elnur İbrahimov beynəlxalq axtarışa verilib və zərərçəkənlərin ittihamları əbəsdir, o əslində istintaqa mane olmur.

Zərərçəkənlər isə deputatın sözlərinin doğru olmadığını sübutla ortaya qoymuşdular: “Həm Elmira Axundovanın və həm də sizlərin nəzərinizə çatdırıram ki, AR Daxili İşlər Nazirliyinin İNTERPOL-un Milli Mərkəzi bürosunun 2016-cı ilin fevral ayı ərzində rəsmi məktubuna əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən İbrahimov Elnur Rauf oğlu İNTERPOL kanalları ilə axtarış olunmayıb. Budurmu Elmira Axundovanın cəmiyyəti inandırmağa çalışması və cəmiyyəti çaşdırması? Bir sözlə “qəhrəman” İbrahimov Elnur Rauf oğlu hələ də havadarları tərəfindən ciddi cəhdlə qorunur”.

Deputat Elmira Axndovanın diqqətinə bir məsələni də çatdırmışdılar: “Millət vəkilinin diqqətinə çatdırırıq ki, DİN-nin Baş Polis İdarəsində Elnur İbrahimovun barəsində aparılan cinayət işi üzrə biz hamımız zərərçəkənlər qismində tanınmışıq. Lakin, nədənsə Həbib Axundov Elnur İbrahimovun tezliklə tapılıb istintaq orqanına təqdim edilməsi əvəzinə bizi məhkəmələrlə, son dövrlər isə bizim barəmizdə cinayət işinin qaldırılmasına çalışacağını bildirməklə zərərçəkən kimi bizim deyil, barəsində AR CM-nin 178-ci maddəsi ilə cinayət işi aparılan Elnur İbrahimovun “himayədarı” yerində çıxış edir”.

Qeyd edək ki, E.İbrahimov 4 il sonra Moskvada tutularaq bu il noyabrın 19-da Bakıya gətirilib. Hazırda iş üzrə istintaq davam etdirilir.




Loading...

Loading...

Oxşar xəbərlər