Xanım deputat azərbaycanlıları qul adlandırdı

Xanım deputat azərbaycanlıları qul adlandırdı

Rusiya Dövlət Qulluğu və Xalq Təsərrüfatı Akademiyası ölkədə yaşayan əmək miqrantlarının sayını açıqlayıb. “Miqrasiya və əmək bazarı” adlı hesabatda 2017-ci il 1 yanvar tarixi üçün Rusiyada 555 min Azərbaycan vətəndaşının əmək miqrantı kimi fəaliyyətdə olduğu göstərilib. Bu göstəricinin 2016-cı ilin analoji dövründə 40 min az – 515 min olduğu da qeyd edilib.

Bu baxımdan maraqlıdır, Rusiyaya üz tutan azərbaycanlıların sayı nə üçün artıb?

Məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova Modern.az-a açıqlama verib:

“Bilirsiniz, mən Masallı rayonundan seçilən deputatam. Masallı rayonunda gənclərin yarısı Rusiyaya üz tutub. Burada torpaqların az olmasına baxmayaraq, keçən il 9 min hektar torpaq sahəsi boş və istifadəsiz qalmışdı. Əhali öz torpaqlarında işləmir, amma Rusiya bazarlarında qul kimi işləyir. Halbuki, onlar Rusiyada çətin şəraitdə yaşayır və buna dözürlər. Eyni zamanda, orada soydaşlarımız arasında konfliktlər çox olur, hətta azərbaycanlı azərbaycanlını qətlə yetirir. Təbii, istisna hallar da var. Rusiyada yaşayan və işini quran yaxınlarının, qohumlarının dəvəti ilə ora gedənlər də var. Hətta təsəvvür edin, uzaq şimalda yerləşən, temperaturun mənfi 40 dərəcəyə yaxın olduğu Noyabrsk şəhərində 100 minə yaxın azərbaycanlı yaşayır.
Hazırda Azərbaycanda kifayət qədər iş yerləri var. Cənab prezident bu istiqamətdə ciddi tədbirlər görüb. Bölgələrdə əkinçilik, tərəvəzçilik və bu kimi kənd təsərrüfatı sahələri ilə məşğul olanlara kreditlər, güzəştlər verilir. Təbii, bütün bu tədbirlər əhalinin torpaqda işləməyə həvəsini artırır. Lakin bəzən gənclər çətinlik çəkdiyi, bu cür işləri bacarmadığı üçün çıxış yolunu Rusiya bazarlarına üz tutmaqda görürlər. Bilirsiniz, ticarət bizim qanımızdadır”.

Deputat qeyd edilən azərbaycanlıların miqrant olduğunu düşünmür:

“Ticarətlə müqayisədə torpaqda işləmək nisbətən çətindir və böyük əmək tələb edir. Həmçinin əldə edilən gəlir də çox deyil. Lakin nəzərə almaq lazımdır ki, bu iş uzunmüddətlidir. Düzdür, ticarət gəlirli sahədir və azərbaycanlılar da bunun öhdəsindən çox gözəl gəlirlər. Rusiyada demək olar ki, ticarətçilər yoxdur. Bu səbəbdən həmin sahədə mövqeyimiz güclüdür.

Lakin qeyd edilən azərbaycanlıların miqrant olduğuna inanmıram. Rusiyaya gedən vətəndaşlarımız həmişəlik getmir, müvəqqəti iş üçün ora üz tuturlar. Təbii, sərhəddi keçən zaman istər-istəməz bu, qeyd olunur. Bu baxımdan ola bilər ki, Rusiyaya gedən azərbaycanlıların sayında artım müşahidə edilsin. Amma onların həqiqi mənada miqrant olduğunu deyə bilmərik.

Əlbəttə, soydaşlarımızın Rusiyaya meylli olmasını istəmirik. Onlar öz torpaqlarında işləməli, öz vətənlərində yaşamalıdırlar. Bizim kəndlərimiz boş qalmamalı, qadınlarımız təkbaşına övladlarını böyütməməlidir. Bütün bunlar qeyri-normal haldır”.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər