''Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağa götürülməlidir''

''Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağa götürülməlidir''

BMT-nin xüsusi məruzəçiləri Azərbaycan hökumətinə çağırış edib

“Azərbaycan hakimiyyəti araşırmaçı jurnalist Xədicə İsmayılın xaricə səfərlərinə qoyulmuş qadağanı ləğv etməli və ölkədə media azadlığını gücləndirməlidir”. 

Bu bəyanatla BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçisi Devid Kaye (David Kaye) və hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst (Michel Forst) çıxış ediblər. 

“Turan”-ın məlumatına görə, dekabrın 5-də yayımlanmış birgə bəyanatda bildirilir ki, X.İsmayıl bir sıra beynəlxalq mükafatlara layiq görülüb, amma mükafatlandırma mərasimlərində iştirak edə bilməyib. “Bu qadağa jurnalistin ifadə azadlığını pozur və bunun məqsədi jurnalistin xaricdə insan hüquqları haqqında danışmasına mane olmaqdan ibarətdir. X.İsmayıl qadağanın ləğv edilməsi üçün dəfələrlə məhkəmələrə müraciət edib, amma bu müraciətlər nəticə verməyib.

Hakimiyyətin xanım İsmayıl qarşı hərəkətləri hüquq çərçivəsini aşır. Bu, onun işinə və ölkədə müstəqil jurnalistikaya zərbə vurur" - bəyanatda vurğulanır.

X.İsmayıl 2014-cü ilin dekabrında həbs edilib, 2015-ci ilin sentyabrında isə o, iqtisadi ittihamlarla 7,5 il müddətinə azadlıqdan məhrum edilib. İsmayıl ittihamları rədd edir. Beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.

Beynəlxalq ictimaiyyətin təzyiqi altında 2016-cı ilin mayında Ali Məhkəmə real azadlıqdan məhrumetmə müddətini beş il sınaq müddəti olmaqla, 3.5 il şərti cəza ilə əvəz edib. Bundan sonra o, peşə fəaliyyəti ilə əlaqədar ölkədən çıxmaq üçün dəfələrlə məhkəmələrə müraciət edib, amma imtina cavabı alıb.

Jurnalist bu il sentyabrın 26-da "Nobel mükafatına alternativ" "Dürüst Həyat" mükafatı alıb. Mükafat X.İsmayıla "cəsarət və sədaqətinə, yüksək çinli məmurların korrupsiyasını aşkara çıxaran yazılarına görə" verilib. 

315 min avroluq mükafat Xədicə, Hindistandan olan insan haqları üzrə hüquqşünas Colin Gonsalves və Efiopiyayadan olan fəal Yetnebersh Nigussie arasında bərabər bölünəcək.

Dekabrın 1-də İsveç parlamentində “Dürüst həyat” mükafatının (Right Livelihood) laureatları ilə seminar keçirilib. Ölkədən çıxışına qadağa qoyulan jurnalist seminara internet vasitəsilə qatılıb.




Loading...

Loading...

Oxşar xəbərlər